Dövlət dili sahəsində yaşanan problemlərin həllinə xidmət edən siyasət

Dövlət dili sahəsində yaşanan problemlərin həllinə xidmət edən siyasət.
Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dilinin daha da inkişaf etdirilməsi yolunda geniş üfüqlər açılmışdır. Azərbaycanın ilk Konstitusiya layihəsinin müzakirəsi zamanı ana dili məsələsi ətrafında da geniş diskussiya və müzakirələr aparılmışdır. Məsələ yeni Konstitusiya layihəsini hazırlayan komissiyada, kütləvi informasiya vasitələrində, müxtəlif elmi forumlarda, yığıncaqlarda, idarə, təşkilat və müəssisələrdə sərbəst, demokratik şəraitdə hərtərəfli müzakirə olunmuşdur. Nəhayət, xalqımız 1995-ci il noyabr ayının 12-də referendum yolu ilə mövqeyini nümayiş etdirərək Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması müddəasına tərəfdar çıxmışdır. Beləliklə, dilimizə qarşı edilmiş haqsızlıq aradan qaldırılmış, onun hüquqları qorunmuş, cəmiyyətdəki mövqeləri bərpa edilmişdir.
Ana dilinə həmişə xüsusi diqqətlə yanaşan, dilimizin dərin bilicisi olan Heydər Əliyev yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyun ayının 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzalamışdır. Fərmanda dilimizin tarixi inkişafı boyu əldə etdiyi uğurlarla yanaşı, yaşadığımız dövrdə dövlət dili sahəsində mövcud problemlər də geniş təhlil edilmiş, onların həlli yolları göstərilmişdir. 2001-ci ildə latın qrafikalı Azərbaycan əlifbasına keçidin reallaşması ulu öndər Heydər Əliyevin dilimizin inkişafı baxımından göstərdiyi misilsiz xidmətlərdəndir. Ümummilli liderin 2001-ci il 9 avqustda imzaladığı “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərmana əsasən, hər il avqust ayının 1-i ölkəmizdə Azərbaycan əlifbası və dili günü kimi geniş qeyd edilir.
Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olan cənab Prezident İlham Əliyev Azərbaycan dilinin qorunması istiqamətində verdiyi sərəncamlarla dilimizin və mədəniyyətimizin hər zaman keşiyində dayandığını Azərbaycan xalqına və dünya azərbaycanlılarına nümayiş etdirmişdir.
Şəhla Eminova –“Əməkdar müəllim”