Xəbəraz

Parlament Şəbəkəsinin formalaşdırılması dövlətlərarası işbirliyinin güclənməsinə töhfə verəcək

Parlament Şəbəkəsinin formalaşdırılması dövlətlərarası işbirliyinin güclənməsinə töhfə verəcək

Parlament Şəbəkəsinin formalaşdırılması dövlətlərarası işbirliyinin güclənməsinə töhfə verəcək

 Ölkəmiz növbəti mötəbər beynəlxalq tədbirə ev sahibliyi etdi. İyunun 30-da başlayan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransı öz işini uğurla başa vurdu. Konfransda Bakı Bəyannaməsi və Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin İş Qaydalarına dair Nizamnamə qəbul edildi, təşkilatın rəsmi loqosu və bayrağı təsdiq olundu, qurumun sədri və sədr müavinləri seçildi. Bu o deməkdir ki, paytaxtımızda yeni bir nüfuzlu beynəlxalq platformanın əsası qoyuldu. Konfransa 40-dan çox ölkənin parlament nümayəndə heyətlərinin, 9 beynəlxalq parlament təşkilatının təmsilçilərinin iştirak etməsi də bunu təsdiqləyir.

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin yaradılması təşkilat daxilində ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafı, o cümlədən yeni təşəbbüslərin irəli sürülməsi və reallaşdırılması baxımından əhəmiyyətlidir. Məlumdur ki, ötən ilin noyabr ayının 28-də Qoşulmama Hərəkatının sədri qismində Prezident İlham Əliyevin təşəbbüsü əsasında İspaniyanın paytaxtı Madrid şəhərində təşkilatın Parlamentlər Şəbəkəsinin təsis iclası keçirilib. 50-yə yaxın ölkədən 200-ə qədər nümayəndənin iştirak etdiyi iclasda qeyd edilib ki, bu addım Hərəkatın fundamental prinsiplərinin təşviqinə, üzv dövlətlər tərəfindən qəbul edilmiş qərarlara parlament dəstəyinin təmin olunmasına, habelə Qoşulmama Hərəkatı sıralarında yer alan ölkələr üçün ümumi maraq kəsb edən məsələlərin həllinə parlamentlərin töhfə verməsinə imkan yaradacaq. İclasın yekununda qəbul edilən Madrid Bəyannaməsində Parlament Şəbəkəsinin fəaliyyət istiqamətləri və funksiyaları vurğulanıb, Azərbaycanın təşkilata səmərəli sədrliyi təqdir olunub.

Xüsusilə nəzərə almaq lazımdır ki, Qoşulmama Hərəkatı ciddi siyasi potensiala malikdir. BMT-dən sonra ikinci ən böyük təşkilat olan Qoşulmama Hərəkatı sıralarında 120 ölkəni birləşdirir. Təşkilatın 18 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı var. Dünya dövlətlərinin üçdəikisini əhatə edən bir təsisatın toplantılarında müzakirə edilən məsələlər, şübhəsiz ki, BMT Baş Assambleyasının gündəliyinin formalaşmasına da böyük təsir göstərir. Təşkilatın fəaliyyəti “Bandunq prinsipləri” əsasında tənzimlənir. Qoşulmama Hərəkatında fəal təmsil olunmaqla ikitərəfli və çoxtərəfli münasibətləri inkişaf etdirmək Azərbaycanın xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir. Milli maraqlara əsaslanan uğurlu strateji kurs həyata keçirən Azərbaycan 2011-ci ildən Qoşulmama Hərəkatının üzvüdür və 2019-cu ildən təşkilata sədrlik edir. Bu dövr ərzində ölkəmiz təşkilat çərçivəsində fəal siyasət həyata keçirib. Parlament Şəbəkəsinin yaradılması isə əməkdaşlıq imkanlarını daha da genişləndirəcək. Eyni zamanda, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı konfransının iştirakçılarının Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə, o cümlədən mədəniyyət paytaxtı Şuşa şəhərinə səfəri əcnəbi qonaqların həm erməni vandalizmi ilə əyani şahidi olmaq, eləcə də Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə həyata keçirdiyi quruculuq və abadlıq işləri ilə tanış olmaq baxımından böyük əhəmiyyət kəsb edir.

Elyurə Məmmədova-Zərdab Rayon mədəniyyət mərkəzinin direktoru