Xəbəraz

Rus ordusu öz bazasını qəsdən vurub? – Sensasion iddia

  • 01 Aprel 2022
  • 41 baxış.
Rus ordusu öz bazasını qəsdən vurub? – Sensasion iddia

Rusiya Ukrayna ilə sərhəddə yerləşən Belqorod şəhərindəki neft bazasının Ukrayna ordusu tərəfindən vurulduğunu bildirsə də, Ukrayna SQ hələlik hər hansı açıqlama verməyib.

Xeberaz.org xəbər verir ki, Ukrayna mediası rəsmi təsdiq olmadığı üçün zərbənin ukraynalılar tərəfindən endirildiyini birmənalı olaraq bildirmirlər. Olayla bağlı bütün təfərrüat – helikopterlərin zərbə endirmə anı, zərbədən sonra helikopterlərin geriyə uçması, şahidlərin danışdırılması – hamısı rus mediası tərəfindən tirajlanır.

Rusiya rəsmiləri Ukrayna helikopterlərinin HHM sistemlərindən yayınma səbəbini alçaqdan uçması ilə əlaqələndiriblər. Bildirilir ki, 50 m və daha yüksəyə köklənən, xüsusi hərbi əməliyyata görə Ukrayna hava məkanına istiqamətlənən rus HHM sistemləri bu cür alçaqlıqdan helikopterlərin sıza biləcəyini “nəzərə almayıb”.

Bu isə ciddi müzakirələrə səbəb olub. Rusiyalı bəzi mütəxəssislər də daxil olmaqla, əksəriyyət Ukrayna helikopterlərinin Rusiya ilə sərhədə qədər gözə görünmədən uçub gəlməsini ağlabatan saymır. Çünki Belqorodun yerləşdiyi (Xarkovdan şimala doğru) ərazidə sərhəd boyunca Ukrayna torpaqlarının əhəmiyyətli hissəsi rus ordusunun nəzarəti altındadır.

Buna görə də hazırda 3 variant səsləndirilir:

1. Ukrayna ordusu doğrudan da hücumu bacarıb.

Bu versiya Rusiya kimi dünyanın ən qüdrətli ordularından birinə və güclü müdafiə silahlarına sahib dövlət üçün ciddi siqnal kimi qəbul edilir. Ekspertlərin fikrincə, bu, Rusiya ordusundakı ciddi boşluğu göstərir və hesab edirlər ki, Ukrayna ordusu bu faktdan bəhrələnə bilər.

2. Ukrayna haker qrupu Rusiya helikopterlərinin sisteminə daxil olub, pilotları yanıldıblar və onlar Belqorodu Ukrayna ərazisi sayıblar.

3. Rusiya qəsdən öz neftbazasına zərbə endirib. Məqsəd isə Rusiya əhalisində müharibənin öz ərazisinə keçmək ehtimalının qaldığını göstərmək, buna görə də Ukraynada savaşa cəlb edilənlərin “öz evlərini qoruyurmuş kimi” savaşmasını təmin etmək, aqressiyanı artırmaqdır.

Belqorodda neft bazasına zərbə zamanı mülki əhali arasında itkinin olmaması da diqqət çəkib. Bu, Ukraynanın işidirsə, demək, əməliyyat zərgər dəqiqliyi ilə hazırlanıb, mülki əhaliyə ziyan verilməyib.

Əgər Rusiya özü qəsdən öz bazasını vurubsa, onda itkilərin olmamasının qayğısına özü qalıb…