Xəbəraz

ZƏNGİLAN  ƏRAZİSİNİN  BEYNƏLXALQ  ƏHƏMİYYƏTİ

ZƏNGİLAN  ƏRAZİSİNİN  BEYNƏLXALQ  ƏHƏMİYYƏTİ

ZƏNGİLAN  ƏRAZİSİNİN  BEYNƏLXALQ  ƏHƏMİYYƏTİ

 

Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab  İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsindən dərhal sonra həmin torpaqlarda bərpa və yenidənqurma işlərinə başlanıldı. Tamamilə dağıdılmış rayon və şəhərlərimizdə işğaldan azad edilmiş ərazilərimizin bərpasını və yenidən qurulmasını səmərəli surətdə həyata keçirmək üçün müvafiq inzibati idarəçiliyin qurulması tələb olunurdu. Bu məsələnin həlli üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi institutu təsis edildi. İlk növbədə, Şuşa şəhəri, Qarabağ iqtisadi rayonu üzrə Prezidentin xüsusi nümayəndələri təyin edildi. Mayın 4-də isə Prezidentimiz cənab  İlham Əliyev Zəngilan rayonuna xüsusi nümayəndəsini təyin etdi.

Zəngilan rayonu işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda strateji əhəmiyyətinə görə seçilir. Çünki Zəngilanın strateji əhəmiyyətinin mühüm beynəlxalq ölçüsü var. Yəni onun strateji əhəmiyyəti beynəlxalq xarakter daşıyır. Belə ki, Zəngəzur həm İran, həm də Ermənistanla həmsərhəd olan rayondur. Eləcə də Zəngilan Zəngəzur dəhlizinin üzərində yerləşməklə Azərbaycan, İran və Ermənistan arasında mühüm beynəlxalq nəqliyyat-tranzit qovşağı olmağa iddialı və potensiallıdır. Zəngilan ərazisində inşa edilən Ağbənd dəmir yolu stansiyası məhz bu potensialın reallaşmasına xidmət edəcək.

Azərbaycan və İran hökumətləri arasında bu yaxınlarda əldə edilmiş razılaşmalara əsasən, Zəngilanda Araz çayı üzərində iki ölkəni birləşdirən yeni dəmiryolu və avtomobil körpüləri tikiləcək və beləliklə, Naxçıvanla Azərbaycanın digər əraziləri İran vasitəsilə birləşəcək. Təbii ki, bu Zəngəzur dəhlizinə paralel olmaqla Naxçıvanla əlaqələrimiz üçün əlavə imkanlar təmin edəcək, eləcə də beynəlxalq tranzit potensialımızı artıracaq. Zəngilan hava limanı bu il istifadəyə veriləcək. Qeyd edilənlər Zəngilanın beynəlxalq nəqliyyat-logistika qovşağına çevrilməsi istiqamətində kompleks yanaşmanın tətbiq edilməsinə dəlalət edir.

Nəqliyyat sisteminin inkişafı Zəngilanı Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri baxımından vacib bir məntəqəyə çevirməklə bərabər, rayonun sosial-iqtisadi inkişafına ciddi töhfə verəcək. Nəqliyyat infrastrukturu Zəngilanın və ümumən Şərqi Zəngəzurun zəngin təbii resurslarının turizm potensialını reallaşdırmaq prosesini sürətləndirəcək. Digər tərəfdən isə Zəngilanın təbii ehtiyatlarından, o cümlədən qızıl yataqlarından səmərəli istifadə olunmasına şərait yaranacaq. İqtisadi inkişaf isə orada yeni iş yerlərinin açılması və əhalinin məskunlaşması deməkdi.

Təsadüfi deyil ki, keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş doğma torpaqlarına qayıtması, ilk olaraq Zəngilandan başlayacaq. Rayonun Ağalı kəndində inşa edilən “Ağıllı kənd” layihəsinin istifadəyə verilməsilə keçmiş məcburi köçkünlərin ilk qrupu bu il orada məskunlaşacaq.

Ölkə başçımız cənab İlham Əliyev aprelin 29-da ADA Universitetində keçirilən beynəlxalq konfransda bildirdi ki, “işğaldan azad edilmiş ərazilərdə tətbiq edilən xüsusi nümayəndəlik institutu yeni regional idarəçilik modelidir və əgər sınaqdan uğurla çıxarsa, Azərbaycanın digər ərazilərində də tətbiq ediləcək.” Bu kontekstdə işğaldan azad edilmiş rayonlarda Prezidentin xüsusi nümayəndəsi institutunun yaradılmasının simvolik bir aspekti də var ki, həmin ərazilərdə tətbiq edilən ən müasir yanaşmalar Azərbaycanın digər ərazilərinə də oradan gələcək, Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın müasir inkişafının yeni təcəssümünə çevriləcək.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin muzey bələdçisi- Xanım İmanova