Xəbəraz

Qarabağ  və Zəngəzur nümunəvi bölgə kimi inkişaf olunacaq

Qarabağ  və Zəngəzur nümunəvi bölgə kimi inkişaf olunacaq

Qarabağ  və Zəngəzur nümunəvi bölgə kimi inkişaf olunacaq.

 

Qarabağ və Şərqi Zəngəzurda işğalçının dağıtdığı, xaraba qoyduğu yaşayış sahələrində genişmiqyası bərpa-quruculuq işləri aparılır, bütün torpaqlarda həyat bərpa olunur. Həmin ərazilərdə, ilk növbədə, infrastrukturun yaradılması, vaxtilə mövcud olmuş magistralların yenidən qurulması və yeni yolların çəkilməsi mühüm önəm daşıyır.

Vətən müharibəsində əldə edilən tarixi qələbəmizin yaratdığı reallığın nəticəsi olan “Zəfər yolu” hazırda düşməndən təmizlənən ərazilərdəki ən mühüm layihələrdən biri kimi Füzuli rayonundan Şuşa şəhərinə kimi uzanır. Bundan başqa, Əhmədbəyli–Füzuli–Şuşa, Füzuli–Ağdam, Bərdə–Ağdam, Toğanalı–Kəlbəcər–İstisu, Xudafərin–Qubadlı–Laçın, Şükürbəyli–Cəbrayıl–Hadrut, Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolları, Füzuli–Cəbrayıl–Zəngilan–Ağbənd, Horadiz–Zəngilan–Ağbənd dəmiryolları çəkilir, elektrik enerjisi, su təchizatı sistemləri yenidən qurulur. İş­ğaldan azad edilmiş Zəngilan rayonunda ilk “ağıllı kənd”, “Dost Aqropark” layihələri icra edilir. Ağ­dam, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilanda yaşayış məntəqələrinin salınması ilə bağlı planlar hazırlanır. Qarabağ və Şərqi Zəngəzurda icra edilən bərpa layihələri sırasında Laçına çəkilən yeni yol da xüsusi əhəmiyyətə malikdir. Qarabağ və Şərqi Zəngəzurda aeroportların tikilməsi, avtomobil və dəmir yollarının inşa edilməsi ilə Azərbaycan müasir infrastruktura malik nəqliyyat qovşağına çevrilir. Zəngəzur dəhlizinin tərkib hissəsi olan dəmiryolunda bu gün sürətli tikinti işləri aparılır.

Hazırda Azərbaycan dövləti üçün prioritet məsələ  işğaldan azad olunan ərazilərin bərpası və Böyük Qayıdışın qısa müddətdə yüksək səviyyədə təmin edilməsidir. Güclü dövlət olan Azərbaycan Böyük Qayıdışı yüksək səviyyədə təmin etmək əzmindədir. Hazırda işğaldan azad olunan ərazilərdə görülən işlər bu gücü bir daha göstərir.

Torpağın əsl sahibləri onu dirçəldənlərdir. Ermənistan 30 ildə apardığı dağıdıcılıq fəaliyyəti ilə heç nəyə nail ola bilmədi.  Tarixin bütün dönəmlərində keçmiş də, bu gün də, gələcək də qurucuların olub. Müzəffər ordumuz düşmənin layiqli cavabını verdi, torpaqlarımızı azad etdi.  Bu yurdların əzəli-əbədi sahibi olan Azərbaycan bu gün də öz tarixi missiyasına sadiqdir. İndi də qurub yaradır və Qarabağın, Şərqi Zəngəzurun, ümumən, Cənubi Qafqazın tarixində yeni səhifə açır.

 

Zərdab rayon    Həsən bəy Zərdabi muzeyinin  direktoru  Vəfa Bayramova