Xəbəraz

Bölgədə sülhün bərqərar olunması üçün Ermənistanın silahlanmasına son qoyulmalıdır

Bölgədə sülhün bərqərar olunması üçün Ermənistanın silahlanmasına son qoyulmalıdır

Bölgədə sülhün bərqərar olunması üçün Ermənistanın silahlanmasına son qoyulmalıdır.

Aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilmişdir. Müşavirədə Prezidentimiz cənab İlham Əliyev tərəfindən ölkənin iqtisadi – siyasi, mədəni və sosial həyat sahələri, müharibə və postmüharibə dövrləri, eləcədə gələcəkdə görüləcək işlər haqqında ətraflı müzakirələr aparılmışdır.Qeyd olunan məsələlərdən biri də bundan ibarətdir ki, artıq müharibə başa çatıb və bölgədə sülhün bərqərar olunması üçün Ermənistanın silahlanmasına son qoyulmalıdır. Artıq hər kəsə məlumdur ki, münaqişənin bitməsi ilə regionda yeni reallıqlar yaranıb və hər kəs bu reallıqları qəbul etməlidir.İşğalçının silah-sursatla təmin olunması terrorizmin açıq şəkildə dəstəklənməsi deməkdir və həmin dövlətlərin işğalçı Ermənistan dövləti ilə eyni düşüncədə olmasının sübutudur. 44 günlük müharibə zamanı ikili standartlar ortaya qoyan ölkələr şahid oldular ki, qələbə güclünün yox, haqqın tərəfindədir. Cənab Prezident haqlı olaraq qeyd etmişdir ki, Vətən müharibəsi zamanı Bayrakdar silahını “Ölüm silahı” adlandıran ölkələr bu gün Rusiya-Ukrayna müharibəsində istifadə olunan Bayrakdarları təbliğ edirlər. Bununla da, Aazərbaycana qarşı qərəzli mövqedə olduqlarını bir daha göstərmiş oldular.Silah və hərbi texnika dünyada çox xərc tələb edən sahələrdən biridir. Ermənistanın hərbi büdcəsinin mövcud vəziyyəti həm hərbi qüvvələrin təmin olunmasına, həm də texnikanın alınmasına imkan vermir. Ona görə də Ermənistan müttəfiqləri tərəfindən fasiləsiz şəkildə silahlandırılırdı. Azərbaycanın digər bölgələrinə atılan, mülki əhalini həlak edən raketlər məhz Ermənistana pulsuz çatdırılan silahlardır. Bu cəhətdən əminliklə söyləyə bilərik ki, müharibə cinayətlərini törədən, qadınları, qocaları, uşaqları öldürən təkcə ermənilər yox, həm də onlara havadarllıq edən, onlarla eyni cinayətə ortaq olan, silah göndərən dövlətlərdir. Lakin bütün bunlar Azərbaycan xalqının iradəsini sındıra bilmədi, Azərbaycan əsgərlərinin döyüş ruhunu öldürə bilmədi. Əksinə, rəşadətli ordumuz tərəfindən Ermənistana göndərilən bu silahların bir qismi yerindəcə məhv edildi, bir qismi elə onların özlərinə qarşı istifadə olundu və qənimət olaraq götürüldü. Bütün dünya erməniləri yardım etsə belə, yaxın 30 il ərzində bu boşluğu doldura bilməyəcəklər.

Hazırda Ermənistanın kənardan silahlandırılması bölgədə gərginliyi artırmaq, sülhün möhkəmləndirilməsi prosesini zərbə altına qoymaq məqsədi daşıyır. Azərbaycan münaqişəyə son qoyaraq, yeni tarixi dönəmə daxil olub. Hazırda işğaldan azad olunmuş ərazilərin bərpa olunması, burada yeni layihələrin icra olunması və bu torpaqlara normal həyatın qaytarılması istiqamətində bütün qüvvələr səfərbər olunub. Əgər məqsəd müharibə ocağını yenidən alovlandırmaq, təxribatlar törətməkdirsə, Azərbaycan ordusu tərəfindən layiqli cavab veriləcəkdir.

 

Zərdab rayon Şıxbağı kənd tam orta məktəbi-Sabir Əhmədov