Xəbəraz

Avropa İttifaqı Prezident İlham Əliyevin regional liderliyini qəbul edir

Avropa İttifaqı Prezident İlham Əliyevin regional liderliyini qəbul edir

Avropa İttifaqı Prezident İlham Əliyevin regional liderliyini qəbul edir.

Avropa İttifaqının Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dəstək göstərməyə hazır olduqlarını bildirmələri, həmçinin, bu məqsədlə görüşlərin keçirilməsində təşəbbüskar kimi çıxış etmələri də diplomatik uğurlarımızın bariz nümunəsidir. 2021-ci ilin Moskva və Soçi görüşlərinin ardınca Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin görüşünün təşkil olunması Brüssel sülh gündəliyinin əsasını qoydu. Qazanılan uğurlu nəticələr Prezidentimiz cənab İlham Əliyevin dünyada böyük nüfuzunun göstəricisi, Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasətin növbəti uğurları kimi dəyərləndirilir. Aprelin 6-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin, Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın 4 saat yarımdan artıq davam edən görüşlərinin nəticəsi olaraq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması barədə qərar qəbul olundu. Bu sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür. Sənəddə diqqət çəkən məqamlardan biri də “Dağlıq Qarabağ” ifadəsi və ya keçmişin qalığı olan ATƏT-in Minsk qrupunun həmsədrlik institutina istinadın olmamasıdır. Artıq Dağlıq Qarabağ münaqişəsinin tarixə qovuşduğunu, yeni səhifənin açıldığını, bu günün əsas tələbinin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması olduğunu dünya gücləri də etiraf edirlər. Avropa İttifaqı Prezident cənab İlham Əliyevin regional liderliyini qəbul edir, Azərbaycan Prezidenti ilə yaxın təmasları Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında mühüm amil kimi görür. Tarixi Zəfərimizdən sonra dünyanın siyasətində baş verən yeniliklər göz önündədir. Azərbaycanın sözünün imzası qədər əhəmiyyəti özünü daha qabarıq şəkildə büruzə verir. Azərbaycanın ədalətə, beynəlxalq hüquqa əsaslanan müstəqil siyasətinin uğurları davamlıdır və beynəlxalq səviyyədə təqdir edilir.

Zərdab şəhər ümumi orta məktəbin müəllimi- Dəyanət Mehrəliyev