Xəbəraz

Azərbaycanın cəza tədbiri kimi həyata keçirdiyi “Qisas” əməliyyatı ermənilərə çox baha başa gəlib

Azərbaycanın cəza tədbiri kimi həyata keçirdiyi “Qisas” əməliyyatı ermənilərə çox baha başa gəlib

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına verdiyi müsahibədə günümüzün ən aktual məsələlərinə toxunaraq ölkəmizdə görülən və görüləcək işlərdən danışdı. Hər şeydən əvvəl, ərzaq və qida təhlükəsizliyi mövzusunda bir sıra məsələlərə aydınlıq gətirdi. Hər kəsə aydındır ki, dünyada mövcud olan kəskin hərbi-siyasi qarşıdurma və davam edən pandemiya bəşəriyyəti aclıq təhlükəsi ilə üzü-üzə qoyub. Belə olan halda, hər bir milli dövlətin ən əsas prioritetlərindən biri özünün ərzaq təhlükəsizliyi problemini həll etməsidir. Əgər hər hansı bir ölkə bu mühüm məsələnin öhdəsindən gələ bilmirsə, zamanla iqtisadi, sonra isə siyasi müstəqilliyini itirməyə məhkum olur. Çünki milli iqtisadi və maliyyə resurslarının böyük əksəriyyəti istehlak tələbatını ödəməyə xərclənir. Nəticədə milli gücün iqtisadi komponentləri tükənir və dövlət zəifləyir. Bu isə yaşadığımız indiki mürəkkəb tarixi mərhələdə qətiyyən yolverilməzdir. Üstəlik, nəzərə almaq lazımdır ki, ərzaq və qida məhsulları bazarı həm də hibrid müharibələrin bir komponentidir. Bəzən səssiz müharibə komponenti o qədər təsirli olur ki, uzunmüddətli perspektivdə milli genetik fondu belə təhlükə altına alır. Ona görə də Azərbaycan Prezidenti həmişə ölkəmizin özünü təmin edən imkanlara sahib olmasına diqqət yetirib. Torpaqlarımızın işğaldan azad edilməsi ilə bu vəzifənin yerinə yetirilməsi üçün olduqca əlverişli şərtlər yaranıb. Şübhəsiz ki, ərzaq təhlükəsizliyi dedikdə, ilk ağıla gələn təməl qida maddələri, buğda, ət, yağ, içməli su və. s kimi məhsullardır. Vətən müharibəsindən sonra bu təməl qida vasitələri ilə təmin olunmamız üçün işğaldan azad edilmiş torpaqlarımız olduqca geniş potensiala sahibdir. İstər içməli və suvarma su ehtiyatları baxımından, istərsə də əkinəyararlı torpaq ehtiyatlarımızda qida vasitələri istehsal etmək baxımından hazırda ölkəmizdə çox böyük işlər görülür.

Azərbaycan Prezidenti qeyd etdi ki, bu gün biz özümüzü ət məhsulları ilə 90 faiz, quş əti ilə 80 faiz, süd, süd məhsulları ilə 85 faiz səviyyəsində təmin edirik. Bu, yaxşı göstərici hesab edilsə də, məqsəd bu göstəriciləri daha da yaxşılaşdırmaqdır. Bunun üçün olduqca əlverişli imkanlar və perspektivlər artıq təmin edilib. Başqa bir mühüm məqam ondan ibarətdir ki, Vətən müharibəsindən sonra suveren ərazilərimizdə Azərbaycan qanunlarının tam tətbiqi nə zaman və hansı yollarla mümkün olacaq. Bu mövzuda Azərbaycan Prezidentinin fikirlərindən aydın olan məntiq odur ki, indiki vəziyyət tamamilə milli maraqlarımıza cavab verir və faktiki vəziyyətdə Azərbaycan öz imperativ mövqeyi sayəsində regionumuzun gələcəyi ilə bağlı şərtləri diktə edir. Bu, əlbəttə, qürurvericidir. Doğurdan da Qarabağ ətrafında baş verən son hadisələr və onun nəticələri bir daha göstərdi ki, Azərbaycanın iradəsinə qarşı çıxmaq çox baha başa gəlir. Azərbaycanda yaşayan, yaxud da yaşamaq istəyən hər kəs ölkə qanunlarına qeydsiz-şərtsiz əməl etməlidir.

 

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini