Xəbəraz

Deputatlardan “tədbir görülsün” çağırışı: “İşbazlar əhalinin haqqını yedilər”

Deputatlardan “tədbir görülsün” çağırışı: “İşbazlar əhalinin haqqını yedilər”

Fəzail Ağamalı: “Vətəndaşlara şərait yaradılmalıdır ki, onlar dövlət qayğısının təzahürü olan paylarından istifadə edə bilsinlər”

Məlahət İbrahimqızı: “Çoxlu sayda vətəndaşımıza ziyan dəyib və bu zərər hansısa formada ödənilməlidir”

İkram İsrafil: “Bu tarixi qərarı elan edərək, yüzminlərlə insanın hüquqlarını bərpa edin”

Ölkə vətəndaşlarına miras əmlak payı olaraq təqdim edilən özəlləşdirmə çeklərinin dövriyyəyə buraxılmasından 36 il ötür. 2011-ci ildə tədavül müddəti başa çatan vauçerlər paylanılan zaman bütün dövlət əmlakının 65 faizinin özəlləşdirmə çekləri vasitəsilə aparılması nəzərdə tutulurdu. Qeyd edək ki, bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Əmlak Komitəsinin qərarı ilə bir özəlləşdirmə payının qiyməti 2000 ABŞ dolları həddində müəyyən edilib.

Vauçerlər həm də qiymətli kağızdır. Səhm, qiymətli kağız olaraq səhmdar cəmiyyətin üzvü kimi, dividend almaq və səhmdar cəmiyyətin idarə olunmasında iştirak etmək şəraiti yaradır. Vətəndaşın əldə etdiyi səhm üçün müddət nəzərdə tutulmayıb. Qanunda belə deyilir və bu, o deməkdir ki, özəlləşdirmə çeklərinin tədavül müddəti anlayışı da qanuna ziddir.

Bəzi vətəndaşlar, maariflənmə səviyyəsinin aşağı olması, bir qrup işbazların və məmur oliqraxiyasının bundan öz maraqları naminə sui-istifadə etməsi nəticəsində öz vauçerlərini “qara bazar”da satışa çıxarsalar da, bu gün də çekləri əllərində qalan yüzminlərlə vətəndaş var. Onlar isə səbirsizliklə tarixi ədalətin bərpa olunacağı günü gözləyirlər.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı AYNA-ya açıqlamasında deyib ki, özəlləşdirmə çekləri dövlət qiymətli kağızıdır: “Ötən əsrin 90-cı illərinin sonlarında verilmiş özəlləşdirmə çeklərindən vətəndaşların maraq və mənafeyinə uyğun şəkildə istifadə edilmədi. Məhz elə bu səbəbdən də bəzi vətəndaşlarımız bu vauçerləri satışa çıxardılar. Öz çeklərini başqalarına hədiyyə edənlərlə yanaşı bu gün də özündə saxlayan pay sahibləri var. Bəzi iddialara görə, onların sayı yüzminlərlədir. Lakin bu dəqiq siyahı deyil və bununla bağlı ətraflı araşdırma aparılmalıdır”.

“Çox təəssüf ki, bəzi işbazlar bu prosesdən faydalandılar və vətəndaşların mənafeyi təmin edilmədi. Halbuki bununla bağlı fərmanda onlar əhaliyə miras kimi göstərilirdi. Həmin işbazlar da ayrı-ayrı dövlət müəssisələrində pay sahibinə çevrildilər”, – deyə deputat bildirib.

Onun sözlərinə görə, sonradan özəlləşdirməyə çıxarılan dövlət müəssisələri də ölü vəziyyətindədir: “Demək olar ki, həmin müəssisələr işlək deyil və heç bir gəlir gətirmir. Belə bir vəziyyətdə zərər çəkən əhalinin hüquqlarının qorunmasına ehtiyac var. Düzdür, onların imkanı var idi ki, əllərində olan çekləri zamanında satışa çıxarsınlar. Lakin vətəndaşın özünə məxsus əmlakı satmamaq hüququ da var və buna da hörmətlə yanaşmaq lazımdır. Bütün hallarda vətəndaşlara dəymiş ziyan kompensasiya edilməlidir”.

“Düşünmürəm ki, bu, dövlət büdcəsindən ödənişlər formasında həyata keçirilməlidir. Əslində, heç bunun baş verəcəyinə də inanmıram. Lakin çekləri əllərində qalan vətəndaşların  fayda götürəcəyi bir mexanizm işlənib hazırlanmalıdır. Kimlərin ki çekləri əllərində qalıb, şərait yaradılmalıdır ki, onlar dövlət qayğısının təzahürü olan paylarından istifadə edə bilsinlər. Müvafiq qurumlar iqtisadçı ekspertlərlə birlikdə bu mexanizmi hazırlayıb hökumətə təqdim etməlidirlər”, – deyə Ağamalı vurğulayıb.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini, YAP-çı deputat Məlahət İbrahimqızı AYNA-ya açıqlamasında söyləyib ki, həmkarları dəfələrlə bu mövzunu gündəmə gətiriblər: “Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, eyni zamanda Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc son dəfə bu mövzunu gündəmə gətirdi. Təbii ki, bu, kifayət qədər vacib məsələdir. Bu gün əllərdə yüzminlərlə özəlləşdirmə çekləri qalıbsa, onların taleyinə aydınlıq gətirilməlidir. Bütün hallarda vauçerlər qiymətli kağızdır. Hər bir vətəndaşın problemi qanunvericilik və ölkə qanunları çərçivəsində həll olunmalıdır”.

“İqtisadiyyat Nazirliyi, onun ayrı-ayrı strukturları, Əmlak Məsələləri Dövlət Xidməti və aidiyyəti qurumlar bu problemin həll olunması istiqamətində təkliflər planı təqdim etməlidir. Çünki bu, bilavasitə onların səlahiyyətinə aid olan məsələdir. O cümlədən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində də bu məsələ müzakirə oluna bilər”, – deyə həmsöhbətimiz qeyd edib.

“Mən iqtisadçı olmadığıma görə, bunun necə həll ediləcəyinə dair konkret təkliflər irəli sürə bilmərəm”, – deyən deputat hesab edir ki, müvafiq işçi qrupunun yaradılması məsələsi də gündəmə gətirilə bilər: “Həqiqətən də çox böyük sayda vətəndaşımıza ziyan dəyib və adekvat addımlar atılmasına, onlara dəyən ziyanın ödənilməsinə çox ciddi ehtiyac var. Nəzərə almaq lazımdır ki, bu, sadə məsələ deyil və həll olunması zaman tələb edir. Ola bilər ki, mərhələli şəkildə, yaxud da kompensasiya ödənilməsi formasında bu problem öz həllini tapsın”.

İbrahimqızının fikrincə, bu, müvafiq qurumların, iqtisadçı deputat və ekspertlərin müzakirə edəcəyi bir mövzudur: “Lakin bir deputat kimi bu problemin tezliklə həll olunmasının, təhlil edilməsinin, araşdırılmasının və ardınca konkret addımlar atılmasının tərəfdarıyam. İnanıram ki, bu istiqamətdə də müsbət yeniliklərin şahidi olacağıq. Bütün hallarda hər bir vətəndaşın problemi həll edilməlidir. O cümlədən özəlləşdirmə çekləri əllərində qalan vətəndaşlarımızın”.

Milli Məclisin sabiq üzvü İkram İsrafil də AYNA-ya şərhində özəlləşdirmə çekləri əllərində qalan vətəndaşların hüquqlarının təmin olunsının vacibliyinə diqqət çəkib: “90-cı illərdə bu çeklər paylanılan zaman belə fikirlər səslənirdi ki, hətta işləməyən əhali də bu çeklərdən faydalana biləcək. Yəni, onlar dövlət müəssisələrinin payçıları olaraq müəyyən gəlirlər əldə edəcəklər. Lakin sonradan gördük ki, bunlar hamısı boş və mənasız vədlər imiş. Bu proses bütövlükdə qüsurlu aparıldı və milyonlarla insanın hüquqları pozuldu. Bundan qazanan isə məmur oliqarxlar və işbazlar oldular”.

“2011-ci ildən çeklərin tədavül müddəti başa çatıb. Lakin yüzminlərlə vətəndaş hələ də çekləri əllərində tarixi ədalətin bərpa olunacağı günü gözləyir. Bu gözləntilər özünü doğrultmur və məsələyə məsul dövlət qurumları müddəti yubatmaqla prosesi yarımçıq başa çatdırmaq niyyəti güdür”, – deyə müsahibimiz bildirib.

Keçmiş deputat hökumətə çağırış edib ki, çekləri əllərində qalan vətəndaşların hüquqları bərpa olunsun: “Özəlləşdirmə çekləri dövlət qiymətli kağızıdır və qiymətli kağız dəyərdən düşə bilməz. Bu qanunları qəbul edən də sizsiniz, onlara riayət etməyən də. Bir halda ki, məhz sizin təşəbbüsünüz və iştirakınızla belə bir qanun qəbul edilib, bu halda prosesi sona qədər icra edin. Yəni, imkan yaradın ki, vauçerləri əllərində qalan vətəndaşlar bundan bəhrələn bilsinlər”.

“Koronavirus pandemiyası, qlobal iqtisadi böhran, artan qiymətlər fonunda müflisləşən əhali üçün bu, bayram sevinci olar. Bunu onlardan əsirgəməyin. Nəhayət, bu tarixi qərarı elan edin və yüzminlərlə insanın hüquqlarını bərpa edin. Bu, onların halal haqlarıdır”, – deyə İsrafil fikrini yekunlaşdırıb.

Məlumat üçün qeyd edək ki, özəlləşdirmə çekləri 1997-ci ildə anadan olmuş bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq verilib. Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Çeklərin hər birinin dəyəri eynidir. Qanuna əsasən, özəlləşdiriləcək bütün iri və orta dövlət əmlakının ən azı 65 faizi özəlləşdirmə çekləri ilə əvəzlənməli, özəlləşdirmə prosesi bu şəkildə həyata keçirilməlidir. Hər bir çekin dəyəri isə 1/32 milyonda hissədir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu, o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır.

Əhalinin maarifçilik səviyyəsinin aşağı olması, bəzi işbazların və məmur-oliqarxiyasının prosesin önünə keçməsi nəticə etibarilə bu vəziyyəti şərtləndirdi. Bəziləri vauçerlərini “qara bazar”da satışa çıxarsalar da, ədalətin zəfər çalacağı günü gözləyib bu günə qədər çeklərini qoruyanlar da var. Hansı ki, 2011-ci ildən etibarən bu vauçerlərin tədavül müddəti başa çatıb. Bu xüsusda ölkə ziyalıları, deputatlar, ictimai-siyasi fəallar, iqtisadçılar tədavül müddətinin artırılması, dəymiş zərərin ödənilməsi təşəbbüsü ilə çıxış edirlər.

Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.