Xəbəraz

İkinci Qarabağ müharibəsi gücümüzü göstərdi

İkinci Qarabağ müharibəsi gücümüzü göstərdi

İkinci Qarabağ müharibəsi gücümüzü göstərdi

27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilib. Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda qismən səfərbərlik elan edilmişdir. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və İkinci Qarabağ müharibəsinə çevrilmişdir.

Xalq öz Prezidentinin ətrafında sıx birləşməklə bütün dünyaya sübut etdi ki, Qarabağ millətimizin milli ləyaqət rəmzidi və Azərbaycan xalqı Qarabağ arzusundan bir addım da geri çəkilməyib. Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi millət quruculuğu prosesi ona gətirib çıxardı ki, Prezident-Ordu-Xalq birliyi qalib gəldi, düşmən 30 ildir işğal altında saxladığı torpaqlarımızdan qovuldu. Dünyadakı çoxsaylı münaqişələrin və müharibələrin gedişinə nəzər salsaq görərik ki, son nöqtəni güclü tərəf qoyur. Azərbaycan xalqının Qarabağ uğrunda 44 günlük Vətən müharibəsi buna ən yeni nümunədir. Ötən 17 ildə güc topladıq, düşmənin başını dəmir yumruqla vurub əzdik. Otuz il davam edən işğala, ədalətsizliyə 44 gündə son qoyuldu.

Vətən müharibəsində Azərbaycan xalqı da, dövləti də Qarabağın işğaldan azad olunması ilə bağlı var-qüvvəsini ortaya qoydu. İllərdi qurulan güclü ordu, yetişən vətənpərvər nəsil düşmən çəpərinə çevrildi. Əsgər və zabitlərimiz döyüş tapşırıqlarını şərəflə yerinə yetirdi. Strateji yüksəklikləri götürərək daha əlverişli mövqelərə sahib oldular. Otuz il ərzində Ermənistan rəhbərliyi “güclü ordusu” haqqında uydurmalar ortalığa atanda, “yenilməz Ermənistan ordusu” barədə miflər yaradanda Azərbaycanda dünya standartlarına uyğun ordu yaradılıb və bu ordunun gücü döyüş meydanında göründü. Baxmayaraq ki, biz 30 il səbrlə gözləmişdik. Danışıqlar prosesinə sadiq qalmışdıq. Bütün bunlar münaqişənin dinc yolla, müharibəsiz həllinə hesablanmışdı və Azərbaycan hər dəfə status-kvonun dəyişdirilməsinin vacibliyini vurğulayanda məqsəd münaqişənin fəal hərbi əməliyyatlar mərhələsinə keçməsinin qarşısını almaq idi. Ancaq ermənilərin illərlə qoruyub saxladığı həmin status-kvo bir neçə günün içində darmadağın oldu. Təmas xətti yarıldı və rəşadətli Azərbaycan ordusu torpaqlarımızı düşmən tapdağından xilas etdi.

Bu qələbə bir xalq kimi bizim gücümüzü göstərdi, Azərbaycanın bir dövlət kimi potensialını nümayiş etdirdi. Bunu düşmən də, onun havadarları da gördü. Gördülər ki, ötən 30 ildə Azərbaycan öz haqlı davasından bir addım da geri çəkilməyib və Azərbaycan Prezidenti döyüş meydanında tarixi ədaləti bərpa etməkdə qərarlıdır. Bu, işğalçını sülhə məcbur etmək, düşmənə layiq olduğu yeri göstərmək üçün əsil ölüm-qalım mübarizəsi idi. Biz həm də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin arzusunun, onun öz davamçısına vəsiyyətinin tarixi reallığa çevrilməsini gördük.

Artıq həyatımızda yeni dövr başlayır. Biz Azərbaycanın beynəlxalq münasibətlərdə yürütdüyü siyasətin yeni konturlarını görəcəyik. Ən önəmli məqam isə ondan ibarətdir ki, dünya bu müharibənin gedişində Azərbaycanı yenidən kəşf etdi, ölkəmiz haqqında, onun malik olduğu güc barədə beynəlxalq birlikdə dəqiq təsəvvür formalaşdı. Onlar gördülər ki, müstəqillik tarixi dövründə inanılmaz dərəcədə güclənən Azərbaycanla heç bir halda təhdid dilində danışmaq olmaz. Çünki onun xalqın maraqlarını bütün dəyərlərdən üstün tutan, ölkənin bütün potensialını Vətən naminə səfərbər edən Lideri var və Xalq-Lider vəhdəti Azərbaycanın xoşbəxt gələcəyinin qarantıdır.

Zərdab rayon Əlibəyli kənd tam orta məktəbin müəllimi-Aliyə Rüstəmova