Xəbəraz

Yarışa çıxanda unutmamalıdırlar ki, müzəffər ölkəni və qalib xalqı təmsil edirlər

  • 11 Aprel 2022
  • 1.068 baxış.
Yarışa çıxanda unutmamalıdırlar ki, müzəffər ölkəni və qalib xalqı təmsil edirlər

Yarışa çıxanda unutmamalıdırlar ki, müzəffər ölkəni və qalib xalqı təmsil edirlər

Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, idmanın inkişafı və idman nailiyyətləri təkcə ölkəmizi dünyada təbliğ etmir, gücümüzü göstərmir, eyni zamanda, cəmiyyətdə vətənpərvərlik hisslərini gücləndirir. Dünyaya səs salan tarixi Zəfərimizdə gənclərimizin vətənpərvərlik hissi, torpaq sevgisi böyük rol oynadı. Bu fikir beynəlxalq səviyyədə də qeyd edilir ki, Azərbaycanın tarixi Qələbəsinin əsasında torpaq, Vətən sevgisi dayanır. Bu, qürurvericidir. Bu baxımdan ki, Azərbaycan xalqı tarixinə sahib çıxan xalq olmaqla yanaşı, torpağını sevən, Vətəninin hər daşına, qayasına bağlı olan xalqdır. Tarixi Qələbəmiz bir daha xalqımızın bu keyfiyyətlərini nümayiş etdirdi, məğrurluğumuzu, yenilməzliyimizi təsdiqlədi.

Hər bir millətin, xalqın tanınmasında onun milli-mənəvi dəyərləri, mədəniyyəti, tarixi əsas rol oynayır. Dövlət başçısı İlham Əliyev sözügedən görüşdə bir daha bu çağırışı etdi ki, gənc nəsil mütləq vətənpərvərlik ruhunda, milli ruhda, milli dəyərlər əsasında tərbiyə almalıdır. Azərbaycan dövləti buna nail olmaq üçün bütün imkanlardan istifadə edir. “Vətənpərvərliyi daha da gücləndirən amillərdən biri, əlbəttə ki, tarixi-hərbi Zəfərimizdir və eyni zamanda, idman uğurlarımızdır”,- söyləyən ölkə Prezidenti bu əminliyi də ifadə etmişdir ki, Azərbaycan vətəndaşları – həm idmansevərlər, həm də idmanla o qədər də maraqlanmayan vətəndaşlar həmişə idman arenalarında əldə edilmiş qələbələrin xəbəri gələndə sevinirlər. Çünki gənc nəsil yetişir, onlar Vətəni ləyaqətlə təmsil edirlər. Hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə ölkəmizi gücləndirir. Məhz buna görə bu gün Azərbaycan dünyada sürətlə inkişaf edən ölkə kimi tanınır və dünyada nadir ölkələrdəndir ki, öz taleyini özü həll edir, siyasətini müstəqil şəkildə aparır. Döyüş meydanında, informasiya cəbhəsində Azərbaycanın üstünlüyü böyük uğurumuz, illərin səylərinin, düşünülmüş siyasətin nəticəsidir.

Tarixi Zəfərimiz bizi daha möhtəşəm uğurlara səsləyir. “İki ildən sonra Parisdə Yay Olimpiya Oyunları keçiriləcək. Gələcək yarışlarda da Azərbaycan qalib olacaq. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə dalğalanmasından qürur duyduğumuz üçrəngli bayrağımız yüksəklərə qalxacaq. Dövlət başçısı İlham Əliyev görüşdə bu məqamı da xüsusi qeyd etmişdir ki, qələbədən daha vacib ləyaqətdir. İdman yarışlarında feyr-pley anlayışı unudulmamalıdır və Azərbaycan idmançıları bu prinsiplərə həmişə əməl etməlidirlər.

Prezident İlham Əliyev son 18 ildə Heydər Əliyev siyasətini uğurla davam etdirərək bu hədəfi qarşıya qoyur ki, Azərbaycanın hər sahədə təcrübəsi nümunə olmalıdır. Bunun üçün bütün imkanlar mövcuddur.

 

Səbuhi Kərimov- YAP Zərdab rayon təşkilatının aparat rəhbəri