Xəbəraz

“İcra başçısı ilə millətt vəkili SİZİ ALDADIR, CƏNAB PREZİDENT” – İDDİA

“İcra başçısı ilə millətt vəkili SİZİ ALDADIR, CƏNAB PREZİDENT” – İDDİA

Ölkədə narazı vətəndaşların sayı günbəgün artmaqdadır. Hər gün sosial media və sosial şəbəkələrdə harınlamış məmurlardan gileylənən vətəndaşları izləyirik. Çox zaman da tənqid hədəfi millət vəkilləri, eyni zamanda İcra Hakimiyyəti başçıları olur. Təbii ki, haqsız da deyillər. Çünki, hər iki tərəf tutduğu vəzifəyə, yerlərdə əhalinin problemlərini dinləyib, qismən də olsa, səlahiyyətləri çərçivəsində o problemi aradan qaldırmaq üçün təyin ediliblər. Lakin, onlar çox zaman ilk növbədə öz ailə üzvlərinin, qohum – əqrəbasının, ailə yaxınlarının yaxşı deyil, mükəmməl yaşayışını təmin edirlər. Özü də həmin narazı sakinlərin haqqı ilə.

Yeri gəlmişkən, “DogruXeber.az”ın məlumatına görə bu günlərdə sosial şəbəkələrdə Salyan rayon Sarvan kənd sakini Mahir Abdullayevin ölkə prezidentinə videomüraciəti yayımlanıb.

Mahir Abdullayev müraciətində Salyan rayon İcra Hakimiyyəti başçısı Sevindik Hətəmov, eyni zamanda Salyan rayonunu Milli Məclisdə (güya) təmsil edən Fəzail Ağamalı barəsində narazılıqlarını və etirazını dilə gətirib.

Vətəndaşın danışdıqlarını təkrar yazıb, oxucularımızı yormaq istəmirik. Yuxarıda təqdim etdiyimiz videogörüntüdə yəqin ki, özünüz hər şeyi vətəndaşın dilindən dinlədiniz və onun haqlı olduğunu düşüncələrinizdə təsdiqlədiniz. Çünki, eyni problemlər çoxunuza yad deyil. Xatırlayırsınızsa ötən il elə bu vaxtlar Tərtər rayon sakinləri də eyni problemlə mediaya üz tutmuşdular. Hansı ki, onlar da İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədovun əkin sahələrini suvarmaq üçün əhaliyə imkan vermədiyindən, suyun önünün bağlanıb, müəyyən əkin sahələrinə yönəldildiyinə etiraz edirdilər. İndi eyni problemlər Salyan rayonunda da yaşanmaqdadır. Yaşamaq üçün 1-2 hektar torpaq sahəsinə göz dikən zəhmətkeş vətəndaşlara öz əməyinin bəhrəsini belə rahat yeməsinə yerli məmurlara və onlara güvənən yaxın-uzaq qohum-əqrəbaları imkan vermir. Mətbuatda sərt tənqidləri ilə tanınan 74 yaşlı Millət vəkili Fəzail Ağamalı təmsil etdiyi rayonun sakinlərinin problemlərini görüb, aidiyyatı qurumlar qarşısında məsələ qaldırmaq yerinə, lazımsız tənqidləri ilə özünə “pərəstişkar” toplamağa üstünlük verir. Başqalarını tənqid etməkdən təmsil etdiyi rayonun sakinlərini unudan Fəzail Ağamalı artıq uzun müddətdir ki, unutduğu sakinlərin tənqid hədəfinə çevrilib.

Qaldı ki, Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmova, onu da qınamağa adamın “ürəyi gəlmir”. O qədər müxtəlif sahələrdə sahib olduğu bizneslərin idarəçiliyi özü bir dünya işdir.

Yeri gəlmişkən, Sevindik Hətəmov barəsində ınternet üzərindək kiçik bir araşdırma etdik və əldə etdiyimiz məlumatların bəzilərini oxucularımızı diqqətinə çatdırmağı özümüzə borc bildik.

Beləliklə, “tərəf.az” saytı yazır ki, “S.Hətəmovun ilk məşğuliyyəti və yüksəlişi daş karxanası ilə bağlı olub. Sonra deputat, sonra isə icra başçısı olub.
Hazırda onun Qaradağ rayonu ərazisində 10 daş karxanası və üzlük daş istehsal edən bir neçə sexi var. Bundan əlavə, Salyan rayonu ərazisində 4 balıqçılıq gölünü onların sahiblərindən zorla alaraq, özünə məxsuslaşdırıb. Hətəmovun əsas siyasi dayağı Sumqayıtın icra başçısı Zakir Fərəcovdur.
İcra başçısı bir qohumunu belə vəzifəsiz qoymayıb. Bacısı Nəsilənin əri Fərruxu Bakı şəhərində yerləşən Laçın köçkün məktəbinin direktoru təyin etdirib.
Digər bacısının əri Oktay onun Qaradağdakı daş karxanalarını idarə edir. Oktayın oğlu Cəmil Məmmədovu Sumqayıt şəhərində Hərbi Prokurorluğa işə düzəldib.
Media üzərindən yayılan xəbərlərə görə, Hətəmov Ağcəbədi rayonu ərazisində Laçın rayonuna aid qış yatağında 250 baş iri-buynuzlu və 1400 baş xırdabuynuzlu heyvandan ibarət böyük bir ferma yaradıb.
Həmin heyvandarlıq fermasının sahibkarı kimi qayınatası Cənnət kişinin adına rəsmiləşdirib. Hətta, həmin ferma üçün Sahibkarlıq Kömək Milli Fondundan xeyli məbləğdə kredit Cənnət kişinin adına ayrılıb. Bakıda H.Əliyev küçəsində “milyonerlər” məhəlləsində bacısı Lətifənin adına 4 mərtəbəli villa alıb.
Oğlu Xətainin öz şəxsi nüfuzundan və əlaqələrindən istifadə edərək, Bakı şəhəri 3 saylı “Asan Xidmət” Mərkəzinə müavin vəzifəsinə təyin etdirib.
Qızı Günayı isə Neftçilər xəstəxanasında USM aparatı üzrə həkim vəzifəsinə yerləşdirib. Nabranda möhtəşəm bir istirahət mərkəzini yeznəsi Oktayın adına alıb.
Bakının mərkəzində Sevindik Hətəmovun 8 yerdə topdansatış mağazalar şəbəkəsi var. Yasamal Rayonunun Bakı Dövlət Universiteti yaxınlığında “Meqa-Siti” yaşayış kompleksində ikisi 4, üçü isə 3 otaqdan ibarət 5 mənzil alıb.
Kompleksdə yerləşən “İdman-sağlamlıq” mərkəzini də bacısı Nəcibənin adına alıb və icarəyə verib. Həmin yaşayış Kompleksi ilə üzbəüz müasir tipli gözəllik salonu da Sevindik Hətəmova məxsus obyektlərdən biridir.”

Gördüyünüz kimi, cənab Hətəmovun bütöv bir rayonun əhalisini təmin edəcək qədər iş yerləri mövcuddur. Axı Mahir Abdullayev və rayonun digər gənc sakinləri Hətəmovdan böyük vəzifə, yaxud pul istəmir. Sadəcə iş və təsərrüfat sahəsində yaranmış, daha doğrusu “Həsən ağanın qohumları” tərəfindən yaradılmış problemlərinə çarə istəyirlər, vəssalam.
Mövzuya qayıdacağıq…

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az