Zəngəzur dəhlizi açılmalıdır

Zəngəzur dəhlizi açılmalıdır
44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın əsas hədəfi sabitliyi qorumaqdan və bölgəni canlandırmaqdan ibarətdir. Dövlətimiz bütün qonşu ölkələr üçün imtiyazlı vəziyyət yaradıb. Zəngəzur dəhlizinin beynəlxalq əhəmiyyətli yeni bir layihə olduğunu nəzərə alsaq, bu layihə bölgəyə sülh gətirməklə yanaşı, nəqliyyat-kommunikasiya xəttlərini də inkişaf etdirəcək. Bu gün Qarabağda görülən əsas məsələlərdən biri də üçtərəfli qaydada kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin yaradılması və nəqliyyat baxımından bütün maneələrin aradan qaldırılmasıdır. Bu üçtərəfli bəyanatda da əsas müzakirə edilən mövzulardan biridir. Əgər bir qədər tarixə nəzər salsaq görərik ki, hələ o vaxtlar Zəngəzur dəhlizində nəqliyyat-kommunikasiya xətləri mövcud idi, dəmir yolu fəaliyyət göstərirdi. Bakıda yaşayan insanlar həmin xətlə rahatlıqla Naxçıvana gedib-gəlirdilər. Amma o əlaqələr tamamilə kəsilərək dağıdıldı. Lakin bu gün Vətən müharibəsindən sonra yeni bir mənzərə yaranıb.
Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən təməli qoyulan Horadiz-Ağbənd dəmir yolu xəttinin Azərbaycanın əsas hissəsini Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana birləşdirəcək. Ümumi uzunluğu 100 kilometr olan bu dəmir yolu xətti ölkəmiz üçün həm strateji, həm də ciddi iqtisadi əhəmiyyətə malikdir. Zəngəzur dəhlizinin bərpa olunması hər şeydən əvvəl əlaqələrimizin Naxçıvanla bərpa olunması deməkdir. Bundan başqa həmçinin Türkiyə ilə quru yol əlaqələrinin bərpası da bu dəhlizdən keçir. Bu dəhliz eyni zamanda Azərbaycanla Türkiyə arasında məsafəni 400 kilometr qısaldacaq. Bu isə həm xərclərin azalması, həm də ticarətlə məşğul olanlar arasında rəqabət imkanlarının genişlənməsi anlamına gəlir. Bu layihə həmçinin bölgədə sülh missiyasının davamı olacaq. Dəhliz Azərbaycanın iqtisadi inkişafına, eləcə də Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatına müsbət təsir göstərəck. Bu, təkcə Azərbaycanın yox, ümumən bölgənin inkişafına gətirib çıxaracaq.
Elvin Xəlilov- Zərdab rayonu, Əlvənd kənd tam orta məktəbin direktoru