Xəbəraz

Ana dilinin dövlət dili olması uğrunda dönməz mübarizə

Ana dilinin dövlət dili olması uğrunda dönməz mübarizə

Ana dilinin dövlət dili olması uğrunda dönməz mübarizə

Ümumi fikrə görə dil bəşəriyyətin ən vacib ünsiyyət vasitələrindən biridir. Ana dilimiz olan Azərbaycan dili isə bizim üçün yalnız ünsiyyət dili deyil. O dövlət dilidir və müstəqil dövlətçiliyimizin başlıca əlamətlərindən biri sayılır. Onun tətbiqi, qorunması və inkişaf etdirilməsi bizim borcumuzdur.Azərbaycan dili çoxəsrlik tarixi yol keçib, zamanın sınaqlarından üzüağ çıxıb. Bu sahədə dilimizin zənginliyi də əsas amillərdən birinə çevrilib. Amma dilimizin inkişaf və tərəqqi illəri müstəqillik dövrünə təsadüf edir. Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə dilimizin saflığının qorunmasına xüsusi diqqət yetirmişdir. Avqust ayının birinin Azərbaycan dili və Əlifbası günü kimi qeyd olunması bunun bariz nümunələrindən biridir.

Bu gün müstəqil bir dövlət kimi ən çox fəxr etdiyimiz bir də odur ki, bizim gözəl Azərbaycan dilimiz var. Azərbaycan dilinin formalaşmasında, inkişaf etməsində, bugünkü yüksək səviyyəyə çatmasında, yazıçılarımızın, şairlərimizin, ədəbiyyatşünasların dilçi alimlərimizin xidmətləri var. Ancaq Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində ciddi addımlar atan Ulu Öndər Heydər Əliyev olmuşdur. 70-ci illərdə Azərbaycanın paytaxtı Bakı şəhərində azərbaycanlıların çoxu rus dilində danışırdılar. Yaxşı ki, Ulu Öndər bunların qarşısını aldı. O deyirdi : “ Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz. Ana dilini bilməyən gənc Nizamini oxuya bilməz, Fizulini oxuya bilməz. Nəsimini, Vaqifi, Sabiri, Cəlil Məmmədquluzadəni oxuya bilməz. Onlar mədəni köklərimizi bilməyəcək, milli-mədəni dəyərlərimizi bilməyəcək. Onları bilməsələr onlar vətənpərvər olmayacaq”. Dilimizin qanun-qaydalarını mükəmməl bilən Ulu Öndər həmişə auditoriya qarşısında bir dilçi alim kimi görünürdü. Azərbaycan dilinin hakim mövqe tutması yolunda Heydər Əliyevin : “Azərbaycan dilini öyrənin”  kimi söylədiyi qətiyyətlə dolu ifadələr hər zaman yadımızdadır.Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində ciddi addımların da müəllifi məhz Heydər Əliyev olmuşdur.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinin dövlət dili olması və qorunmasına yönələn ideyaları bu gün də ölkə rəhbərliyi tərəfindən qətiyyətlə həyata keçirilir. Ana dilini sevməyən insan nankor insandır. Ana dili və Vətən sözləri həmişə yanaşı işlənmişdir.Dilin zaman-zaman hərtərəfli inkişaf etməsi və zənginləşib dolğunlaşması, tarixi şəxsiyyətlərin, qüdrətli dövlət başçılarının adı ilə də sıx bağlıdır. Ümummili lider Heydər Əliyev belə tarixi şəxsiyyət idi. Ümummilli Lider gənc nəslin ana dilini düzgün, hərtərəfli və elmi əsaslar zəminində mənimsəməsini tövsiyə etmişdi. Ümummilli Liderimizin dil siyasəti Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təqdirəlayiq haldır ki, Ümummilli Liderin ideyalarını layiqincə yerinə yetirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. Azərbaycan ədəbiyyatını, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin latın qrafikasında yenidən nəşr edilməsi məhz dövlət başçısının təşəbbüsü ilə baş tutdu. Prezidentimizin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı, həm də, əlifba ilə bağlı problemləri tamamilə həll etdi. Bunun da nəticəsində kütləvi nəşrlərin latın qrafikasına keçirilməsi təmin olundu.

Bu gün müstəqil bir dövlətimizin mövcudluğu dilimizin qorunması, dünya dilləri içərisində layiqli yer tutması baxımından vacib tarixi imkandır.Məhz Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dil siyasəti bu gündə Cənab Prezidentimiz  İlham Əliyev tərəfindən uğurla davam etdirlir.

Zərdab rayon Əlibəyli kənd tam orta məktəbin müəllimi- Mübariz Quliyev