Xəbəraz

Dil hər bir xalqın varlığının ən əsas təminatçısıdır

Dil hər bir xalqın varlığının ən əsas təminatçısıdır

Dil hər bir xalqın varlığının ən əsas təminatçısıdır.

Ulu öndər Heydər Əliyev ana dilinin dövlət dili olması uğrunda mübarizəsini davam etdirirdi. De-fakto dövlət dili uğrunda ardıcıl mübarizə aparan respublika rəhbəri həmin dilin Konstitusiyada qeyd olunmamasına dözə bilməzdi. Respublikanın rəhbəri ziyalıları, bütün xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvəsi ilə mübarizə aparmış, bütün çətinliklərə və maneələrə böyük hünərlə sinə gərmişdi.

Ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində müxtəlif vasitələrdən istifadə edirdi. Azərbaycanda dilçi alimlərə yüksək diqqət və qayğı göstərilməsi, milli dildə nəşr edilən kitabların tirajlarının artırılması və digər tədbirlər ana dilinin daha da inkişaf etdirilməsi məqsədi daşıyırdı.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra hakimiyyətə gələn naşı və səriştəsiz şəxslərin idarəetmədəki təcrübəsizliyi müstəqilliyimizi uçuruma aparır, ölkəni məhvə sürükləyirdi. AXC-Müsavat hakimiyyəti dövründə bu uçurum özünü daha qabarıq şəkildə büruzə vermişdir. Onlar heç bir məntiqi əsasa söykənmədən dövlət dilinin adının dəyişdirilməsini və “türk dili” adlandırılmasını təklif edirdilər.

Uzun mübahisələrdən sonra AXC-Müsavat hakimiyyəti xalqın rəyini nəzərə almadan, referendum keçirmədən 1992-ci ilin dekabrında “Dövlət dili haqqında” Qanunu “müzakirə” edərək Azərbaycanda dövlət dilinin “Türk dili” olması barədə qərar qəbul etmişdir. Hətta təcili olaraq ana dili dərsliklərini “Türk dili” adlı dərsliklərlə əvəzləyərək çapını da həyata keçirmişdir.

Dövlət idarəçiliyində zəngin təcrübəsi olan ulu öndər Heydər Əliyev sonralar bu məsələyə münasibət bildirərkən Milli Məclisin qəbul etdiyi bu qərarı kəskin pisləyərək demişdi: “Bu böyüklükdə tarixi bir qərar Azərbaycan xalqının iradəsi nəzərə alınmadan 26 nəfər tərəfindən qəbul olunubdur. Burada da böyük bir səhv buraxılıbdır”.

Xalqın təkidli tələbi və xahişi ilə 1993-cü ildə yenidən siyasi hakimiyyətə gələn Heydər Əliyev digər sahələrdə olduğu kimi, milli mənəvi dəyərlərimizin qorunması, adət-ənələrimizin, milliliyimizin inkişafı məsələsini diqqətdə saxlamışdır. Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsinə xüsusi önəm yetirən ümummilli lider ana dilimizin – Azərbaycan dilinin adını özümüzə qaytarmışdır.

1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Bu təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır.

 

Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri