Xəbəraz

Xalqın mütləq əksəriyyətinin dəstəyini qazanmış Prezident

Xalqın mütləq əksəriyyətinin dəstəyini qazanmış Prezident

Xalqın mütləq əksəriyyətinin dəstəyini qazanmış Prezident.

Ümummilli liderin layiqli davamçısı olan İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən ötən 19 ildə ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atıb, dövlətçiliyimiz, siyasi və iqtisadi müstəqilliyimiz daha da güclənib, ölkənin davamlı və dayanıqlı inkişafı, sürətlə modernləşməsi təmin edilib, Azərbaycan inkişaf edən ölkələr sırasında layiqli yer tutub.
Prezident İlham Əliyevin rəhbərliyi ilə görülmüş genişmiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində hazırda Azərbaycan siyasi və iqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü, mühüm tranzit qovşağıdır.
“Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”. Möhtərəm Prezident İlham Əliyevin dilindən dəfələrlə səslənən bu fikir ölkəmizdə həyata keçirilən sosial siyasətin mahiyyətini çox dəqiq ifadə edir. Azərbaycanda görülən bütün işlər, əldə olunan nailiyyətlər ölkə vətəndaşları, onların ali mənafeyi üçündür. Azərbaycan xalqı əmindir ki, cənab İlham Əliyevin Prezident kimi fəaliyyətinin qayəsini “xalqa ləyaqətlə xidmət etmək” prinsipi təşkil edir.
Ötən illər ərzində  Azərbaycanın iqtisadi imkanlarının genişlənməsi və iqtisadi qüdrətinin artması daha səmərəli və çoxşaxəli sosial müdafiə tədbirlərinin həyata keçirilməsinə imkan vermişdir. Məqsədyönlü sosial tədbirlər nəticəsində əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, rifah halının yüksəlməsinə xidmət edən, vətəndaşların ali mənafeyinin üstün tutulduğu uğurlu sosial dövlət modeli formalaşdırılmış, işsizliyin və yoxsulluğun səviyyəsinin aşağı salınmasına nail olunmuş, əməkhaqları, pensiya və təqaüdlər əsaslı şəkildə artırılmışdır
2018-ci ilin aprelin 11-də keçirilən  prezident seçkilərində yenidən xalqın etimadını qazanan dövlətimizin başçısı İlham Əliyev andiçmə mərasimində ölkə həyatının bütün sahələrini əhatə edəcək dərin islahatların anonsunu vermişdi. Ötən dörd il Prezident İlham Əliyevin “Bizim sözümüz imzamız qədər keçərlidir” fikrinin həyatda növbəti dəfə əyani təsdiqini tapdığını göstərdi.
Müstəqilliyini günbəgün, ilbəil möhkəmləndirən Azərbaycan dövlətinin tarixində Prezident İlham Əliyevin qızıl hərflərlə yazdığı şanlı səhifələrin sayı getdikcə artır. Dövlətimizin başçısı yurdumuzun işğaldan tam azad edilməsi, ölkəmizin iqtisadi və hərbi qüdrətinin, beynəlxalq nüfuzunun gücləndirilməsi yolunda böyük inam və qətiyyətlə çalışdı, nəhayət, Azərbaycan bayrağının 30 ildən sonra Qarabağda, Şərqi Zəngəzurda yenidən dalğalanmasına nail oldu. Hazırda isə Böyük Qayıdışın reallaşması üçün eyni qətiyyəti və əzmkarlığı göstərir. Görülən bütün işlər Azərbaycan xalqının, Azərbaycan vətəndaşının daha xoş güzəranını qurmaq, sabahını daha gözəl və xoşbəxt etmək məqsədi daşıyır. Vətəndaşlar da öz növbəsində Prezidentinə qəlbən inanır, taleyini ona etibar edir, ona güvənir, harada, hansı ölkədə yaşamasından asılı olmayaraq, öz liderinin dəstəyini, gücünü hiss edir və bundan qürur duyurlar.
Ağayev İradə Qurban qızı
Saatlı Dövlət Rəsm Qalereyasının əməkdaşı