Xəbəraz

Azərbaycan regionda daha da inkişaf etmiş ölkəyə çevriləcək

Azərbaycan regionda daha da inkişaf etmiş ölkəyə çevriləcək

Azərbaycan regionda daha da inkişaf etmiş ölkəyə çevriləcək.

Aprel müşavirəsi təkcə 2022-ci ilin üç ayının yekunlarına həsr edilmiş müşavirə deyil həm də postmüharibə dövrünün bir illik hesabatı idi. Azərbaycan Prezidenti İlham Əliyev əslində son üç ay da daxil olmaqla postmüharibə dövrünün reallıqlarını həm ölkə daxilində həyata keçirilən sosial-iqtisadi layihələr, ümumi inkişafımız kontekstində həm də xarici siyasət və regional münasibətlər kontekstində kompleks olaraq təqdim etdi. Üzərində durduğu məsələlər isə ayrı-ayrı bloklardan ibarət idi.

Diqqətlə nəzər saldıqda ilk növbədə görürük ki, Prezident əvvəla beynəlxalq məsələlərə nəzər salaraq ərazilərimizin bərpası və böyük qayıdış kontekstində əsas məsələlərdən biri kimi Azərbaycanın yaratdığı yeni reallıqların dünya tərəfindən qəbul edilməsi məsələsini aktuallaşdırdı. Bu özlüyündə olduqca mühüm məsələdir. Çünki böyük qayıdış da ərazilərimizin yenidən bərpası və regionumuzda sülhün bərqərar olması məsələsi də həm də beynəlxalq aləmin baş verən proseslərə münasibəti ilə xeyli dərəcədə əlaqədardır. Ona görə də Prezident İlham Əliyev ilk növbədə dünyanın ən böyük beynəlxalq təşkilatı olan BMT–nin davranışlarına diqqət çəkərək onun Şuşada keçirdiyi tədbiri yüksək qiymətləndirdi. BMT-Azərbaycan münasibətlərinə xüsusilə Şuşada təşkil edilən birgə tədbirə ermənilərin reaksiyasını isterik adlandırdı.

Beynəlxalq təşkilatların postmüharibə reallıqlarını qəbul etmələri kontekstində daha sonra Qoşulmama Hərəkatının, İslam Əməkdaşlığı Təşkilatının, ATƏT-in və nəhayət Avropa İttifaqının münasibətini müsbət xarakterizə etdi. Bu özlüyündə şübhəsiz ki, Azərbaycan xarici siyasətinin müharibə dövründə olduğu kimi postmüharibə dövründə də strateji uğuru kimi qiymətləndirilməlidir. Eyni zamanda şübhəsiz ki, Azərbaycanın beynəlxalq nüfuzu və gücü sayəsində artıq yeni reallığın dünya tərəfindən qəbul edilməsi hadisəsidir. Bu mühüm tarixi -strateji uğurdur.

Dövlətimizin başçısı Azərbaycanın regiona gətirdiyi reallıqlara da toxundu. Biz, həqiqətən də, bu reallıqların dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən qəbul olunduğunu görürük. Onlar bu vəziyyətin sülh və təhlükəsizliyə əsaslandığını dərindən dərk edir və region ölkələri arasında bütün sahələrdə, o cümlədən iqtisadi əməkdaşlıqda əhəmiyyətini anlayırlar. Bu məsələ, təbii ki, Ermənistan tərəfinə də aydındır. İşğal siyasəti nəticəsində düşdükləri bataqlıqdan yeganə çıxış yolu region ölkələri ilə əməkdaşlıqdan keçir. Bunun üçün qalib ölkənin – Azərbaycanın müəyyən etdiyi reallıqları və təklif etdiyi 5 prinsipi qəbul etmək lazımdır. Azərbaycan Ordusunun müasirləşdirilməsi və daha da gücləndirilməsi istiqamətində də müvafiq tədbirlər görülür. Bu məsələdən danışarkən dövlətimizin başçısı bir daha qeyd etdi ki, hərbi məsələlərin həlli üçün nə qədər vəsait lazımdırsa, o qədər də ayrılacaq. Bu, onu təsdiqləyir ki, ölkəmiz bundan sonra da müdafiə qüdrətini artıracaq. Beynəlxalq məsələlərə toxunan Prezident İlham Əliyev bir məsələni də xüsusi vurğuladı ki, ATƏT-in Minsk qrupu de-fakto etibarsızıdır, qeyri-funksionaldır. Yəni bu qurum fəaliyyət göstərdiyi 28 il müddətində sıfır nəticə göstərdiyi kimi bu gün də faktiki olaraq fəaliyyətsizdir. Çünki onun fəaliyyətinin predmeti artıq yoxdur. Ona görə də Prezident İlham Əliyev ATƏT-ə maraqlı çağırış edərək bildirdi ki, bu təşkilat ictimai diplomatiyanı canlandıraraq regionda etimad mühitinin yaradılması ilə məşğul ola bilər. Avropa İttifaqının mövqeyinə gəldikdə isə, Prezident İlham Əliyev bu mühüm qurumun aprel ayının 6-da təşkil etdiyi üçtərəfli görüşdə Ermənistanın Azərbaycanın irəli sürdüyü 5 baza prinsipini qəbul etdiyini bildirdi. Bu, olduqca mühüm hadisədir və regionda sülhlə bağlı proseslərin başlanğıcı kimi də qiymətləndirilə bilər.

 

Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru