Xəbəraz

Azərbaycan “Böyük Qayıdış” adlanan proqramı artıq başlayıb

Azərbaycan “Böyük Qayıdış” adlanan proqramı artıq başlayıb

İkinci Qarabağ müharibəsində qazanılmış Qələbə nəticəsində iki il əvvəl Azərbaycan öz torpaqlarını Ermənistan işğalından azad etdi, 30 il davam edən Qarabağ münaqişəsinə son qoydu, ədaləti bərpa etdi və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinin icrasını özü təmin etdi. İkinci Qarabağ müharibəsinin xalqımızın qələbəsi ilə nəticələnməsi nəinki Azərbaycanın, bütün Cənubi Qafqazın tarixində yeni bir mərhələnin başlanğıcı deməkdir. Başqa sözlə, bu uğur, nailiyyət regionun yenidən çiçəklənməsinə böyük stimul verəcək. Prezidentimiz  cənab  İlham Əliyevin də bildirdiyi kimi, Azərbaycana maksimum sərf edən sənəd imzalanıb. Bu nəticənin qazanılmasında başda Müzəffər Ali Baş Komandan olmaqla, bütün Ordumuzun və hərbi əməliyyatlar dövründə birlik, həmrəylik nümayiş etdirən xalqımızın hər bir nümayəndəsinin rolu var. İndi isə qarşıda duran vəzifələrdən biri də azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işlərinə başlamaqdır. Artıq bu bölgələrə “Böyük Qayıdış”ın vaxtı gəlib çatıb. Oktyabrın 13-də Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısında çıxış edən Prezident cənab İlham Əliyev bu mövzuya toxunaraq bildirmişdir ki, azad olunmuş ərazilərdə minalardan təmizlənmə ilə paralel, indi Azərbaycan həm də işğaldan azad olunmuş ərazilərdə öz resursları hesabına genişmiqyaslı quruculuq işləri aparır. Biz, həmçinin keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı prosesinə başlamışıq. “Böyük Qayıdış” adlanan proqram artıq başlayıb. Həmin ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, yeni infrastrukturların yaradılması, sərmayələrin cəlb edilməsi və digər mühüm amillər Böyük Qayıdışın – layiqli və dayanıqlı məskunlaşmanın vaxtında, yüksək səviyyədə təmin olunması üçün çox əhəmiyyətlidir. Yol infrastrukturunun yaradılması – avtomobil və dəmir yollarının çəkilməsi, yeni hava limanlarının tikilməsi, bütün şəhərlərin baş planlarının hazırlanması və digər addımlar görülən işlərin sistemli xarakter daşıdığını göstərir. “Ağıllı şəhər”, “ağıllı kənd” layihələrinin həyata keçirilməsi regional inkişafın yeni nümunəsinin yaradılmasıdır. Sakinlər üçün rahat həyat şəraitinin və əlçatanlığın təmin olunmasına xidmət edən bu layihələr həm də vətəndaş məmnunluğunun artırılması baxımından çox önəmlidir. Bu həm də qabaqcıl təcrübənin tətbiqi deməkdir. Dünyada bu layihələrə daxil olan komponentlərə ağıllı infrastruktur və xidmətlər, ağıllı təsərrüfat və biznes, həmçinin ağıllı idarəçilik sistemi aiddir. Ağıllı idarəçilik sistemində əsas məqsəd vətəndaşın vaxtına qənaət, həmçinin hansısa süni əngəllərin meydana çıxmasının qarşısının alınması və əlçatanlığın tam təmin olunmasıdır. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük Vətən müharbəsində qazandığı Zəfər nəticəsində torpaq həsrətini çəkən keçmiş məcburi köçkün həmvətənlərimiz doğma yurdlarına qayıdırlar. Ağalı kəndinə əhalinin köçürülməsi Böyük Qayıdışın ilk qədəmləridir. Ağalı kəndinə birinci mərhələdə 41 ailə köçürülür. İlkin köçürülən ailələr, əsasən, müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayanlar arasından seçilib.Köçürülənlər arasında 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin hər birinin sakinləri var. Regionda yeni reallıqlar yaradan dövlətimizin bölgənin gələcəyi ilə bağlı hədəfləri böyükdür. Bu hədəflərə çatmaq üçün Azərbaycan bütün imkanlarını səfərbər edir. Sülhün və təhlükəsizliyin qarantı olan dövlətimiz işğaldan azad edilmiş Qarabağın, Şərqi Zəngəzurun bərpası və insanların öz doğma yurdlarına qayıtması üçün qarşısında qoyduğu hədəflərə qısa müddətdə nail olacaq. Biz azad edilmiş bütün torpaqları bərpa edirik və Zəngilan rayonu Ağalı kəndində “Ağıllı kənd” layihəsi də bunu təsdiqləyir. Ağalı kəndinin timsalında hər bir Azərbaycan vətəndaşı dövlətimizin hədəf və məqsədlərini görə bilər. Ağalı kəndi BöyükQayıdışın ilk müjdəsi oldu. Qayıdışımız mübarək! İnşallah tezliklə bütün Qarabağda və Şərqi Zəngəzurda yeni həyat başlayacaq! Bu sevinci bizə yaşadan Ali Baş Komandanımız, cənab Prezidentimiz İlham Əliyevə, rəşadətli ordumuza sonsuz təşəkkür edirik! Allah şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı diləyirik! Nəticə etibarilə, Azərbaycan strateji hədəflərini ardıcıl olaraq reallaşdırır. Böyük Qayıdış yolunda əmin addımlar atırıq. Bu isə tarixi Qələbənin prosesə çevrilməsi, milli həmrəyliyin güclənməsi, o cümlədən siyasi güc və sosial-iqtisadi inkişaf deməkdir

 

Zərdab şəhər 2 saylı tam orta məktəbin direktoru -Piralı Əliyev