Xəbəraz

Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında təmsil olunmaq Azərbaycan üçün əlamətdar hadisədir

Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında təmsil olunmaq Azərbaycan üçün əlamətdar hadisədir

Azərbaycan Prezidenti cənab İlham Əliyev Əlcəzairdə keçirilən Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxışı zamanı çox mühüm məsələlərə, önəmli məqamlara toxundu. Dövlətimizin başçısı Zirvə toplantısında regionda baş verən proseslər, Ermənistanın 30 illik işğalçılıq siyasətinin nəticələri və hərbi təxribatları, Azərbaycanın sülh təşəbbüsləri və digər önəmli məsələlər haqqında fikirlərini ifadə etdi.

Zirvə toplantısında Qoşulmama Hərəkatının Sədri kimi iştirak edən Prezidentimiz cənab  İlham Əliyev çıxışında ölkəmizin təşkilat çərçivəsində gördüyü işlərdən də bəhs edib. BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatının əsas məqsəd və prinsipləri BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə, eləcə də əsas insan hüquq və azadlıqlarına hörmət etməklə tövsif olunur. Bundan başqa, dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət etmək, böyüklüyündən asılı olmayaraq bütün irqlərin və xalqların bərabərliyini tanımaq, digər dövlətlərin daxili işlərinə qarışmaqdan çəkinmək, BMT Nizamnaməsi çərçivəsində hər bir dövlətin özünü fərdi və ya kollektiv şəkildə müdafiə etməsi hüququna hörmət etmək də bu beynəlxalq qurumun əsas məqsədləri sırasında yer alıb. 2011-ci ilin may ayında Qoşulmama Hərəkatına üzv seçildikdən sonra Azərbaycan təşkilatın işində daim fəal iştirak edib. Bu fəallığın nəticəsidir ki, Azərbaycan Respublikası 2019-cu ilin oktyabrında 25-26-da Bakı şəhərində Hərəkatın 18-ci dövlət və hökumət başçılarının Zirvə görüşünə ev sahibliyi edib. “Tədbirdə Hərəkata sədrlik 2019-2022-ci illər üzrə Azərbaycan Respublikasına keçib. Daha sonra sədrlik bir il uzadılıb. Azərbaycanın bu təşkilata sədr seçilməsi, şübhəsiz ki, diplomatiyamızın növbəti qələbəsi olub. Qoşulmama Hərəkatı Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın həyata keçirdiyi işğalçılıq siyasətinin ifşa olunmasında da vacib rol oynayıb. Bundan əlavə, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi bir sıra beynəlxalq təşəbbüslərlə çıxış edib ki, bu təşəbbüslər dünya ictimaiyyəti tərəfindən dəstəklənib.

Prezidentimiz cənab  İlham Əliyev çıxışında onu da bildirib ki, Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır. Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparıb. Bu müharibə 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnib. Gələcəkdə belə faciələrin qarşısının alınması üçün əlimizdən gələni etməliyik. Həmçinin Azərbaycanın Əlcəzair kimi işğaldan əziyyət çəkdiyi bildirilib. Dövlət başçısının vurğuladığı kimi, Ermənistan Azərbaycanın mülki əhalisinə və hərbçilərinə qarşı sistemli şəkildə müharibə cinayətləri törədib. İşğal dövründə bütün yaşayış məntəqələri məhv edilib, işğal ərazisində qalan 67 məsciddən 65-i dağıdılıb, ermənilər azərbaycanlılara qarşı soyqırımı törədib. BMT Təhlükəsizlik Şurası Ermənistanın işğal etdiyi torpaqlarımızın qeyd-şərtsiz azad edilməsi haqqında dörd qətnamə qəbul edib, amma bu qətnamələr təşkilat tərəfindən icra olunmayıb. Halbuki, təşkilatın elə qətnamələri var ki, dərhal icra olunub. Azərbaycana münasibətdə isə BMT TŞ ikili standartlarla çıxış edib. 2020-ci ildə Azərbaycan öz gücünə həmin qətnamələri icra edib. Bu kimi hallar BMT-də islahatların aparılmasını zəruri edir.

Zərdab rayon Yuxarı Seyidlər kənd tam orta məktəbin direktoru- Qabil Məmmədov