Xəbəraz

Ölkə başçısının regionlara hər bir səfəri tarixi hadisəyə çevrilir

Ölkə başçısının regionlara hər bir səfəri tarixi hadisəyə çevrilir

Ölkə başçısının regionlara hər bir səfəri tarixi hadisəyə çevrilir

Prezident İlham Əliyevin regionlarımıza hər bir səfəri xoş bir ənənə halını alan tarixi hadisəyə çevrilir. Səfərlər zamanı ölkə başçımız regionlarda həyata keçirilən quruculuq-abadlıq işləri ilə yaxından tanış olur və bütün işlərə şəxsən özü nəzarət edir. Azərbaycan Prezidentinin diqqət və qayğısının nəticəsidir ki, Bakı ilə yanaşı regionlarımızda da böyük sosial-iqtisadi inkişaf müşahidə olunur.

Avqustun 12-də Prezident İlham Əliyevin Ağsu və İsmayıllı rayonlarına səfər etməsi böyük sosial, iqtisadi və siyasi əhəmiyyətə malik hadisə kimi tarixə həkk oldu. Səfər çərçivəsində Prezident İlham Əliyev İsmayıllı rayonunda “Basqal Resort & Spa” otelinin, Ağsu şəhərində Gənc Sənətkarlar Mərkəzinin və Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak etdi, “Basqal” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində aparılan və icrası nəzərdə tutulan tikinti-bərpa işləri və “Ağsu Aqropark” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti ilə yaxından tanış oldu.

Azərbaycan Televiziyasına müsahibə verən Prezident İlham Əliyev qeyd etdi ki, Ağsu və İsmayıllı rayonlarında dövlət proqramına uyğun olaraq icrası nəzərdə tutulmuş infrastruktur layihələrinin əsas hissəsi həyata keçirilib. Əhalinin qaz, elektrik enerjisi və su təchizatı ilə təminatının yüksəldilməsi istiqamətində və yolların tikintisi ilə bağlı böyük layihələr həyata keçirilib.  Ağsu və İsmayıllı şəhərlərinin hər birində 160 çarpayılıq yeni xəstəxana tikilib, 100-ə yaxın məktəb inşa edilmiş və ya əsaslı şəkildə təmir olunub. Hər iki rayonda əhalinin işlə təmin olunması istiqamətində də bir sıra işlər həyata keçirilib.  “Basqal Resort & Spa” hotelində 300-ə yaxın yeni iş yeri, “Ağsu Aqropark”da isə 200-ə yaxın yeni iş yeri açılıb. Həyata keçirilən bütün bu işlər ümumilikdə regionun sosial-iqtisadi inkşafına və region əhalisinin həyat səviyyəsinin yüksəlməsinə böyük təkan verəcəkdir.

Bu gün dünyada cərəyan edən müharibələr, qeyri-sabit proseslər fonunda sabitlik adasına çevrilmiş ölkəmizdə hər bir sahədə sürətli inkşaf müşahidə olunur. Əlbəttə, bütün bunlar Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasətin nəticəsidir. Prezident İlham Əliyevin ölkəmizin inkişafı istiqamətində həyata keçirdiyi fəaliyyət sayəsində bu gün Azərbaycan dünya miqyasında öz gücü, mövqeyi və sosial-iqtisadi inkşafı ilə lider ölkələrdən birinə çevrilib.

 

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri