Xəbəraz

Şuşa Bəyannaməsi dünyaya mesajdır

Şuşa Bəyannaməsi dünyaya mesajdır

Şuşa Bəyannaməsi dünyaya mesajdır


Azərbaycan və Türkiyə prezidentlərinin Şuşa şəhərində baş tutan görüşü tarixi hadisədir. Şuşada belə bir görüşün reallaşacağı bir il əvvəl hər kəsə bəlkə də əlçatmaz bir xəyal kimi görünə bilərdi. O səbəbdən də tam mübaliğəsiz demək olar ki, iyunun 15-də təkcə Azərbaycan və Türkiyənin deyil, dostlarımız və düşmənlərimiz də daxil olmaqla bütün dünyanın nəzərləri Şuşaya yönlənmişdi. Xüsusilə də, görüşdən əvvəl hörmətli Rəcəb Tayyib Ərdoğanın Şuşada qardaş Azərbaycanla daha əhatəli müqavilənin imzalanacağı ilə bağlı verdiyi açıqlama da ciddi marağa səbəb olmuşdu. Şuşa Bəyannaməsi hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsi, region dövlətləri arasında bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində birgə səylərin artırılması, aktual xarakter kəsb edən, qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirilməsi baxımından əhəmiyyət kəsb edir. Eyni zamanda Bəyannamə iki ölkənin Təhlükəsizlik Şuralarının müntəzəm olaraq birgə iclaslarının keçirilməsi, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpa edilməsi və bu konteksdə Azərbaycan və Türkiyəni birləşdirəcək “Zəngəzur dəhlizi”nin açılması, o cümlədən iki qardaş ölkənin Silahlı Qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması və Silahlı Qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi ilə bağlı olduqca mühüm məsələləri ehtiva edir.Şuşa Bəyannaməsi dünyaya mesajdır ki, Azərbaycan və Türkiyə regionda sülh və sabitliyin təminatçısıdır.

Zərdab rayonu, Körpükənd kənd tam orta məktəbin direktor müavini – S.Qasımova