Xəbəraz

2003-2018-ci illərdə böyük idman uğurları əldə olunmuşdur

  • 04 Aprel 2022
  • 599 baxış.
2003-2018-ci illərdə böyük idman uğurları əldə olunmuşdur

2003-2018-ci illərdə böyük idman uğurları əldə olunmuşdur.

2015-ci ildə ilk Avropa Oyunlarının paytaxtımızda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi təsadüfi olmamışdır. Belə ki, “Bakı-2015” ilk Avropa Oyunları idman tarixində yeni maraqlı səhifə açmışdır. Bu, həmçinin növbəti Oyunlara bələdçi hadisə olmuş və Avropa Oyunlarının standartları məhz Bakıda müəyyənləşdirilmişdir. Çox qısa müddətdə yüksək səviyyədə görülən işlər bir daha təsdiqləyir ki, ilk Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmizdə Olimpiya Hərəkatına verilən dəyərin təzahürü olmuşdur. Bu hadisə həm də Azərbaycanda idman sahəsində yaşanan inkişaf proseslərinə beynəlxalq miqyasda göstərilən marağın nümunəsidir. Eyni zamanda, bu Oyunlar Azərbaycanın mədəniyyətinin, zəngin multikulturalizm ənənələrinin, turizm imkanlarının, həmçinin Azərbaycan brendi olan məhsulların təbliği baxımından da çox faydalı olmuşdur. Tarixdə ilk dəfə Azərbaycanda keçirilmiş birinci Avropa Oyunları uğurlu olmuş və ölkəmizin idman tarixində şanlı səhifə olmaqla yanaşı, bu mühüm tədbir Avropanın idman tarixində də layiqli yer tutaraq öz möhtəşəmliyi ilə yaddaşlarda qalmış, xalqlar arasında mühüm dostluq və tərəfdaşlıq tədbirinə çevrilmişdir. Bununla yanaşı, Azərbaycan artıq istənilən səviyyədə idman yarışlarını qəbul etmək və layiqli şəkildə keçirmək imkanı əldə etmişdir. 2017-ci ilin may ayında Bakı şəhəri İslam Həmrəyliyi Oyunlarına da ev sahibliyi etmişdir. İki il ərzində hər iki mühüm idman tədbirinin Azərbaycanda keçirilməsi rəmzi məna daşıyan nadir tarixi hadisə olmaqla yanaşı, həm də Asiya ilə Avropa arasında körpü rolunu oynayan ölkəmizin sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına verdiyi böyük töhfədir. Ümumiyyətlə, Birinci Avropa Oyunları zamanı Azərbaycan 56 medal qazanaraq ikinci olmuşdur. Bundan sonra, 2016-cı il Rio Yay Olimpiya Oyunlarında 18 medal qazanılmışdır ki, Azərbaycan medalların sayına görə dünya miqyasında 14-cü, Avropada 7-ci, postsovet məkanında Rusiyadan sonra ikinci, müsəlman aləmində isə birinci yerdə olmuşdur. Nəhayət, IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançıları yarışları birinci pillədə başa vuraraq hamıdan çox – 162 medal qazanmışdılar.

Elvin Xəlilov-Əlvənd kənd tam orta məktəbin direktoru