Xəbəraz

Azad Zəngilanın gerçəkləşən arzuları

Azad Zəngilanın gerçəkləşən arzuları

Azad Zəngilanın gerçəkləşən arzuları

Sentyabrın 27-də başlayan və cəmi 44 gün davam edən Vətən Müharibəsi nəticəsində rəşadətli ordumuz düşmən işğalı altında qalan Zəngilan rayonunu da azad etdi. Çox təəssüf ki, 27 illik işğal müddətində düşmən Zəngilanı da viran qoymuş, rayon ərazisində bütün tikililəri, tarixi abidələri, mədəni irsi dağıtmış, meşələri qırıb talamışdır.

Cənab Prezident Zəngilana xüsusi nümayəndəsini təyin edərkən diqqətə çatdırdığı kimi, həqiqətən də Zəngilan rayonunun çox gözəl, füsunkar təbiəti var və ölkəmizin ən gözəl rayonlarından biridir. Çox təəssüf ki, erməni vandalları Zəngilan rayonunu demək olar ki, yerlə-yeksan etmişlər.

Məlumdur ki, 44 günlük tarixi Zəfərdən dərhal sonra azad olunan ərazilərdə bərpa-təmir, abadlıq və quruculuq işlərinə start verilmişdir. Bu gün bütün Qarabağ və Şərqi Zəngəzurda, o cümlədən Zəngilan rayonunda böyük infrastruktur layihələri icra edilir, rayon yenidən qurulur.

Mayın 26-da cənab Prezidentin və Mehriban xanım Əliyevanın Zəngilan rayonuna növbəti səfəri zamanı Zəngilan məscidində aparılan tikinti işlərinin gedişatı ilə tanışlığı göstərdi ki, erməni əsarətindən qurtulmuş və bugün təhqir olunan dini abidələrimizin, məscidlərimizin yenidən həyata qaytarılması işləri sürətlə davam etdirilir. Həmçinin, Zəngilan Beynəlxalq Hava Limanında aparılan tikinti işləri onu deməyə əsas verir ki, Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas amillərdəndir. Artıq hava limanı ilə bağlı perronda torpaq işləri tamamlanıb, uçuş-enmə zolağında asfalt-beton işləri davam edir. Zolağının uzunluğu 3000 metr, eni isə 60 metr olacaq bu hava limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul edəcəkdir.

Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək məqsədilə Zəfər Muzeyi binasının yanında qəhrəmanlarımızın adlarının qeyd olunduğu beton hasar formasında “Memorial lövhə” yaradılacaqdır ki, bu hər iki muzey Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilən Şanlı Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Qələbəni indiki və gələcək nəsillərin yaddaşına həkk edən, beynəlxalq hüquqa uyğun olaraq ərazi bütövlüyünü bərpa etməyə nail olan Azərbaycanın haqq səsini dünyaya çatdıran təşviqat və informasiya mərkəzi olacaqdır.

Ümumilikdə bu layihədə nəzərdə tutulmuş “ağıllı şəhər” yanaşmasının tətbiqi, müasir texnologiyalardan və bərpaolunan enerji mənbələrindən geniş istifadə edilməsi işğaldan azad olunmuş Zəngilanın gerçəkləşən arzularıdır ki, bu da Zəngilanın yaşayış üçün əlverişliliyinin artırılması, nəqliyyat sisteminin ekoloji təmiz, müasir və davamlı olması fonunda, həm də iqtisadiyyatın inkişafı baxımından Zəngilanı region səviyyəsində nümunəvi şəhərə çevirəcəkdir.

 

Elyurə Məmmədova-Zərdab Rayon mədəniyyət mərkəzinin direktoru