Xəbəraz

Ölkəmizdə dil siyasətinin formalaşdırılması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır

Ölkəmizdə dil siyasətinin formalaşdırılması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır

XX əsrin son 30 ili ərzində Azərbaycan dilinin hərtərəfli inkişaf edərək dövlət dilinə çevrilməsi və diplomatiya aləminə yol açması hətta dünyanın mötəbər kürsülərindən eşidilməsi ümummilli lider Heydər Əliyevin qayğısı və fədakarlığı sayəsində baş verib. Dil xalqın milli sərvətidir. Onunla bağlı müxtəlif qərarlar, fərmanlar imzalamaqda məqsəd bu olub ki, ana dilimiz hərtərəfli inkişaf etsin. Ümummilli lider Heydər Əliyev hələ sovet dövründə quruluşun müxtəlif təzyiqlərinə, diktələrinə baxmayaraq, Azərbaycan dilinin inkişafı, hərtərəfli inkişafına, beynəlxalq münasibətlər sisteminə yol tapmasına, zənginləşməsinə böyük əhəmiyyət verirdi. Ölkəmizdə dil siyasətinin formalaşdırılması, Azərbaycan dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli birliyin və həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsi də birbaşa ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər ana dilimizin saflaşdırılması və zənginləşdirilməsi istiqamətində çox mühüm addımlar atmış və Azərbaycan dilinin inkişafı və qorunması məqsədilə əhəmiyyətli sənədlər imzalamışdır. Ulu Öndərin ana dilimizə bəslədiyi məhəbbət və prinsipiallıq sayəsində 1978-ci ildə Konstitusiyanın 73-cü maddəsinə Azərbaycan dilinin dövlət dili olması barədə xüsusi bir müddəa daxil edildi.

“Ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dilinin daha da inkişaf etdirilməsi yolunda geniş üfüqlər açılıb. Azərbaycanın ilk Konstitusiya layihəsinin müzakirəsi zamanı ana dili məsələsi ətrafında da geniş diskussiya və müzakirələr aparılmışdır. Məsələ yeni Konstitusiya layihəsini hazırlayan komissiyada, kütləvi informasiya vasitələrində, müxtəlif elmi forumlarda, yığıncaqlarda, idarə, təşkilat və müəssisələrdə sərbəst, demokratik şəraitdə hərtərəfli müzakirə olunub. Nəhayət xalqımız 1995-ci il noyabr ayının 12-də referendum yolu ilə mövqeyini nümayiş etdirərək Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması müddəasına tərəfdar çıxıb. Beləliklə, dilimizə qarşı edilmiş haqsızlıq aradan qaldırılmış, onun hüquqları qorunmuş, cəmiyyətdəki mövqeləri bərpa edilmişdir. 2001-ci ilin avqust ayında isə Azərbaycan dili dövlətçiliyin əsas rəmzi kimi qiymətləndirilərək, avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili bayramı kimi qeyd edildi. Ulu Öndərə məxsus bir fikir bu gün də bizim hər birimiz üçün istiqamətverici məna daşıyır: “…Musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir.

Bu gün istər danışıq, istərsə də yazılı şəkildə işlətdiyimiz Azərbaycan dili də mürəkkəb yol keçib. Ümummilli lider Heydər Əliyev həmişə məsləhət görürdü ki, hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, milli adət-ənənələrini unutmamalıdır. Ulu Öndərin alternativsiz siyasi kursunun müdrik və layiqli davamçısı Prezident İlham Əliyev də bütün digər sahələrlə yanaşı, Azərbaycan dilinin qorunması və inkişafını daim diqqət mərkəzində saxlayır, müasir dövrdə dilçiliyimizə böyük qayğı ilə yanaşır. 2012-ci il 23 may tarixli “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələbinə uyğun istifadəsi və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Sərəncamı Azərbaycan dilinə olan qayğının bariz nümunəsidir. 2013-2020-ci illəri əhatə edən bu proqram çərçivəsində bir sıra zəruri tədbirlər həyata keçirilib. Dövlətimizin başçısının 2017-ci il 13 noyabr tarixli Sərəncamı isə dövlət dilimizin inkişaf perspektivlərinin müəyyənləşdirilməsinə xidmət edir.

 

Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc