Azərbaycan əsgəri düşmənə döyüş meydanında cavab vermişdir

Azərbaycan əsgəri düşmənə döyüş meydanında cavab vermişdir
Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın Zəfəri ilə dünyaya səs saldı. Bu səs münaqişənin hərb yolunun olmadığını bildirən dövlətlərə, eyni zamanda, erməni ordusu barədə «məğlubedilməz» mifi yaradan Ermənistan hakimiyyətinə Azərbaycan Ordusunun nəinki işğalçı dövləti, həmçinin dünyanı hansı reallıqlarla barışmaq məcburiyyətində qoyduğunu nümayiş etdirdi. Dövlətimizin başçısı cənab İlham Əliyev tarixə Müzəffər Sərkərdə, Azərbaycan xalqı ən məğrur, yenilməz xalq, Ordumuz dünyanın ən güclü Ordusu kimi yazıldı. Azərbaycanın döyüş meydanında və diplomatik müstəvidə qazandığı uğurlar, tarixi Zəfər bir daha təsdiqlədi ki, tarixinə sahibi çıxan xalq məğlubedilməzdir. Tarixin yaddaşlığı, zamanın hakimliyi əsasında dünya bir daha bu reallığı qəbul etdi ki, Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir, bir qarış torpağımız belə düşmənə verilməyəcək. Bugünümüzün mənzərəsi budur ki, Azərbaycan yeni reallıqlar yaratdı, qələbə çaldı, düşməni torpaqlarımızdan qovdu. Ermənistanın baş naziri Nikol Paşinyan kapitulyasiya aktına öz imzasını qoyub. Ermənistan çıxılmaz vəziyyətdə qalmışdı, ya tamamilə məhv olacaqdı, ya da sənədi imzalayacaqdı.
44 günlük müharibə, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları Azərbaycanın sözünün imzası qədər əhəmiyyətli olduğunu dünyaya nümayiş etdirdi. Çoxəsrlik tariximizin ən şanlı səhifəsini yazan Ordumuz bir daha sübut etdi ki, yenilməz, məğrur ordu bizim ordudur. Bir sözlə, Qələbəmiz tarixi Qələbədir. Sentyabrın 27-dən başlanan İkinci Qarabağ müharibəsi nəticəsində 300-ə qədər yaşayış məntəqəmiz, 4 qəsəbə, 5 şəhər işğaldan azad edildi. Üç rayonu- Ağdam, Kəlbəcər və Laçını isə düşməni məcbur edərək qaytardıq. Artıq yeni yazılan tariximizdə torpaqlarımızın işğaldan azad olunduğu tarixlər yer alıb. 30 il torpaqlarımızın işğal günləri yaxınlaşdıqca mənəvi sarsıntı keçirir, bu nisgilin nə zaman başa çatacağını gözləyir, içimiz torpaq həsrəti ilə göynəyirdi. Artıq bu sıxıntılar arxada qaldı.
Elvin Xəlilov-Zərdab rayon Əlvənd kənd tam orta məktəbinin direktoru