Xəbəraz

Milli dövlətçilikdə yeni nəfəs

Milli dövlətçilikdə yeni nəfəs

Milli dövlətçilikdə yeni nəfəs

Əsrlər boyu xalqların qarşıya qoyduğu konkret hədəflərə doğru irəliləməsi prosesində milli dövlətin mövcudluğu vacib şərtlərdən biri olmuşdur. Yalnız özünü milli fərd kimi dərk edən xalqlar milli dövlət quraraq onun mövcudluğunu qoruyub saxlaya bilmişlər. XX əsrdə Azərbaycan xalqının yetirdiyi nadir şəxsiyyət olan Heydər Əliyev də Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra, azərbaycanlıların istiqlal duyğularında qığılcım kimi közərən milli dövlətçilik düşüncəsini əsrin 70-ci illərinin əvvəllərindən başlamaqla əsrin sonlarına doğru müstəqil Azərbaycan dövləti kimi əzəmətli reallığa qovuşdurmuşdur.Ümummilli lider məhz həmin illərdə milli-mənəvi dəyərlərin, kadrların milliləşdirilməsi, azərbaycançılıq ideologiyasının sistem halına salınması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirmişdir. Ulu Öndər daim vurğulayırdı ki, azərbaycançılıq ideologiyası real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir. Ümummilli lider Heydər Əliyevin vətən və xalq qarşısında göstərdiyi böyük xidmətlərdən biri də milli dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından çox əhəmiyyətli olan azərbaycançılıq ideyasını irəli sürməsi, onu milli diasporun təşkilatlanması üçün ideoloji təmələ çevirməsidir. Ümummilli lider xarici ölkələrə səfərləri zamanı azərbaycanlılarla çoxsaylı görüşlər keçirmiş, xaricdə yaşayan soydaşlarımızı daim milli ideya ətrafında birləşməyə, təşkilatlanmağa, milli cəmiyyətlər yaratmağa səsləmişdir. Müstəqil Azərbaycan dövlətinin qurucusu Dahi rəhbər Heydər Əliyevin dövlətimiz,xalqımız qarşısındakı xidmətlərinə qısa baxış bir daha belə bir ümumiləşdirməyə və reallığı təsdiqləməyə əsas verir ki, bugünkü müasir müstəqil Azərbaycan Ulu Öndərin şah əsəridir. Bu əsəri Ulu Öndər Heydər Əliyevin siyasətinə sadiqliyi ilə zənginləşdirən Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan bu gün ən yüksək zirvədədir.

 

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı – Kamal Xəlilov