Xəbəraz

“Azəriqaz” terminallardan onlayn ödənişin vaxtını açıqladı

“Azəriqaz” terminallardan onlayn ödənişin vaxtını açıqladı

NFC təminatı olan telefonlar vasitəsi ilə Gallus Pay sayğaclarına onlayn ödəniş etmək mümkün olacaq.

Xeberaz.org xəbər verir ki, bunu Azəriqaz İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyasında deyib.

Şöbə rəisi bu ödənişlərin ilkin olaraq “eManat” terminallarında mümkün olacağını qeyd edib:

“Heç bir fors-major hal baş verməsə, 10-15 gün ərzində əvvəlcədən ödənişli Zenner tipli sayğacların da onlayn ödənişi mümkün olacaq. Abonent məmnunluğu bizim üçün çox önəmlidir”.

Birliyin 104 Operativ Xidmət şöbəsinin rəisi Xalidə Şimşək əvvəlcədən ödənişli (smart-kart tipli) sayğacların balansını artıran zaman yaranan “yalançı məbləğlərlə” bağlı məsələyə aydınlıq gətirib. Şöbə rəisi sözügedən yalançı məbləğlərin yaranmasını ödəniş terminalında yükləmə aparılan zaman internet əlaqələrinin ani olaraq kəsilməsi nəticəsində baş verdiyini qeyd edib. Onun sözlərinə görə, bu halda informasiya karta tam köçürülmür. Bu səbəbdən də kartı sayğaca daxil etdikdə yükləmə zamanı problem yaranır. Şöbə rəisi sözügedən problemin həm terminal, həm də Birlik tərəfindən aradan qaldırılmasının mümkün olduğunu bildirib.

Qeyd edək ki, keçirilən görüş Birliyin rəsmi Feysbuk səhifəsində canlı yayımlandığından vətəndaşlara qaz təchizatına dair suallarına cavab tapmaq imkanı da yaradır. Həmçinin hər bir media və QHT nümayəndəsi hər həftənin cümə günü keçirilən aksiyaya dəvətlidir.