Xəbəraz

Dil millətin simasını səciyyələndirən amillərdən biri, onun milli sərvətidir

Dil millətin simasını səciyyələndirən amillərdən biri, onun milli sərvətidir

Dil millətin simasını səciyyələndirən amillərdən biri, onun milli sərvətidir

1 avqust ölkəmizdə ən əziz günlərdən biri kimi qeyd olunur. Həmin gün Azərbaycan əlifbası və Azərbaycan dili günüdür. Azərbaycan xalqını milli varlığının əsas atributlarından olan Ana dilimizdir. Dil millətin simasını səciyyələndirən amillərdən biri, onun milli sərvətidir. Millətin dilinin dövlət dili statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir

Hər bir xalqı, milləti başqalarından fərqləndirən mühüm amillərdən biri və ən başlıcası onun dilidir. Bu baxımdan Azərbaycan dili də  özünəməxsusluğu, gözəlliyi, dolğunluğu, mükəmməlliyi və şirinliyi ilə başqa dillərdən seçilir. Doğma ana dilimiz daş kitabələrdən  üzü bu yana uzun, çətin və şərəfli bir yol keçərək  bugünkü səviyyəyə gəlib çatmışdır. Dədə Qorqud qopuzundan, Koroğlu sazından süzülüb gələn , Xətai qılıncından sıyrılıb çıxan  dilimiz  həzin ana laylası ilə canımıza, qanımıza  hopmuşdur. Bir xalqın, bir millətin var olmasının başlıca amillərindən biri və ən vacibi özünəməxsus dilinin olmasıdır.  Bir toplum xalq kimi məhz Ana dili vasitəsi ilə özünü sübut edir, təsdiq edir və yaşadır. Biz bir xalq, bir  toplum kimi  zamanın  cürbəcür  sınaqlarından keçərək dilimizi, milliliyimizi, mənəvi dəyərlərimizi qoruyub bu günümüzə qədər gətirib çıxarmışıq.Nə xoşbəxtik ki, dərin tarixi kökləri olan öz dilimiz, öz mədəniyyətimiz, öz tariximiz var. Bu dil ilə tanıtmışıq ədəbiyyatımızı, kimliyimizi, bu dil ilə elan etmişik  dünyaya  müstəqilliyimizin əbədiliyini. Bu dil müqəddəsdir, doğmadır anamız kimi…Qürurumuz,fəxrimizdir dilimiz. Nəsimilər, Füzulilər, Xətailər, Vaqiflər, Vidadilər, Müşfiqlərin dilidir Azərbaycan dili.Mənim ana dilim  poeziya dilidir, şirin layla dilidir, ecazkar mahnı dilidir. Bəli,ana dili bizim üçün  müqəddəs dildir,  ömrümüzü mənalandıran, xəyallarımızı qanadlandıran, dostumuza məhəbbətlə, düşmənimizə nifrətlə səslənən bir dildir. Azərbaycan  dili  türk dilləri ailəsinin  oğuz qrupuna daxil olan  qədim və zəngin  bir dildir.  Təşəkkülü  miladdan əvvəlki  dövrlərə  gedib çıxan  bu dilin  ifadə zənginliyi, axıcılığı və sadəliyi, səlist ahəngi onu dünyada  ən şirin dillərdən biri kimi tanıtmış, şöhrətləndirmişdir.

Respublikada dil siyasətinin formalaşdırılması, Azərbaycan dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli birliyin və həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsi Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Azərbaycan xalqının milli varlığının əsas rəmzi olan ana dilimizin saflaşdırılması və zənginləşdirilməsi istiqamətində çox mühüm addımlar atmış və Azərbaycan dilinin inkişafı və qorunması məqsədilə əhəmiyyətli sənədlər imzalamışdır. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda dilinin zənginliyinin sübutudur. Bu gün Azərbaycan dilinin dövlət statuslu dillər arasında olmasına görə bu dilin mənəvi dirilik atributuna çevrilməsi yolunda böyük fədakarlıqlar göstərmiş ümummilli lider Heydər Əliyevə minnətdar olmalıyıq. Ulu öndər milli-mənəvi dəyərlərimizin ən qiymətlisi və bir millət kimi milli varlığımızın rəmzi olan Azərbaycan dilinin saflaşdırılması və inkişafı istiqamətində çox mühüm addımlar atıb. Ölkəmizdə Azərbaycan dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması Ana dilimizin gözəl bilicisi, mahir natiq ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Ulu Öndər həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkədə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətinin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb.Bütün maneələrə və çətinliklərə baxmayaraq ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti Prezidentimiz cənab İlham Əliyev tərəfindən inamla davam etdirilir. Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir. Dövlət Proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılmasıdır. Sənəd, eyni zamanda, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini nəzərdə tutur.

Ana dilimiz xalqımızın əvəzsiz sərvətidir. Milli sərvətimizi qorumaq, onun keşiyində durmaq hamımızın borcudur.

 

Zərdab rayon Əlibəyli kənd tam orta məktəbin direktoru- Kəmalə Əliyeva