Xəbəraz

Aktyor İlham Hüseyinov “Yuxu kimi” serialından çıxdı, yoxsa çıxarıldı ?… – MÜSAHİBƏ

Aktyor İlham Hüseyinov “Yuxu kimi” serialından çıxdı, yoxsa çıxarıldı ?… – MÜSAHİBƏ

Deyirlər, “Kamil sənətkar olmaq üçün, gərək sənətini ürəkdən sevəsən”.

Uzun-uzadı cümlələr qurub, mövzunu çoxaltmaq istəmirəm. Çünki, indi sizə haqqında bəhs edəcəyim, daha doğrusu onunla olan dialoqumuzu təqdim edəcəyim şəxs barəsində uzun-uzun tərifli cümlələr qurmağın yersiz olacağını düşünürəm. Çünki, həmin şəxs özü də tərifi sevmir və ortaya qoyulan yüksək səviyyəli real sənətin tərəfdarıdır. Və özü də qısa zamanda nümayiş etdirdiyi, çəkildiyi seriallarda, filmdə sözün əsl mənasında göstərdiyi sənətlə sənətkar olduğunu xalqa real sübut etdi. Dəvət aldığı verlişlərdə, yaxud müsahibələrində qurduğu “Mən… Mən…”lə başlayan cümlələrdə deyil, özünün də dediyi kimi ən dəqiq tamaşaçı olan kamera qarşısında oynadığı müxtəlif xarakterli obrazlarla həm obrazları, həm sənətini xalqa sevdirdi.

Bəli, söhbət qısa zamanda göstərdiyi yüksək səviyyəli sənəti və əsl sənətkar bacarığı ilə özünə geniş tamaşaçı auditoriyası, tamaşaçı sevgisi qazanmış İlham Hüseynovdan gedir.

Müxtəlif canlarda yaşayan bir ömür - MÜSAHİBƏ

Hansı ki, tamaşaçılar var ki, onun heç əsl adını belə bilmirlər – kimisi “İmran”, kimisi “Nüsrət” olaraq tanıyır ki, bu da onun peşəkarlığının ona qazandırdığı xoşbəxtliyin bir növüdür əslində.

Odur ki, keçid edirik, İlham Hüseynov ilə dialoqumuza. Görək mövzumuzun başlanğıcında işlətdiyimiz xalq deyimi İlham Hüseynov üçün nə dərəcədə realdır, yaxud qəbulediləndir.

– Salam, xoş gördük İlham bəy.
Necəsiniz?
Ümid edirəm yaxşısınız. Bu indi qarşıda bizi gözləyən bir neçə dəqiqəlik dialoqumuzda daha da aydın şəkildə həm bizə, həm izləyicilərimizə bəlli olacaq. Odur ki, sizin də, oxucularımızın da çox vaxtını almadan, keçid edirəm şəxsən məni və sizi sevən çoxsaylı tamaşalarınızı maraqlandıran suallara.

İlham bəy, sizi bir aktyor olaraq, geniş tamaşaçı kütləsi əsasən efirdən – daha dəqiq desək çəkildiyiniz seriallardan tanıyıb. Elə indi də tanıyırlar, sevirlər. Efirdə canlandırdığınız obrazlar arasında sizə ən çox populyarlıq gətirən, daha çox tamaşaçı auditoriyası toplayan rol ölkəmizdə çox böyük maraqla izlənilən və sizin də çəkildiyiniz “Vicdan haqqı” serialındakı “İmran” obrazı oldu. Ümumiyyətlə, o serial efirdə yayımlanan kimi böyük bir “partlayış”a səbəb oldu. Geniş tamaşaçı kütləsi tərəfindən hədsiz dərəcədə sevildi. Amma, onu da qeyd edim ki, o partlayışın içərisində siz də bir aktyor olaraq, özünəməxsus bir “partlayış” etdiniz. Fərqli bir oyun tərzi sərgilədiniz.
Doğrudur, “İmran” obrazı mənfi obraz idi. Tamaşaçıların nifrətini qazanmış bir obraz idi və mənfi obraza nifrəti qazandırmaq da sizin sözün əsl mənasında oyunçu məharətiniz idi. Sənətinizin sənətkarı olduğunuzun göstəricisi idi. O obrazla çoxları artıq, sizə nifrət edirdi. Etiraf edim ki, elə mənim özüm də)).

 

Müxtəlif canlarda yaşayan bir ömür - MÜSAHİBƏ


Amma, eyni zamanda sizi sevirdilər. Çünki, sizi tamaşaçıya sevdirən əsas amillərdən biri, fikrimcə çox qəribə, qeyri-adi oyun üslubunuz idi. Bax belə bir paradoksal təəssürat yaratmışdınız tamaşaçıların qəlbində.

Deyim ki, “İmran” obrazından sonra tamaşaçılarınız sizdən o obrazın üstünü görə biləcək daha maraqlı bir obraz gözləyirdilər. Amma, nədənsə onun ardından çəkilən “Yuxu kimi” serialında oynadığınız “Nüsrət” obrazı, “İmran” qədər effektli alınmadı…

Müxtəlif canlarda yaşayan bir ömür - MÜSAHİBƏ

İlham:
– Bir obraz kimi, yoxsa aktyor oyunu baxımından?

– Elə hər iki baxımdan.
Bilirsiniz, mənə elə gəlir ki, “Nüsrət” obrazı bir aktyor kimi sizin potensialınızdan aşağı səviyyədə idi. “İmran” obrazı bir xarakter olaraq, nə qədər aktiv bir personaj idisə, “Nüsrət” də bir o qədər passiv idi. Fikrimcə o obraz sizi müəyyən bir çərçivəyə salıb, “qol-qanad açmağa” qoymurdu. Aktyor kimi bütün üstün bacarıqlarınızı, istedadınızı meydana çıxarmanıza imkan vermirdi.
Yox, insafən onu da deyim ki, “Nüsrət” obrazı da sizin ifanızda nümunəvi insan, müsbət bir obraz kimi tamaşaçılar tərəfindən bəyənildi, sevildi. Amma, belə deyim ki, obraz var aktyoru sevdirir, obraz da var aktyor onu sevdirir. “İmran” obrazı sizi daha da tanıdıb, sevdirmişdi, amma “Nüsrət” obrazını siz sevdirdiniz. Tamaşaçıların sevimli personajına çevrildi Nüsrət.

Amma, birdən-birə, gözlənilmədən Nüsrət – yəni İlham Hüseynov bu serialdan getdi. Bəlkə də çıxarıldı.
Sual yaranır niyə və nəyə görə?

İlham Hüseynov:
– Maraqlı sualdır.

– Əslində məni sizdən müsahibə almağa təhrik edən də elə bu idi. Yəni, bu sualın cavabını sizin özünüzdən eşitmək. Bu sualın cavabı təkcə məni yox, serialı izləyən bütün tamaşaçıları maraqlandırır. Çünki, siz serialdan gedəndən sonra çoxsaylı tamaşaçılarınız təəssüf hissi ilə narahat olmağa başladı ki, “Görəsən, niyə getdi?” və hətta, bu mövzuda müxtəlif söz-söhbətlər də yayılmağa başladı…

İlham Hüseynov:
– Məsələn?

– Nəbilim, serialın rejissoru Rövşən İsaxla aranızda konfliktlər yaranıb, o sizi qəsdən serialdan kənarlaşdırıb, yaxud özünüz inciyib getdiniz serialdan və sair…
Hətta, belə bir versiya da var idi ki, səhhətiniz imkan verməyib çəkilməyə. Ümumiyyətlə, bu mövzuda müxtəlif versiyalar var idi….
Əlqərəz. Mən deyəsən uzun danışdım.)))
Buyurun, söz sizindir. Sizin cavabınız nədir bu suala?

İlham Hüseynov:
– Əvvəla onu qeyd etmək istəyirəm ki, yayılan bu söz-söhbətlərin, sadaladığınız o versiyaların heç biri doğru deyil. Rövşənlə mənim aramda hər hansı bir konflikt, hər hansı bir inciklik… Ümumiyyətlə, bu heç vaxt mümkün olan bir şey deyil. Hərçənd ki, belə bir deyim var – “Heç vaxt”heç vaxt” demə”. Həyatdır… Bəzən, olur ki, insan özü də bilmədən bir anın içində ən yaxın dostu ilə düşmən olur. Amma, mən bunu təsəvvür belə etmirəm. Etmək də istəmirəm. Biz Rövşənlə bir-birimizi 1980-ci illərin əvvəllərindən tanıyırıq. Bir şəhərdə doğulmuşuq – Gəncədə. Bakıda ali təhsil aldığımız illər də eyni dövrə düşürdü. Elə həmin illərdə də çox yaxın, isti münasibətlərimizin təməli qoyulub. Sonra, arada təqribən 15 ilə yaxın müddət ərzində bizim aramızda mütəmadi ünsiyyət olmadı. Səbəb də bu idi ki, mən o illərdə ölkə xaricində yaşayırdım. Və nəhayət 2009-cu ildə o məni özünün çəkdiyi “Aktrisa” filminə dəvət etdi.

Müxtəlif canlarda yaşayan bir ömür - MÜSAHİBƏ

Elə ovaxtdan, taa bugünə kimi istər yaradıcılıqda, istər şəxsi həyatda bir-birimizlə çox isti, səmimi dostluq münasibətindəyik. Bir sözlə, biz bir-birimizlə çox doğmayıq və bu doğmalığı hansısa xırda-para işlərə, söz-söhbətlərə qurban vermərik. Bu bizə ümumiyyətlə yaddır, heç bunu bacarmarıq da. O ki, qaldı mənim serialdan getməyimlə bağlı suala, bu lap mənim ürəyimcə oldu. Çünki, istər sosial şəbəkələrdə, istərsə də realda bu sualla mənə çoxları, dəfələrlə müraciətlər ediblər. Ona görə də mən bu suala ətraflı cavab vermək istəyirəm.

– Buyurun.

İlham Hüseynov:
– Bilirsiniz, “İmran” kimi mənfi – dələduz, hiyləgər bir roldan sonra, tamamilə ona kontrast, tamamilə onun əksi olan – saf, təmiz, vicdanlı, bir sözlə nümunəvi bir insan obrazını oynamaq, bir aktyor kimi mənim inkişafıma fayda verə biləcək bir iş idi. Belə ki, aktyor nə qədər fərqli, rəngarəng obrazlar oynayırsa, onun daxili plastikası, daxili dəyişimi, başqalaşma mexanizmi bir o qədər inkişaf edir.
Aktyor sənətinin spesifik xüsusiyyətlərindən biri də məhz budur. Bax bu baxımdan “Nüsrət” obrazı mənim üçün çox faydalı bir obraz idi.
Bax məsələn, olur ki, bir aktyor hansısa bir üslubda, hansısa bir ampulada bir rolu yaxşı oynayır. Bundan sonra rejissorlar başlayırlar ona eyni üslubda, eyni ampulada rollar verməyə. Belə-belə… aktyor eyni cür, eyni tipli rollar oynaya-oynaya düşür çərçivəyə. Aktyorun bütün rolları bir-birinə oxşayır. Bir sözlə bütün rolları biri-birinin təkrarı olur. Bu da tamaşaçını yorur və nəticədə aktyor tamaşaçı gözündə adiləşir, maraqsızlaşır.

O ki, qaldı İmranla Nüsrətin obraz olaraq müqayisəsinə, sizinlə razıyam. Doğrudur, “Nüsrət” obrazı mənə aktyor kimi öz potensialımı ifadə edə bilməyim, göstərməyim, xərcləyə bilməyim , öz imkanlarımdan tam istifadə edə bilməyim üçün İmran qədər geniş şərait yaratmırdı. Nüsrətin dəyişməyən həyat xətti hətta, mənə bir aktyor kimi hardasa müəyyən çərçivə yaradırdı və haqlısınız, məncə də məni həmin o çərçivəyə salırdı. Amma, işin başqa tərəfi də var. Bunu sizi deməliyəm ki, bu rola çəkildiyim müddətdə elə ağır, elə çətin, emosional, psixoloji yük baxımından elə affektli epizodlarla, məqamlarla, anlarla üzləşmişəm ki, o vəziyyəti oynayana qədər olmazın zülmünü çəkmişəm.
Heç bilirsiniz aktyor üçün bu nə deməkdir?…

– Nə deməkdir?

İlham Hüseynov:
– Xoşbəxtlik.

– Anlamadım?

İlham Hüseynov:
– Bax, aktyor çəkiliş zamanı ağır bir yükün altına girib, onu qaldıra biləndə, yəni ona verilən çətin, ağır bir işin öhdəsindən gələ biləndə, onun içinə elə bir xoşbəxtlik hissi çökür ki, şəxsən mən bu xoşbəxtliyi, həyatda heç bir digər xoşbəxtliklərlə nə müqayisə edə bilmərəm, nə də dəyişmərəm.

– Doğrudan da siz sənətinizi necə böyük sevgi ilə, necə dərindən sevirsiniz…

İlham Hüseynov:
– Yox, mən elə deməzdim. Bu sadəcə mənim vərdiş etdiyim həyat tərzidir.

– Maraqlıdır… davam edin.

İlham Hüseynov:
– Bax beləcə, maraqlı iş prosesi ilə “Yuxu kimi serialının birinci mövsümünü başa vurduq. İkinci mövsümün ortalarında mən nəsə hiss etməyə başladım ki, “Nüsrət” bir obraz kimi yavaş-yavaş boşalır. Onun heç bir şəxsi həyat xətti yoxdur. Ümumiyyətlə, onun şəxsi həyatı yoxdur. Onun həyatında heç nə baş vermir. Baş verənlər dostunun həyatındadır. Nüsrətin işi ya ona məsləhət vermək, ya onu danlamaq, ya onunla mübahisə etmək, ya da ki, onun dərdini çəkməkdir.
Vəssalam.
Bax beləcə, getdikcə “Nüsrət” obrazı mənim öz gözümdə o serialda artıq bir personaja çevrildi. Təbii ki, bu da məni narahat edirdi. Bütün bunları nəzərə alaraq, mən ssenaristlərdən biri olan Xan Əlizadəyə belə bir müraciət etdim. Dedim ki, “Xahiş edirəm, mümkündürsə, Nüsrət üçün ya yeni bir həyat xətti açın, ya da yox, ehtiyac yoxdursa, yaxud alınmırsa, onu sakitcə, yavaş-yavaş serialdan çıxarın”.

Dediyim odur ki, birinci təklif mənim özümdən gəldi. Necə deyərlər, “artıq olduğun yeri dar eləmə”… “Üzüsulu” getmək daha məsləhətlidir. Görünür, ssenaristlərimiz “Nüsrət” obrazı ilə bağlı müzakirələr aparıblar və onlar da bu qənaətə gəliblər ki, Nüsrətin getməyi məsləhətdir. Mən də onların bu qərarını çox səmimi, təbii qəbul etdim. Heç bir narazılıq, inciklik olmadı.

– O zaman belə bir sual yaranır – Nüsrət üçün yeni həyat xətti düşünmək, yazmaq mümkünsüz idimi, yaxud onlar bunu bacarmadılarmı?

İlham Hüseynov:
– Yox, söhbət bacarıqdan getmir. Bizim ssenaristlərimizin bacarığı, istedadı zatən göz qabağındadır. Bu boyda serialı yazan, düzüb-qoşan kimdir?
Təbii ki, onlar.

– Bəs o zaman, sizcə niyə Nüsrətin serialda qalması üçün bir tədbir görülmədi?

İlham Hüseynov:
– Bilirsiniz, serial çəkmək olduqca dinamik və tələsik bir iş prosesidir. Hər işi vaxtında çatdırmaq olmur. Burdan yazılır, yazıldıqca da ordan çəkilir. Hər həftə efirə iş çıxarmaq lazım gəlir. Belə olan halda, ssenaristlər də istər-istəməz əsas diqqəti birinci növbədə serialın süjet xəttini təşkil edən aparıcı rollara – əsas qəhrəmanlara yönəldirlər. Düzdür, ikinci, üçüncü dərəcəli rolları da diqqətdən kənar saxlamaq olmaz, amma ssenari yazmaq prosesində hərdən belə problemlər yaranır. Məsələn, indi deyəcəklərimi Rövşən İsaxın öz dilindən eşitmişəm. Deyir, – “Personaj var ki, diqqətini onun üzərində toplayan kimi, ssenari başlayır öz-özünə yaranmağa. Həmən dəqiqə fantaziyalar başlayır öz-özünə işləməyə. Dalbadal yeni fikirlər, yeni ideyalar gəlir adamın ağlına. Amma, elə personajlar da var ki, ha fikirləşirsən, ha “baş sındırırsan” ağıla heç bir ideya, fikir gəlmir ki, gəlmir”. Bax elə personajları yazmaq üçün iki-üç dəfə artıq vaxt tələb olunur. Burda isə vaxt çox azdır və istər-istəməz, məcburən bu personajların üstündən keçməlisən. Görünür, Nüsrət də belə bəxtsiz personajlardan idi.
Bu mövzuda mənim qənaətim belədir.

– Seriala yenidən qayıtmaq şansınız varmı?
Ümumiyyətlə sizcə bu mümkündürmü?

İlham Hüseynov:
– Fikrimcə, bu sualı mənə yox Rövşən İsax və digər ssenaristlərimizə versəniz daha münasib olar.

– Bəs siz özünüz necə, seriala qayıtmaq istərdinizmi?

İlham Hüseynov:
– Əgər, Nüsrət əvvəlki ruhda, əvvəlki durumda, konkret bir əməli, işi olmayan, sadəcə tərəf müqabili olduğu personajlarla dialoq yoldaşı kimi təqdim olunarsa, istəmərəm. Düşünürəm ki, bu mənim üçün də, tamaşaçılar üçün də maraqsız olar.
Yox, Nüsrət yeni bir ruh, yeni düşüncə ilə, yeni arzularla, xarakterinin buvaxta qədər açılmamış yeni çalarları, yeni əməlləri, işləri, yeni məqsədləri ilə təqdim olunarsa, qaytarılarsa, mən böyük məmnuniyyətlə və çox böyük həvəslə çəkilməyi istəyərəm. Təbii ki, bilirsiniz ki, bu da asılıdır ssenaristlərdən, onların yaradıcı təxəyyülündən. Ondan da əvvəl asılıdır işin gedişatında yaranan ehtiyacdan. Əgər ehtiyac yaranarsa, Nüsrət bəlkə də mənim təsəvvürlərimi qabaqlayacaq bir formada, məzmunda seriala qaytarılacaq. Yox, ehtiyac yaranmazsa, qaytarılmayacaq.

Hər iki variant mənim üçün məqbuldur və başadüşüləndir. Çünki, mən bir aktyor kimi bu roldan xoşluqla, halallıqla ayrılmışam. Ona görə də arxasınca zərrə qədər gözüm qalmayıb. Mən “Nüsrət” obrazından ayrılanda içimdən keçən yeganə hiss, duyğu bu idi ki, Nüsrət bu serialda öz missiyasını başa vurdu. Qoy getsin onu içdən sıxan, incidən, əzab verən bu mühitdən uzaqlaşsın, dincəlsin. Mən həm də bir insan kimi oynadığım obrazın halına acıyırdım. Baxmayaraq ki, o obrazı mən oynayırdım, amma eyni zamanda kənardan bir tamaşaçı kimi onun halına yanırdım.
Bax belə…

– Heç Nüsrət üçün darıxmısınızmı?

İlham Hüseynov:
(gülümsünür…)
– Kameram üçün daha çox darıxmışam. Çünki, kamera ən düzgün, ən dəqiq, ən ciddi, ən səmimi, ən tələbkar tamaşaçıdır. Yalançı oyunla onu inandırmaq olduqca çətindir. Demək olar, mümkün deyil. Aldatmaq da onun kimi.
Mümkün deyil, vəssalam.
Onun gözündən heç nə yayınmır. Onun gözü qarşısında nə edirsən et, ən xırda detalına qədər ekranda göstərəcək – pisi pis, yaxşını yaxşı. Ona görə də “kamera adlı bir tamaşaçı” qarşısında rol oynamaq mənim üçün son dərəcə məsuliyyətli, son dərəcə maraqlı iş prosesidir.

– Onda belə çıxır ki, “Yuxu kimi”dən sonra başqa heç bir serialda çəkilməmisiniz?

İlham Hüseynov:
– Xeyr.

– Ümumiyyətlə, başqa hər hansı bir serialda çəkilmək istərdinizmi?

İlham Hüseynov:
– Maraqlı bir ssenari və bu ssenarinin içində maraqlı rol təklifi olarsa, böyük həvəslə və böyük maraqla çəkilərəm.

– Yeri gəlmişkən, bildiyim qədərilə siz yalnız Rövşən İsaxın çəkdiyi seriallarda çəkilmisiniz?

İlham Hüseynov:
– Mən yeganə aktyoram ki, Rövşən İsaxın çəkdiyi bütün seriallarda rol almışam. Rövşən İsaxdan başqa mənim çəkildiyim yeganə serial, rejissor Cavid Təvəkkülün çəkdiyi “Qarabağnamə” serialında “Şah Qacar” obrazı olub. Amma, nədənsə o proyekt yarımçıq dayandırıldı.

– İlham bəy, deyirsiniz ki, yalnız Rövşən İsaxın çəkdiyi bütün seriallarda və Cavid Təvəkkülün bir serial proyektində çəkilmisiniz. Mənim üçün maraqlıdır, yəni buvaxta qədər adları çəkilənlərdən başqa heç bir rejissordan serial təklifi almamısınız?

Müxtəlif canlarda yaşayan bir ömür - MÜSAHİBƏ

Müxtəlif canlarda yaşayan bir ömür - MÜSAHİBƏ

İlham Hüseynov:
– Yox, niyə ki?!
Xüsusilə “Vicdan haqqı” serialında sonra bir neçə rejissor tərəfindən mənə təkliflər gəlmişdi. Amma, mən razılıq vermədim.

– Niyə?

İlham Hüseynov:
– Bilirsiniz, “İmran” kimi son dərəcə maraqlı, qeyri-adi, dolğun bir roldan dərhal sonra, keyfiyyətcə ondan aşağı bir obrazla efirdə görünmək istəmədim. Necə deyərlər, İmranın “dadını qaçırmaq” istəmədim. Düşündüm ki, o obrazın “dadı bir müddət damaqlarda qalsın”.

– Aydındır.
İlham bəy, ümumiyyətlə ölkəmizdə çəkilən serialların yaradıcı keyfiyyəti barəsində nə deyə bilərsiniz? Bu barədə sizin düşüncələriniz nələrdir?

İlham Hüseynov:
– Çox təəssüf ki, bugünkü gündə ölkəmizdə çəkilən serialların hər mənada keyfiyyəti, yaradıcı səviyyəsi qənaətbəxş deyil.
Təbii ki, bəzi istisnalar da var.

– Sizcə bunun səbəbi nədir?

İlham Hüseynov:
– Səbəblər çoxdur və müxtəlifdir.
Birinci ağıla gələn səbəb maliyyədir. Bizdə bu sahəyə çox az maliyyə ayrılır. Amma, fikrimcə elə az maliyyə ilə də ortaya normal iş çıxarmaq mümkündür. Misal üçün, Rövşən İsaxın ərsəyə gətirdiyi işlər bunun əyani sübutudur.
Mənim daha bir subyektiv fikrim də budur ki, bizim seriallarımızın əksəriyyətində ambisiya çatışmır.
Məsələn, mən sabah bir ssenari yazmaq və bu ssenarini çəkmək istəsəm, istər-istəməz gözümün önünə Rövşən İsax gələcək. Çünki, bizdə bu sahədə ən çox uğur qazanan rejissor, ssenarist odur.

Düşünərəm ki, “əgər Rövşən ortaya yaxşı iş çıxara bilirsə, mən niyə edə bilməyim? Yaxud niyə etməyim?
Axı gördüyüm işin yaxşı, pis – bütün tərəfləri mənim ünvanıma yazılır”.
Bax bu istəyi, bu cəhdi mən rejissorlarımızın çoxunda görmürəm. Ona görə də bu gün efirlərdə yayımlanan serialların əksəriyyətində istər ssenari, istər çəkiliş keyfiyyətləri tamaşaçıları qane etmir. Baxırsan ki, görülən iş qeyri-ciddi, zövqsüz və sünidir.

Ümumiyyətlə, mən belə düşünürəm ki, bizdə serialları daha ciddi, daha peşəkar rejissorlar çəkməlidir.
Ölkəmizdə belə rejissorlar var. Hansı ki, onlar da yalnız bədii filmlər çəkməklə məşğuldurlar. Amma, serial çəkmək onların ağıllarına belə gəlmir.

– Sizcə niyə?

İlham Hüseynov:
– Bax elə problem də budur – niyə?
Ona görə ki, onlar kinonun bu növünü ciddi iş hesab etmirlər. Ona ciddi baxmırlar, ciddi yanaşmırlar.
Razıyam, serial bədii film qədər ciddi, dərin fikir, məna, məzmun, forma və nəhayət estetika tələb edən kino növü deyil. Amma, serialda da sənət nümunəsi yaratmaq mümkündür axı.
Uzağa getməyək, elə qardaş Türkiyədə necə yüksək səviyyəli, necə gözəl seriallar çəkilir. Necə maraqla, heyranlıqla izləyirik onların seriallarını.
Baxın, son 20 ildə serial sektoru nə qədər inkişaf edib, bu sahəyə diqqət, həvəs necə artıb. Təkcə Türkiyədə yox, elə Avropada, Amerikada sənət baxımından necə nümunəvi seriallar çəkilir.
Təsəvvür edin, dünya kino bazarında, kino industriasında serial bədii filmlə əməlli-başlı rəqabətə girib. Çünki, ən azından geniş tamaşaçı kütləsinin buna böyük ehtiyacı, marağı var.
Düzdür, deyəcəksiniz, onlar qədər yüksək keyfiyyətli serial çəkmək, yenə də maliyyə tələb edir.
Razıyam. Düzdür, az maliyyə ilə onların səviyyəsinə serial çəkmək mümkün deyil. Amma, vacib deyil ki, bir neçə mövsümlük serial çəkəsən. Qoy çəkilsin on, on beş, iyirmi seriya. Amma, bugünkü keyfiyyət səviyyəsindən bir neçə ranq yuxarı olsun. Əgər, bu niyyət, bu cəhdlə normal işlər ortalığa qoyulsa, istər dövlət, istər şirkət, istərsə də şəxsi sponsorlar səviyyəsində bu işə maliyyə yatırmaq həvəsi, marağı artar.
Mən belə düşünürəm.
Beləcə… addım-addım inkişaf etmək olar mənim fikrimcə. Və ən nəhayət mən belə düşünürəm ki, ölkəmizdə müəyyən obyektiv, subyektiv səbəblərdən ardıcıl, mütəmadi bədii filmlər çəkilmirsə, bu boşluğu ciddi şəkildə seriallar çəkməklə doldurmaq olar.
Rövşən İsaxın belə bir sözü var, deyir – “Serial çəkmək mənim bir rejissor kimi formada qalmağım üçün bir trinajdır, çəkəcəyim hər hansı bir uğurlu kino üçün bir məşqdir. Necə deyərlər, “məşqdə nə qədər əziyyət çəkərsənsə, döyüşdə sənin üçün bir o qədər asan olar”.”

Yeri gəlmişkən, onu da vurğulamaq istəyirəm ki, mənim bu dediklərimin arxasında qətiyyən kiməsə məsləhət vermək, yol göstərmək niyyəti dayanmır. Mən sadəcə verdiyiniz suallar və bu mövzu ətrafında öz subyektiv fikirlərimi, arzularımı sizinlə bölüşmək istədim.

– İlham bəy, maraqlı söhbət üçün təşəkkür edirəm və ümid edirəm, bundan sonra da biz sizi ekranlarda və efirlərdə biri-birindən maraqlı obrazlarda görə biləcəyik.
Uğurlarınız bol olsun.
Bir daha təşəkkür edirəm.

Redaktordan: Bəli, sənətini “öyrəşdiyi həyat tərzi” adlandıran sənətkar, əslində kağız üzərində, ssenaridə sadəcə yazılan insan adlarına ifası ilə ruh verib, o adı insana çevirməyi və həmin özünün yaratdığı, ruh verdiyi insanı (oynadığı obrazı) bizə, tamaşaçılara sevdirməyi, yaxud nifrət etdirməyi mükəmməl bacarırsa bu onun sənətinə sadəcə sevgisi deyil, bütün varlığı ilə vurğunluğudur.

Tamaşaçı olaraq, mən belə görürəm, belə düşünürəm.

“DogruXeber.az” informasiya portalı üçün
Hazırladı: Jalə Asiman.

Müxtəlif canlarda yaşayan bir ömür - MÜSAHİBƏ