Xəbəraz

Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda ənənəvi olaraq həmişə bir-birini dəstəkləyir

Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda ənənəvi olaraq həmişə bir-birini dəstəkləyir

Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda ənənəvi olaraq həmişə bir-birini dəstəkləyir.

Prezident cənab İlham Əliyevin dəvəti ilə Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri ilə iki ölkə arasında münasibətlərin inkişafında yeni dövrün başlanğıcı qoyuldu. Müxtəlif sahələri əhatə edən mühüm sənədlərin imzalanması ilə bundan sonra əlaqələrin inkişafı üçün hüquqi baza formalaşdırıldı. Azərbaycan və Qırğızıstan arasında “Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum”, “Strateji Tərəfdaşlıq haqqında Bəyannamə” daxil olmaqla, televiziya, təhsil, rabitə və informasiya-kommunikasiya texnologiyaları, hava əlaqəsi, əqli mülkiyyətin qorunması, maliyyə, kənd təsərrüfatını əhatə edən 10 sənəd imzalandı.

Dövlət başçılarının rəsmi görüşündə müzakirə olunan məsələlər və imzalanan sənədlər münasibətlərin sonrakı mərhələdə yüksələn xətlə inkişafına təkan vermiş oldu.

“İmzalanmış sənədlər sırasında “Strateji Tərəfdaşlıq haqqında Bəyannamə” və “Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum”u xüsusi vurğulamaq lazımdır. Qırğızıstan və Azərbaycan arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi dövlətlərarası əlaqələrin növbəti mərhələsidir. Türkdilli xalqları birləşdirən ortaq mədəni irs və ortaq tarix dövlətlərarası münasibətlərdə də daim öz müsbət təsirini göstərir. Azərbaycanın oxşar kökə bağlı türkdilli dövlətlərlə çox uğurlu əməkdaşlıq tarixçəsi var. Qırğızıstanla da Azərbaycan arasında qarşılıqlı anlaşma mühiti hökm sürür. Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda hər zaman bir-birinin mövqeyini dəstəkləyir. Şuşa şəhərinin gələn il türk dünyasının mədəniyyət paytaxtı elan olunması təşəbbüsü də Qırğızıstan tərəfindən dəstəklənib.

Birgə bəyanatlar zamanı səsləndirilən fikirlər və imzalanan sənədlər bundan sonra iki ortaq kökə malik ölkə arasında münasibətlərin daha da inkişaf etdiriləcəyinin əyani sübutu oldu. Azərbaycan və Qırğızıstan arasında əlaqələr müxtəlif sahələr üzrə bundan sonra da genişlənəcəkdir.

 

Elvin Xəlilov-Əlvənd kənd tam orta məktəbin direktoru