Diplomatik müstəvidə Azərbaycanın qələbəsi danılmazdır

Diplomatik müstəvidə Azərbaycanın qələbəsi danılmazdır.
Azərbaycanın dünya diplomatiyasında rolu və mövqeyi getdikcə daha da möhkəmlənir. Bu gün Azərbaycan dünyanın lider ölkələri ilə əməkdaşlıq etməklə, dünya arenasında etibarlı və güclü müttəfiq kimi qəbul olunur. Eyni zamanda deyə bilərik ki, rəsmi Bakı həm də qlobal məsələlərin həllinə öz töhfələrini verməklə, dünyanı narahat edən problemlərin həllində yaxından iştirak edir, böyük güclər arasında sülh missiyasını yetirinə yetirir.Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Tərəflər arasındakı görüşü 2021-ci ilin dekabrın 15-ində baş tutan birgə görüşün davamı kimi də qiymətləndirmək olar. Görüş çox vacib idi. Belə təmasların olması sülh quruculuğu üçün önəmlidir. Danışıqların dörd saat davam etməsi də görüşün müzakirələr müstəvisində, prinsipial məsələlərlə bağlı ciddi fikir mübadiləsi ilə keçdiyini göstərir. Brüssel görüşünün nəticəsi olaraq qeyd etmək olar ki, dayanıqlı sülhün əldə olunması üçün vaxt, şərait və əldən verilməyəcək fürsətlər yaranıb. Danışıqlar da, müzakirə predmeti də Azərbaycanın üstünlüyü ilə keçir. Əlbəttə ki, bunun əsas səbəbi 44 günlük Zəfər, dövlətin qurduğu de-fakto, de-yure ittifaqlar, dünyanın mövcud vəziyyətində Azərbaycanın geostrateji mövqeyi və bütün bunları həyata keçirə və təqdim edə bilən siyasi iradədir.
Bütün bunlara diqqət etdikdə, Azərbaycan diplomatiyasının dünyada yeri və rolunun möhkəmləndiyini, regionda söz sahibi olan ölkələrdən birinə çevrildiyini söyləyə bilərik.
Azərbaycan qlobal böhranlar vəziyyətində öz təşəbbüsləri ilə seçilib. Bu fikrimizi əsaslandırmaq üçün bir neçə real nümunəni səsləndirə bilərik. Məsələn, pandemiya dövründə Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatına üzv ölkələrin təmas qrupunun toplantısı keçirildi. Bu toplantı zamanı Azərbaycan Prezidenti cənab İlham Əliyev BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsünü irəli sürdü və qısa zaman kəsiyində dünya ölkələrinin, demək olar ki, hamısı bu təşəbbüsü yekdilliklə dəstəklədilər. BMT fəaliyyətdə olduğu zamanda belə sessiyaların sayı məhdud olub. Bunlardan birinin də Azərbaycan Prezidentinin sayəsində keçirilməsi baş tutdu.
Həqiqətən də, Azərbaycanın vasitəçiliyi sayəsində bu gün dünyanın bütövlükdə geosiyasi mənzərəsinə təsir göstərmək gücündə olan Rusiya-Türkiyə münasibətləri formalaşdı. Göründüyü kimi, Azərbaycanın bu iki ölkə arasında gərginliyin aradan qaldırılmasında oynadığı rol bütövlükdə dünya müstəvisində izini buraxmış oldu.
“Azərbaycanın həm Rusiya, həm Ukrayna ilə əməkdaşlıq, tərəfdaşlıq münasibətləri mövcuddur. Müsbət məqamlardan biri də odur ki, hər iki tərəf Azərbaycana böyük etimad göstərir. Məsələn, Ukrayna prezidentinin görüş yerləri ilə bağlı təkliflər sırasında üstünlük verdiyi şəhərlərdən biri də Bakı idi. Antalya Diplomatik Forumu çərçivəsində tərəflər arasında ilkin də olsa dialoqun formalaşmasında Azərbaycan öz töhfələrini verə bilər
Bütün bunlar göstərir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev dünyanın ən güclü diplomatlarından biridir. Dövlətlərarası münasibətlərin ruhunu, onların inkişaf perspektivlərini olduqca dəqiqliklə görə bilir, müəyyənləşdirir. Buna uyğun dövlətimizin mövqeyini formalaşdırır. Bunun nəticəsidir ki, biz 44 günlük Vətən müharibəsində ciddi siyasi-diplomatik elementlərə söykənən platforma üzərində hərbi qələbəmizi qazandıq.
Qələbəmizin siyasi elementlərini sonrakı mərhələdə gücləndirməyi bacardıq. Azərbaycanın qələbəsi ilə bütün dünya barışmalı oldu, bunu qəbul etdi. Bütün bunlar Azərbaycanın diplomatik gücünün göstəricisi, diplomatik imkanlarının genişliyinə dəlalət edən amillərdir.
XXI əsrin yeni lideri keyfiyyətlərinə malik olan dövlət başçısı 44 günlük müharibədə şanlı Qələbəyə imza atdıqdan sonra Cənubi Qafqazda sülhün və təhlükəsizliyin bərqərar olması istiqamətində mühüm səylər göstərir. Hakimiyyətə gəldiyi gündən etibarən öz ölkəsinin iqtisadi gücünün artırılması, ordu quruculuğu, beynəlxalq aləmdə dəstəyə nail olunması istiqamətində ardıcıl siyasət yürüdən Prezident İlham Əliyev məhz lazım olan məqamda taleyüklü qərar qəbul etdi və qısa müddətdə işğalçı Ermənistanın ordusunu Azərbaycanın əzəli torpaqlarından qovmağa nail oldu”.Prezident İlham Əliyevin görkəmli dövlət xadimi, güclü sərkərdə və böyük diplomatik keyfiyyətləri danılmazdır. Dünyada işğala məruz qalmış bəzi ölkələrdən fərqli olaraq, sonu bilinməyən danışıqlar prosesinin nəticə vermədiyini görən Azərbaycanın dövlət başçısı lazımi məqamda, geosiyasi və regional dəyişikliklər fonunda bütün məsuliyyəti öz üzərinə götürüb və xalqına böyük zəfər yaşadıb.
Budur, uğurlu siyasətin və diplomatiyanın təntənəsi!
Nüşabə Səfərova
Saatlı rayon Cəfərxan kənd tam orta məktəbinin Azərbaycan dili müəllimi