Xəbəraz

İmzalanmış sənədlər münasibətlərin çoxşaxəli inkişafını təmin edəcək

İmzalanmış sənədlər münasibətlərin çoxşaxəli inkişafını təmin edəcək

Azərbaycanı Qazaxıstanla ortaq tarix, mədəniyyət və milli köklər bağlayır. Hazırda ölkələrimiz arası münasibətlər özünün ən yüksək mərhələsini yaşayır. Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin nümayəndə heyəti ilə Azərbaycana yüksək səviyyəli rəsmi səfəri və qarşılıqlı əməkdaşlığa dair 20 sənədin imzalanması ölkələrimiz arası münasibətlərin gələcək inkişafında böyük perspektivlərin olacağını deməyə imkan verir. Xüsusilə qeyd etmək lazımdır ki, prezidentlərin imzaladıqları “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram” və “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” ölkələrimiz arası inkişafın vektorlarını müəyyənləşdirir.

Qazaxıstan və Azərbaycan arasında imzalanmış sənədlər münasibətlərin çoxşaxəli inkişafını təmin edəcək. Bu əməkdaşlığın əsas istiqamətlərindən biri də humanitar sahədir. Qazaxıstan şirkətlərinin işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulması və bərpası işində iştirak etmək təşəbbüsü ölkəmiz tərəfindən yüksək dəyərləndirilib. O cümlədən Prezident Kasım-Jomart Tokayevin ölkəmizə səfəri çərçivəsində ermənilər tərəfindən dağıdılaraq viran qoyulmuş Füzuli şəhərində Qazaxıstan tərəfindən hədiyyə olaraq tikiləcək Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin layihəsinin təqdimatı keçirilib. Bu uşaq yaradıcılıq mərkəzi özündə əsas dörd istiqaməti: musiqi – vokal və xor oxuma, müasir texnologiyalar, yəni, uşaqların daha çox xoşuna gələn, onların potensialını üzə çıxaran, sənət və yaradıcılıq – dulusçuluq sənəti, heykəltəraşlıq və əlbəttə ki, idman – oyun zalları, xoreoqrafiyanı cəmləşdirəcək. Mərkəzin tikintisinin gələn ilin sonuna kimi yekunlaşdırılması nəzərdə tutulub. Bu da Füzuli sakinlərinin qayıdışının sürətlənməsinə Qazaxıstanın bir töhfəsi olacaq. Bu o deməkdir ki, Qazaxıstan Azərbaycanın haqq işini həmişə dəstəkləyib və bundan sonra da yanımızdadır. Qazaxıstanın tikəcəyi Yaradıcılıq Mərkəzinin Füzuliyə qayıdacaq uşaqların inkişafında və yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılmasında böyük rolu olacaqdır.

Humanitar sahədə əlaqələrin genişlənməsi siyasi iqtisadi əməkdaşlığın dərinləşməsini sürətləndirəcək və ölkələrimizin daha da yaxınlaşmasına yol açacaq. Avqustun 1-dən Bakıda fəaliyyət göstərən “Qazax yurtası”nda dost və qardaş ölkənin turizm potensialı təqdim edilib. Bakı sakinləri “Qazax yurtası”nı ziyarət edir və böyük maraq göstərir. O cümlədən Kasım-Jomart Tokayevin təşəbbüsü ilə bu il Qazaxıstanda Azərbaycan mədəniyyətinin 10 günlüyünün keçirilməsi nəzərdə tutulub. Qazaxlar azərbaycanlıların mədəniyyətinə böyük maraq göstərirlər. Humanitar sahədə əlaqələrimizin inkişafı və dərinləşməsi müstəqilliyimizin tarixində münasibətlərimizin inkişafı və möhkəmlənməsi baxımından 30 ildə böyük yol keçdiyimizin göstəricisidir.

 

Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc