Xəbəraz

Nankor müxalifətin xalq-iqtidar birliyini pozmaq istəyi mümkünsüzdür

Nankor müxalifətin xalq-iqtidar birliyini pozmaq istəyi mümkünsüzdür

44 günlük vətən müharibəsində Zəngilan və Qubadlı rayonları istiqamətində gedən döyüşlərdə könüllü olaraq iştirak etmişəm. Könüllü deyirəm çünki, yenicə dünyaya göz açan körpəsini qucağına almayıb vətəni üçün canından keçməyə hazır olan atayam mən. Könüllü deyirəm çünki, bu vətən atadan qabaq, anadan irəlidir. Uşaqlıqdan valideynlərim, məktəbdə müəllimlərim vətən sevgisini o qədər qürurla, məğrur hissi ilə izah ediblər ki, ağlımda ancaq bu vətən uğrunda gözümü qırpmadan canımdan keçmək olub.

Vətəni sevmək azdır, onu qoruman gərək. Mən də digər hərbçi yoldaşlarım kimi ana vətənimi qorumaq üçün hər an silaha sarılıb döyüşməyə hazıram.

Bu torpaqlarda bizim övladlarımız böyüyür. Onların xoşbəxt gələcəyi üçün, bünövrəsi güclü olan müstəqil Azərbaycanımızın daha da parlaq sabahı üçün canını, qanını fəda etmək bir müharibə iştirakçısı üçün heçnədir.

44 günlük haqq savaşımızdan sonra Ali Baş Komandanımız cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunsam da, şəhid olan döyüş yoldaşlarımın, digər qardaşların yoxluğu heç nə ilə dolmur. Daim onların qisasını almaq hissi ilə yaşayıram.

Son günlərdə düşmən cəbhə xətti boyu yenə təxribat törətdi. Amma mənasız olduğunu bir daha gördü. Ordumuzun igidləri, vətənin mərd oğulları imkan verməz ana yurda yadlar göz diksin. Dəmir yumruq yerindədir, hər zaman öz sözünü deyib və deyəcək.

Təəssüflər olsun ki, bizim düşmənimiz təkcə ermənilər deyil. Ermənistanın törətdiyi təxribatlar bəzi qara qüvvələrin sevinc mənbəyi olub. Müxalifət adını daşıyan trollar şəhidlərimizə, onların ailələrinə, qazilərimizə, biz müharibə iştirakçılarına qarşı saxta, cılız və əsassız fikirlər söyləyərək qarşıdurma yaratmaq istəyirlər. Amma şükürlər olsun ki, bizlər onların şər-böhtanına inanacaq qədər sadəlövh deyilik. Biz millət olaraq hər şeyi açıq aşkar görürük. Xalqımız vətən uğrunda bir gecədə birlik göstərdi. Torpaqlarımızın azadlığı uğrunda neçə-neçə oğullarımızın müharibədə iştirak etmək üçün küçələrə axışdığının şahidiyəm mən. Nankor müxalifətin xalq-iqtidar birliyini pozmaq istəyi mümkünsüzdür. Buna imkan vermərik!

Üzümü Əli Kərimli, Süleyman Süleymanlı, Sevinc Osmanqızı və onlar kimi digər vətən xainlərinə tutaraq bir daha deyirəm:

Hər zaman olduğu kimi bu gün də, sabah da Ali Baş Komandanımızın yanındayıq! Sizlər isə öz xülyalarınıza inanan, amma heç kimi inandıra bilməyən varlıqlarsınız. Ön cəbhədə düşmənin, arxa cəbhədə isə siz və sizin kimilərin cavabını verməyə hər zaman hazırıq!

Zərdab rayon Vətən müharibəsi iştirakçısı Hüseynzadə Rüfət Fərrux oğlu