İlham Əliyev 2 fərman imzaladı

Prezident İlham Əliyev Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.
Qanunla.Az fərmanın mətnini təqdim edir:
1. “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxs yaradılsın.
2. “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).
3. Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan Hüquq və İnsan Haqları İnstitutu “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxsin (bundan sonra – Mərkəz) tabeliyində “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxsə (bundan sonra – İnstitut) çevrilməklə yenidən təşkil edilsin.
4. Müəyyən edilsin ki:
4.1. Mərkəz normayaratma fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi, dövlət orqanları (qurumları) əməkdaşlarının hüquq normalarının tətbiqi sahəsində bilik, bacarıq və səriştələrinin inkişaf etdirilməsi, hüquqi maarifləndirmə, hüquqi ekspertizasının keçirilməsi və hüquqi tənzimləmənin təsirinin qiymətləndirilməsi, habelə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla Azərbaycan Respublikasında hüquqi islahatların həyata keçirilməsinə dair təkliflər hazırlanması və bunlarla bağlı işlərin səmərəli əlaqələndirilməsi sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir;
4.2. Mərkəzin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarət Müşahidə Şurası yaradılır;
4.3. Mərkəzin fəaliyyətinə cari rəhbərliyi Mərkəzin Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirir;
4.4. Mərkəzin Nizamnamə Fondu 100,0 (yüz) min manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır;
4.5. Mərkəzin saxlanma xərcləri və fəaliyyəti dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşir;
4.6. Mərkəzin tabeliyindəki İnstitut Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan Hüquq və İnsan Haqları İnstitutunun hüquqi varisidir, onun əmlakı, hüquq və öhdəlikləri İnstituta keçir;
4.7. Mərkəzin tabeliyindəki İnstitutun təsisçisinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətlərini Mərkəz həyata keçirir.
5. Mərkəzin təsisçisinin səlahiyyətləri aşağıdakılara həvalə edilsin:
5.1. Azərbaycan Respublikasının Prezidentinə:
5.1.1. nizamnamənin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;
5.1.2. idarəetmə orqanlarının yaradılması;
5.1.3. Müşahidə Şurasının sədrinin və 3 (üç) üzvünün vəzifəyə təyin və vəzifədən azad edilməsi;
5.1.4. Mərkəzin ləğvi və yenidən təşkili;
5.1.5. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi;
5.2. Mərkəzə:
5.2.1. Mərkəzin strukturunun, əməyin ödənişi fondunun, işçilərinin say həddinin və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğinin Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiqi;
5.2.2. bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulanlar istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
6. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
6.1. Mərkəzin yaradılması ilə əlaqədar normativ hüquqi aktların bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
6.2. Mərkəz “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində:
6.2.1. Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan Hüquq və İnsan Haqları İnstitutunun balansındakı dövlət əmlakının Mərkəzin tabeliyindəki İnstitutun balansına verilməsini təmin etsin;
6.2.2. bu Fərmanın 3-cü hissəsi nəzərə alınmaqla, Azərbaycan Milli Elmlər Akademiyasının strukturunda və işçilərinin say həddində dəyişiklik edilməsini təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
6.2.3. Mərkəzin inzibati bina ilə, nəqliyyat vasitələri ilə təmin edilməsi və maddi-texniki təminat məsələlərinin həlli üçün zəruri tədbirlər görsün;
6.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
7. Mərkəz:
7.1. Mərkəzin dövlət qeydiyyatına alınması üçün bu Fərman qüvvəyə mindiyi tarixdən 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət etsin;
7.2. Mərkəz dövlət qeydiyyatına alındıqdan sonra Mərkəzin işçilərinin say həddi və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində təsdiq etsin;
7.3. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
8. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:
8.1. bu Fərmanın 4.4-cü bəndində nəzərdə tutulan maliyyələşməni təmin etsin;
8.2. Mərkəzin saxlanılması və fəaliyyəti üçün tələb olunan vəsaiti hər il dövlət büdcəsinin layihəsində nəzərdə tutsun.
9. Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlətə məxsus olan hüquqi şəxslər Mərkəzin Nizamnaməsinin 3.1.10-cu və 3.1.11-ci yarımbəndlərinə uyğun olaraq, hüquq sahəsində fəaliyyət göstərən əməkdaşlarının normayaratma fəaliyyəti və hüquq normalarının tətbiqi sahəsində təlimlərə cəlb edilməsi üçün zəruri tədbirlər görsünlər.
10. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə tövsiyə edilsin ki, Mərkəzin Müşahidə Şurasında təmsil olunacaq nümayəndəsini müəyyən etsin.
Prezident İlham Əliyev “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 15 aprel tarixli 510-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın təsdiq edilməsi barədə” 2000-ci il 10 avqust tarixli 383 nömrəli, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə” 2000-ci il 23 dekabr tarixli 432 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Axar.az xəbər verir ki, fərmanda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 15 aprel tarixli 510-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 606; 2001, № 10, maddə 640; 2002, № 4 (II kitab), maddə 189, № 10, maddə 592; 2003, № 10, maddələr 566, 569; 2004, № 6, maddə 432; 2005, № 5, maddələr 400, 403, 405; 2006, № 7, maddə 590, № 8, maddə 678, № 9, maddə 742; 2007, № 11, maddə 1097, № 12, maddə 1246; 2008, № 7, maddə 613; 2009, № 3, maddə 163, № 10, maddə 788, № 12, maddə 990; 2010, № 6, maddə 498, № 7, maddə 610; 2016, № 2 (II kitab), maddə 233, № 3, maddə 438; 2017, № 7, maddə 1352, № 11, maddə 2032; 2019, № 6, maddə 1036; 2020, № 4, maddə 397; 2021, № 6 (I kitab), maddə 567, № 12, maddə 1351) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın 13.2-ci bəndinin ikinci abzasına “sağlamlaşdırılması,” sözündən sonra “sahibkarlığa dövlət köməyinin, o cümlədən” sözləri və “mühafizəsi,” sözündən sonra “dövlət əmlakının satıcısının maddi-texniki bazasının möhkəmləndirilməsi,” sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 12, maddə 844; 2001, № 7, maddə 470, № 10, maddə 640; 2002, № 12, maddə 725; 2003, № 9, maddə 475, № 10, maddələr 569, 585; 2004, № 9, maddə 678; 2005, № 5, maddə 400; 2006, № 7, maddə 590; 2007, № 5, maddə 452, № 6, maddə 599, № 11, maddə 1097; 2008, № 7, maddə 613; 2009, № 3, maddə 163, № 12, maddə 990; 2010, № 6, maddə 498, № 7, maddə 610; 2013, № 10, maddə 1146; 2014, № 5, maddə 477; 2015, № 9, maddə 999; 2016, № 8, maddə 1384; 2019, № 3, maddə 413, № 5, maddə 826, № 6, maddə 1036; 2021, № 1, maddə 41) ilə təsdiq edilmiş “Özəlləşdirmədən əldə olunan vəsaitin Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilməsi və ondan istifadə olunması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
2.1. 8-ci hissəyə “dövlət əmlakının” sözlərindən əvvəl “Bu Qaydaların 9-cu hissəsi nəzərə alınmaqla,” sözləri əlavə edilsin;
2.2. 9-cu hissədə “maliyyələşdirilməsi,” sözü “, o cümlədən özəlləşdirmədən sonra müəssisələrin fəaliyyətinin dəstəklənməsi tədbirlərinin maliyyələşdirilməsi, dövlət əmlakının qorunub saxlanması və mühafizəsi, dövlət əmlakının satıcısının maddi-texniki bazasının möhkəmləndirilməsi,” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 15 aprel tarixli 510-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin”.