Xəbəraz

Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqımız üçün əsas yol istiqamətidir

Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqımız üçün əsas yol istiqamətidir

Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqımız üçün əsas yol istiqamətidir.

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda ilk dəfə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalında iştirak etdilər. Qeyd edək ki, Azərbaycan ilk dəfə 2021-ci ildə Teknofest Aviasiya, Kosmos və Texnologiya sahələri üzrə festivalda iştirak etmişdir. Festivalın sərgi hissəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən qurulmuş Azərbaycan Milli Pavilyonunda 11 yerli şirkət və startapın məhsul və həlləri nümayiş olunub, ölkəmizin yerli istehsalı olan pilotsuz uçuş aparatları sərgilənib. Tədbir çərçivəsində təşkil olunan hava şoularında Azərbaycan Hərbi Hava Qüvvələrinin peşəkar pilotları “MiQ-29” qırıcı təyyarələri ilə uçuşları həyata keçirmiş, müxtəlif növ pilotsuz hava vasitələri də sərgilənmişdir. “MiQ-29” təyyarələri beş gün ərzində İstanbulda təşkil olunub və hava şoularında da iştirak etmişdir.
Bu kimi festivalların təşkili iki ölkə arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi, dostluq təməlinin möhkəmləndirilməsinə xidmət edir. Tarix boyu Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub. Hər iki xalq istər xoş günlərdə, istərsə də çətin vaxtlarda birlik nümayiş etdirib, bir-birinin sevincini və kədərini bölüşüb. Azərbaycan ilə Türkiyə arasında əlaqələrin ən yüksək səviyyədə olması bütün dünyaya bəllidir. Vətən müharibəsi zamanı hər kəs buna bir daha əmin oldu. Qırx dörd günlük qürur dolu tarixin ilk günlərindən qardaş Türkiyə Azərbaycana siyasi-mənəvi dəstək verdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq və birmənalı bəyanatlar səsləndirərək, bu müharibədə Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman dövlətimizin və xalqımızın yanında olduğunu bildirdi. Bu da təbii olaraq gücümüzə güc qatmaqla əldə etdiyimiz möhtəşəm tarixi qələbədə mühüm rol oynadı.

Azərbaycan-Türkiyə müttəfiqliyini, birliyini və qardaşlığını, bir-birinə verdiyi güclü dəstəyi dünya təkcə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, TANAP və TAP kimi böyük iqtisadi layihələrin reallaşması, Vətən müharibəsi zamanı görməyib. İki qardaş dövlətin birliyi və müttəfiqliyi tarix boyu hər bir dövrdə, bütün məsələlərdə hiss olunub və hər iki ölkə mənəvi, siyasi və digər baxımdan bir-birini daim dəstəkləyib. Türkiyə gündən-günə güclənməklə dünyada çox fəal və önəmli müsbət rol oynayır. Bölgədə gedən proseslərdə də Türkiyənin təsir imkanları artır. Bu da təbii olaraq bizi çox sevindirir. Çünki Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da o qədər güclü olacaq. Türkiyə ilə Azərbaycan arasında əlaqələr çoxşaxəli və genişdir. Əlbəttə ki, bu əlaqələr çox möhkəm tarixi və mədəni köklər əsasında qurulub. Xalqlarımız arasındakı doğmalıq, dostluq, qardaşlıq duyğuları bu əlaqələri daha da möhkəmləndirir. Eyni zamanda, istər nəqliyyat, istər energetika, istər mədəniyyət sahələrində, istərsə də humanitar sahədə birgə reallaşdırdığımız layihələr, birlikdə atılan addımlar bizi bir-birimizə daha da yaxınlaşdırır. Bu əlaqələr təkcə xalqlarımız, ölkələrimiz üçün deyil, bölgə və dünya üçün də mühüm əhəmiyyət kəsb edir.

Azərbaycanın azad edilmiş torpaqlarında fəaliyyət göstərən bir çox Türkiyə şirkətləri yorulmadan çalışırlar. Türkiyə şirkətlərinin səyləri nəticəsində bu gün bu bölgədə yollar salınır, dəmir yolları çəkilir, tunellər tikilir, infrastruktur layihələri gerçəkləşir. Bu, bir daha bizim birliyimizin, qardaşlığımızın təcəssümüdür. Əminik ki, Türkiyə-Azərbaycan qardaşlıq və dostluq münasibətləri gələcəkdə də yüksək səviyyədə inkişaf edəcək, bu münasibət Azərbaycanda, eləcə də regionda davamlı sülhün və sabitliyin təminatçısı olacaqdır. Ölkə başçımız cənab İlham Əliyevin apardığı uğurlu xarici siyasətin ana xəttini təşkil edən Türkiyə-Azərbaycan əlaqələri gündən-günə daha da inkişaf edəcək, ölkələrimizin rifahına, işıqlı sabahına zəmin yaradacaqdır.

 

Zərdab rayon Şıxbağı kənd tam orta məktəbin direktoru- Sabir Əhmədov