Xəbəraz

Azərbaycanın müstəqillik yolunun əsasını qoyan tarixi hadisə

Azərbaycanın müstəqillik yolunun əsasını qoyan tarixi hadisə

Azərbaycanda, о cümlədən onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanda XX əsrin 80-ci illərinin sonu – 90-cı illərinin əvvəlləri ictimai-siyasi hadisələrin mürəkkəb, dramatik dövrü kimi xarakterizə olunur. Sovet imperiyası rəhbərliyinin Azərbaycanın maraqlarına zidd siyasətinin, ermənilərin Naxçıvana ərazi iddialarının və sərhədlərdə hərbi toqquşmalar yaratmasının Muxtar Respublikanın həyatına ciddi təsir göstərdiyi həmin dövrdə Heydər Əliyevin yenidən siyasi səhnəyə qayıtması xalqın azadlıq uğrunda apardığı mübarizəni qələbə ilə başa çatmasına səbəb oldu.

Azərbaycana, eləcə də Naxçıvana o vaxtkı mürəkkəb vəziyyətdə zəngin siyasi təcrübəyə, diplomatik qabiliyyətə malik müdrik rəhbər lazım idi. Belə bir rəhbər Azərbaycan görkəmli dövlət xadimi Heydər Əliyev oldu. O, 1990-cı il iyulun 20-də Moskvadan Bakıya, iyulun 22-də isə doğulduğu Naxçıvana qayıtdı. 1990-cı il avqustun 21-də Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının (MSSR) Ali Sovetinin Rəyasət Heyəti Heydər Əliyevin Naxçıvan MSSR vətəndaşlığı barədə qərar qəbul etdi. 1990-cı il 30 sentyabr parlament seçkilərində o, Nehrəm seçki dairəsindən Azərbaycan SSR-in xalq deputatı, Naxçıvan Trikotaj Fabrikinin kollektivi tərəfindən isə Naxçıvan MSSR-in xalq deputatı seçildi. 1990-cı ilin noyabr ayının 17-də 12-ci çağırış Naxçıvan MSSR-in Ali Məclisinin ilk sessiyası Heydər Əliyevin sədrliyi ilə keçirildi. Həmin sessiyada çox mühüm qərarlar qəbul olundu. Sessiyada Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilərək Naxçıvan Muxtar Respublikası adlandırılması, Naxçıvan MSSR Ali Sovetinin adının dəyişdirilərək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılması, Azərbaycan Respublikasının milli istiqlal rəmzi olan üçrəngli dövlət bayrağının bərpası, onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi haqqında tarixi qərarlar qəbul olundu. Naxçıvan Muxtar Respublikasının Аli Məclisi Azərbaycan SSR Ali Sovetinin qarşısında həmin bayrağın bütünlükdə Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı. Ulu Öndərin Ali Məclisin Sədri vəzifəsində işləyərkən dünya azərbaycanlılarını bir ideya ətrafında -Vətənə və xalqa xidmət uğrunda birləşməyə səsləməsi və 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi xüsusi əhəmiyyətə malikdir.

Görkəmli dövlət xadimi Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Ali Məclisin Sədri seçilməsi Azərbaycanın müstəqillik yolunun əsasını qoydu. 1992-ci il martın 22-də Türkiyədə Baş nazir Süleyman Dəmirəllə Türkiyə Cümhuriyyəti tərəfindən Naxçıvan Muxtar Respublikasına maliyyə, iqtisadi və texniki yardım göstərilməsi barədə, 100 milyon dollar məbləğində kredit ayrılması və hər il 100 tələbənin Türkiyədə təhsil almasını nəzərdə tutan birgə Əməkdaşlıq Protokolu imzaladı. 1992-ci il mayın 29-da Naxçıvanla Türkiyə arasında Araz çayı üzərində tikilmiş “Ümid” körpüsünün açılışı oldu. 1992-ci il avqustun 22-də Heydər Əliyev İran İslam Respublikasına səfər etdi, ali dini lider Ayətulla Xameneyi, İran İslam Respublikasının prezidenti Əli Əkbər Rəfsəncani və digər rəsmi şəxslərlə görüşdü. Bu səfərin nəticəsi olaraq Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında müxtəlif sahələrdə əməkdaşlığa dair protokollar imzalandı.

 

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal