Xəbəraz

İqtisadi-ticari və digər sahələrdə əməkdaşlıq Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlığın genişlənməsinə töhfə verir

İqtisadi-ticari və digər sahələrdə əməkdaşlıq Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlığın genişlənməsinə töhfə verir

İqtisadi-ticari və digər sahələrdə əməkdaşlıq Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlığın genişlənməsinə töhfə verir

Azərbaycanın İtaliya ilə strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəsi siyasi sahə ilə yanası, digər sahələrdə də intensiv və məzmunlu əməkdaşlıq əlaqələri ilə səciyyələnir. İlk növbədə, ölkələrimiz arasında iqtisadi-ticari sahədə işbirliyi xüsusi əhəmiyyətə malikdir. İtaliya Azərbaycanın birinci ticarət və ixracat tərəfdaşıdır. Təkcə 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 6 milyard ABŞ dolları təşkil edib. İtaliyanın Cənubi Qafqaz ölkələri ilə ticarətinin 92 faizi Azərbaycanın payına düşür.

Enerji sahəsində əməkdaşlığın olduqca yüksək səviyyəsi xüsusilə qeyd olunmalıdır. Uzun illər Azərbaycan İtaliya istehlakçılarını xam neftlə təchiz edir. Keçən il Azərbaycan İtaliyanın ən böyük xam neft təchizatçısı olub. İtaliyada istehlak olunan neftin 17 faizi ölkəmizin payına düşür. Bu il Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP layihəsi üzrə işlərin tamamlanmasından sonra bu rəqəm daha da artacaq. Bu layihənin reallaşdırılması Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verməklə yanaşı, ölkələrimizin mənafeyi və xalqlarımızın rifahına mütləq şəkildə xidmət edəcək.

İtaliya dünyanın 7-ci iqtisadiyyatıdır və “Böyük Yeddilik” ölkəsidir. Qabaqcıl texnoloji yeniliklərə və nou-haulara malik italyan şirkətləri Azərbaycanın neft-qaz və qeyri-neft sektorunda ümumi dəyəri 10 milyard ABŞ dollarından çox olan 300-dən artıq müxtəlif layihələrdə iştirak edirlər. Hazırda Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və digər sahələrdə fəaliyyət göstərən 100-dən çox İtaliya şirkəti qeydiyyata alınıb.

Təsadüfi deyil ki, dövlət səfəri çərçivəsində Prezident İlham Əliyevin dünyanın ən aparıcı italyan şirkətlərinin rəhbərləri ilə görüşü oldu. Habelə cənab Prezidentin iştirakı ilə hər iki tərəfdən sənaye, o cümlədən tekstil və qida sənayesi, energetika, kənd təsərrüfatı, logistika, İKT, səhiyyə, turizm, konsaltinq, tikinti sahələrini təmsil edən 100-ə yaxın şirkətin qatıldığı Azərbaycan-İtaliya biznes forumu keçirildi. Əvvəlki biznes forum 2018-ci ilin iyul ayında İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfəri çərçivəsində Bakıda baş tutmuşdur. İki ölkənin iş adamları arasında dövlət başçılarının iştirakı ilə belə görüşlərin keçirilməsi ənənəvi hal almaqla yanaşı, ikitərəfli iqtisadi-ticari əlaqələrin inkişafına dövlət səviyyəsində verilən yüksək diqqətin göstəricisidir.

 

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı