Xəbəraz

Ölkələrimiz arasında siyasi dialoq olduqca fəaldır və ikitərəfli gündəliyimizə yeni, vacib mövzular daxil olunur

Ölkələrimiz arasında siyasi dialoq olduqca fəaldır və ikitərəfli gündəliyimizə yeni, vacib mövzular daxil olunur

Ölkələrimiz arasında siyasi dialoq olduqca fəaldır və ikitərəfli gündəliyimizə yeni, vacib mövzular daxil olunur.

Dövlətimizin başçısı beynəlxalq forumda Azərbaycan-İtaliya münasibətləri, ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı rol və Azərbaycan həqiqətləri kontekstində geniş çıxış etdi.

İtaliya ölkəmizin ən yaxın tərəfdaşlarından biri olaraq   Azərbaycan İtaliyanı neftlə təchiz edən bir nömrəli ölkədir.  2020-ci ildə İtaliya və Azərbaycan arasında strateji tərəfdaşlığa dair imzalanan sənəd ölkələrimiz arasında mövcud fəal siyasi dialoqun formalaşmasında önəmli rol oynayır. Belə ki, ölkələrimizin ikitərəfli gündəliyinə davamlı olaraq yeni, vacib mövzular daxil edilir və ikitərəfli əməkdaşlığın inkişafı üçün önəmli təşəbbüslər göstərilir. Ölkələrimiz arasında sıx əməkdaşlıq və strateji tərəfdaşlıq ilə bağlı geniş müzakirələr davamlı şəkildə aparılır.

Azərbaycan ilə İtaliya arasında önəmli əməkdaşlıq istiqamətlərindən biri də təhsil sahəsidir. Buna misal olaraq ADA Universitetinin İtaliyanın beş aparıcı universiteti ilə tərəfdaşlığını qeyd etmək olar. Həmçinin Bakıda yaradılan Azərbaycan-İtaliya Universiteti də bu sahədə mövcud olan əlaqələrin göstəricisidir.

Çernobbio Forumunda çıxışı zamanı Prezident İlham Əliyev Azərbaycanın iki strateji neft boru kəmərinin inşası ilə Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi prosesində təşəbbüsü öz üzərinə götürdüyünə xüsusi diqqət çəkdi. Həmin neft boru kəmərlərindən biri Türkiyənin Aralıq dənizi sahilindəki limana qədər, digəri isə Gürcüstanın Qara dəniz sahilindəki limana qədər uzanır. Bununla da Azərbaycan Qara dəniz bazarı və dünya bazarlarına təchizatı şaxələndirməyə nail ola bilib. Son 10 il ərzində qonşu ölkələr bazarında etibarlı təchizatçı olan Azərbaycanın enerji strategiyasının önəmli mərhələsi nəhəng qaz yataqlarının istismarı ilə bağlıdır və ölkəmizin təsdiq edilmiş ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir. Eyni zamanda, Azərbaycan böyük qaz təchizatı boru kəmərinə malikdir. Bu, 3500 kilometr uzunluğunda olan və İtaliyaya qədər uzanan Cənub Qaz Dəhlizidir. Cənub Qaz Dəhlizi üç boru kəməri – Cənubi Qafqaz boru kəməri, Trans-Anadolu (TANAP) boru kəməri və Trans-Adriatik (TAP) boru kəmərlərindən ibarət inteqrasiya edilmiş boru kəmərləri sistemidir.

Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasının bütün ölkələr üçün böyük perspektiv və gələcək fəaliyyət üçün yol xəritəsidir. Dövlətimizin başçısı onu da vurğulayıb ki, Rusiya-Ukrayna müharibəsi nəticəsində təbii qaz məsələsi avropalıların gündəliyində dayanan ən aktual məsələlərdən biridir. Rusiya-Ukrayna müharibəsi başlayandan Azərbaycana qaz ixracının həcminin artırılması və ya ixraca başlanılması ilə bağlı 10-dan artıq ölkədən rəsmi müraciətlər edilib.

Artıq Avropa İttifaqı və Azərbaycan arasında enerji ilə bağlı dialoqa start verilib. Buraya yalnız təbii qaz deyil, həmçinin enerji bazarının digər seqmentləri, xüsusilə elektrik enerjisi, hidrogen və yaşıl hidrogen daxildir. Bərpaolunan enerji sahələrinin Azərbaycandakı potensialı dəyərləndirilib. Xəzərin təkcə Azərbaycan sektorunda təsdiq olunmuş potensialı 157 qiqavatdır. Bundan əlavə, 2020-ci ilin Vətən müharibəsində işğaldan azad edilən ərazilərdə – Qarabağ və Zəngəzurda külək, günəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çoxdur. Bu potensial ixrac üçün əlavə qaz tədarük etməyə imkanlar yaradacaqdır.

Azərbaycanın beynəlxalq hüquq, ədalət, beynəlxalq təşkilatların qərarları və sənədləri, həmçinin müdriklik üzərində formalaşmış öz siyasəti var. Bir sözlə, Azərbaycan artıq sabit siyasi mövqeyə, həmçinin sabit iqtisadiyyata malikdir. Müstəqil olmaq üçün isə əsaslı maliyyə yatırımları edilib.

Cənab Prezident İlham Əliyev Azərbaycanda insanların artıq 30 ildir ki, müstəqil olduqlarını və əbədi olaraq müstəqil yaşamaq istədiklərini beynəlxalq Forumda bəyan edib.  Müstəqil ölkə olaraq Azərbaycanın xarici amillərdən müdafiə olunması əsas məsələlərdəndir. Buna görə də yeni qlobal düzənin regionumuza təsirləri, böyük region ölkələrinin mövqelərinin necə olacağı, Ermənistanla sülhə nail olmaq planlarında nələr əldə edəcəyimiz və yeni nəsillərin gələcəyinin necə olacağı dövlətimiz üçün çox önəmlidir. Çünki Azərbaycan 30 il boyunca münaqişə və işğalla üzləşmiş, beynəlxalq hüquq normalarının pozulmasından əziyyət çəkmiş ölkə olub.

 

Könül Rəhimova

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru