Xəbəraz

İnfrastruktur layihələri icra edilir

İnfrastruktur layihələri icra edilir

İnfrastruktur layihələri icra edilir

2022-ci ilin avqustun 12-də cənab Prezident İlham Əliyevin Ağsu və İsmayıllı rayonlarına səfərinin yekununda Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibə bir sıra mühüm mesajlarla yadda qaldı. Ümumiyyətlə cənab Prezidentin bölgələrə səfərləri müntəzəm xarakter daşıyır. Bu səfərlər zamanı ölkə başçısı son illər ərzində bütün bölgələrdə daha geniş vüsət almış quruculuq-abadlıq işləri ilə yaxından tanış olur, aparılan işlərə nəzarəti bilavasitə özü həyata keçirir. Qeyd etmək yerinə düşər ki, bölgələrimizdə qazlaşdırma, elektrik enerjisi, su təchizatı, yolların tikintisi ilə bağlı nəhəng layihələr icra edilmişdir. Hazırda İsmayıllı rayonunda qazlaşdırma 80 faizdən çox, Ağsu rayonunda isə 100 faizə yaxındır. Bu iki rayonda son illərdə 10-dan çox elektrik yarımstansiyası inşa olunmuş və elektriklə təchizat tam təmin edilmişdir. Yolların çəkilişi ilə bağlı da böyük işlər görülüb və görülür. Həm kənd yollarında, eyni zamanda, İsmayıllı-Muğanlı yolunun yeni hissəsində işlər icra edilir. Ağsuda və İsmayıllıda 160 çarpayılıq xəstəxana tikilmiş, 100-ə yaxın məktəb inşa edilmiş, ya da əsaslı şəkildə təmir olunmuşdur. İş yerlərinin yaradılması ilə bağlı da böyük işlər görülüb. Ölkəmizin qədim kəndlərindən biri olan Basqalda 179 otaqlı müasir otelin açılışı bölgənin turizm potensialını böyük dərəcədə genişləndirməklə yanaşı, 300-ə yaxın iş yeri açılması deməkdir. Bu isə yerli sakinlərin işlə təmin olunmasına böyük töhfədir.

Ölkəmizdə yeni iş yerlərinin açılması prosesi daim aparılır. Ağsu rayonunda böyük aqroparkın fəaliyyəti bölgə iqtisadiyyatına dəstək olmaqla yanaşı, insanları 200-ə yaxın yeni iş yeri ilə təmin edəcək. Özəl sektor üçün yaradılmış şərait, kənd təsərrüfatının inkişafı ilə bağlı əvvəlki illərdə qəbul edilmiş qərarlar öz bəhrəsini verir. Hazırda Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyası uğurla davam edir. Bu gün Azərbaycan özünü ət məhsulları ilə 90 faiz, quş əti ilə 80 faiz, süd, süd məhsulları ilə 85 faiz səviyyəsində təmin edir. Növbəti 3-5 il ərzində bu rəqəmlərin yüz faiz səviyyəsinə çıxması gözlənilir. Özümüzü buğda ilə təminetmə əmsalı isə Azərbaycanda bu ilin əvvəlinə 62 faiz idi. Bu məqsədlə xüsusi proqramın işlənib hazırlanması və yeni növ subsidiyaların tətbiqinə başlanması təqribən 3-4 il ərzində bu göstəricini daha da artırmağa imkan verəcək.

 

Şəhla Eminova – Zərdab şəhər sakini, əməkdar müəllim