Xəbəraz

Parlament diplomatiyası

Parlament diplomatiyası

Parlament diplomatiyası.

Müsəlman Şərqində ilk demokratik, hüquqi və dünyəvi dövlətin məhz Azərbaycanda elan edilməsi, yüksək sosial-mədəni, iqtisadi tərəqqiyə, vətəndaş cəmiyyətinin formalaşmasına təkan verən çoxşaxəli islahatların bu məkanda gerçəkləşdirilməsi xalqımızın zəngin dövlətçilik ənənələrinə, yüksək milli qürura, yenilikçi düşüncə tərzinə malik olmasının parlaq təcəssümüdür. SSRİ-nin dağılmasından sonra müstəqillik əldə etmiş bir çox ölkələrin təcrübəsi cəmiyyətin hər hansı bir sahəsini demokratiya və insan hüquqlarının, yaxud iqtisadi inkişafı prioritet kimi müəyyən edən ölkələrin sonda mürəkkəb və qeyri-adekvat sonluq ilə üzləşmələri barədə nəticə çıxarmağa əsas verir. Yalnız cəmiyyətin bütün sahələri, xüsusilə demokratik və iqtisadi vektorlar, diplomatik əlaqələr paralel inkişaf etdikdə bütün sosiumun davamlı tərəqqisini təmin etmək olar. Məhz buna görə də Prezident İlham Əliyevin siyasətində demokratik dəyərlərin inkişafı və implementasiyası ilə yanaşı, Azərbaycanın dünya iqtisadi sisteminə dərin inteqrasiya prinsipi, həmçinin iki və çoxtərəfli diplomatik münasibətlərin inkişafı əsas yer tutur. Müstəqil Azərbaycanın xarici siyasət strategiyasında isə parlament diplomatiyasına mühüm yer verilir. Azərbaycan Respublikasının beynəlxalq əlaqələrinin möhkəmlənməsində, dövlətlərarası münasibətlərin genişlənməsində Milli Məclisin rolu getdikcə artır. Avropa Parlament Birliyi, ATƏT Parlament Assambleyası (PA), Avropa Şurasının Parlament Assambleyası (AŞPA), MDB Parlament Assambleyası, Asiya Parlament Assambleyası, Avronest Parlament Assambleyası, Baltik Assambleyası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası, GUAM Parlament Assambleyası, Türkdilli Ölkələrin Parlament Assambleyası, Parlamentlərarası İttifaq, NATO Parlament Assambleyası Azərbaycanın parlamenti parlamentlərarası təşkilatlarının yaradılmasında da fəal iştirak edir.

Beynəlxalq parlament təşkilatlarında Azərbaycan parlamentarilərinin apardıqları uğurlu əməkdaşlıq nəticəsində bu təşkilatlarda ölkəmizin milli maraqları, o cümlədən Ermənistanın işğalçılıq siyasəti ilə bağlı müsbət qərarlar qəbul olunub. Bu gün də beynəlxalq parlament tribunalarında işğaldan azad olunmuş torpaqlarımızda Ermənistanın barbarlığı faktlarla dünya ictimaiyyətinə çatdırılır. Azərbaycan parlamenti öz fəaliyyətində müasir demokratik ənənələri və prinsipləri başlıca inkişaf prioriteti kimi qarşısına məqsəd qoyub və fəaliyyəti milli inkişaf modelinə uyğundur. Hətta pandemiya dövründə beynəlxalq əlaqələrin canlı şəkildə demək olar ki, fəaliyyəti mümkün olmadığı halda, parlament beynəlxalq fəaliyyətini nəinki dayandırmadı, hətta daha da gücləndirərək onlayn beynəlxalq konfransların iştirakçısı oldu. Elə bu dövrdə Milli Məclis 80-dən çox ölkə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupları formalaşdırdı.

Yeni çağırış parlament fəaliyyəti ilə dövlətimizin “Gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində nəzərdə tutulmuş hədəflərə çatması üçün qanunvericiliyin təkmilləşdirilməsi işində, beynəlxalq hüquq normalarının ratifikasiyasında, ikitərəfli çoxtərəfli beynəlxalq parlament təşkilatları ilə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilməkdədir. Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusunda konfransına ölkəmizin ev sahibliyi etməsi buna bariz nümunə oldu. Tədbirdə dünyanın 40-dan çox ölkəsinin parlament nümayəndə heyətlərinin, 9 beynəlxalq parlament təşkilatının təmsilçilərinin iştirak etməsi, həmçinin nümayəndə heyətinin tərkibində 15 ölkənin parlament sədrinin yer alması konfransın mötəbərliyinin və əhəmiyyətinin göstəricisidir.

Özünün  dövlət maraqlarından çıxış edərək dünyada sülhün və təhlükəsizliyin qorunması, qarşılıqlı faydalı əməkdaşlığın inkişafı kimi beynəlxalq prinsipləri xarici siyasətində əsas tutan Azərbaycanın qlobal səviyyədə mövqelərinin möhkəmlənməsində, nüfuzunun yüksəlməsində Qoşulmama Hərəkatındakı fəaliyyəti mühüm rola malikdir. Təmsil olunduğu vaxtdan təşkilatın təməl prinsiplərinə sadiqliyini nümayiş etdirən ölkəmiz üzv dövlətlərlə həmrəylik nümayiş etdirib və qlobal xarakterli ədalətli təşəbbüslərə öz dəstəyini verib. Həmçinin Hərəkat uzun illər təcavüzün qurbanı olmuş ölkəmizin əsl həqiqətləri dünyaya daha obyektiv və dolğun çatdırmaq üçün əhəmiyyətli platforma olub.

 

KÖNÜL RƏHİMOVA

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru