Xəbəraz

Qarabağ münaqişəsi artıq yoxdur

Qarabağ münaqişəsi artıq yoxdur

Qarabağ münaqişəsi artıq yoxdur

Prezident İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində bir sıra əhəmiyyətli məqamlara toxundu, Ermənistan rəhbərliyinə, regionda gedən proseslərə müdaxilə etmək istəyən qüvvələrə mühüm mesajlar verdi, sülh və təhlükəsizliklə bağlı Azərbaycanın qətiyyətli mövqeyini növbəti dəfə diqqətə çatdırdı. II Qarabağ müharibəsindən sonra Azərbaycan regionda yeni reallıq yaradıb. Qarabağ münaqişəsi artıq yoxdur. Prezident İlham Əliyev bir daha Ermənistanı yeni reallıqları qəbul etməyə və hərbi təxribatlara son qoymağa çağırıb, əks halda Azərbaycan öz gücünü yenidən göstərə bilər. Dövlət başçımız vurğulayıb: “Bir neçə saat ərzində davam edən “Qisas” əməliyyatı cəza tədbiri idi. Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdır. Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq və heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz. Biz öz torpağımızda istənilən əməliyyatı istənilən zaman apara bilərik. Sadəcə olaraq, “Qisas” əməliyyatının çox təsirli, ancaq qısamüddətli olması onu göstərir ki, bizim gücümüz də yerindədir, eyni zamanda, biz yeni müharibə istəmirik”.

Prezident İlham Əliyev müsahibəsində səsləndirdiyi mühüm bəyanatlardan biridə Laçın şəhəri, Zabux və Sus kəndləri ilə bağlı idi: “Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış insanlar çıxarılmalıdır. Bu, təbiidir. Onların orada qalması, əslində, hərbi cinayətdir. Çünki o, Cenevrə konversiyalarının qaydalarına ziddir. İşğalçı ölkə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apara bilməz. Bu, hərbi cinayətdir”.

Müsahibədə diqqət çəkən ən mühüm məqamlardan biri Qarabağda yaşayan ermənilərlə bağlı idi. Ermənistan hakimiyyəti Qarabağda yaşayan ermənilərə öz təsir imkanlarını itirir, əksinə, Azərbaycan hakimiyyəti öz təsir imkanlarını artırır. Dövlətimizin başçısı bunun səbəbini də açıqladı ki, Qarabağda yaşayan ermənilər Ermənistan hakimiyyətinin onların nə təhlükəsizlik, nə iqtisadi, nə maliyyə, nə başqa heç bir problemini həll etmək iqtidarında olmadığını açıq-aydın gördülər.

Azərbaycan Televiziyasına müsahibəsində görülən və görüləcək işlərə bir daha diqqət yetirən dövlət başçımız bir daha gələcəyə nikbinliklə baxdığını ifadə etdi: “Bir daha demək istəyirəm, biz istədiyimizə həmişə nail oluruq. İstədiyimiz də odur ki, bölgədə sülh olsun, əmin-amanlıq olsun, müharibə olmasın, Azərbaycan uğurla inkişaf etsin, xalqımız yaxşı, firavan yaşasın”.

 

Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc