Xəbəraz

İki il bundan əvvəl imzalanmış üç tərəfli Bəyannamə çoxillik münaqişəyə son qoydu

İki il bundan əvvəl imzalanmış üç tərəfli Bəyannamə çoxillik münaqişəyə son qoydu

İllərdir davam etmiş Azərbaycan – Ermənistan münaqişəsinə nəhayət ki 10 Noyabr 2020-ci ildə üçtərəfli Bəyannamə ilə son qoyuldu. Bu Bəyannamənin bəndlərinə görə tərəflər müharibəni dayandırıb, münasibətlərini yenidən qurmalı idilər. Lakin 2 ildir ki qarşı tərəfin razılaşmaması səbəbindən sülh müqaviləsi imzalanmamışdır. Bəyannamə imzalandıqdan sonra Azərbaycanın Prezidenti və Ermənistanın Baş naziri dəfələrlə görüşmüşdür.

31 Oktyabr 2022-ci ildə Rusiya Prezidentinin dəvəti ilə Azərbaycan Prezidenti cənab İlham Əliyev və Ermənistanın Baş naziri N.Paşinyan arasında Soçidə görüş keçirildi. Burada Cənab Prezidentimiz qeyd etdi ki, Qarabağ problemi tarixə qovuşub, o iki il bundan əvvəl həll edilib.

Soçi görüşünün əsas müzakirə mövzusu 2020-ci il 10 noyabr Bəyanatının, həmçinin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası haqqında 2021-ci il 11 yanvar tarixli Bəyanatın yerinə yetirilməsinin gedişi barədə oldu. Rusiya Prezidenti də iki dövlət arasında sərhədin demarkasiya və delimitasiya işlərinin başlanılmasını vacib hesab edib. Eyni zamanda, Vladimir Putin nəqliyyat dəhlizlərinin açılmasından danışaraq bunun həm dəmir yoluna, həm də avtomobil yollarına aid olduğunu xüsusi vurğulayaraq bir daha göstərib ki, Zəngəzur dəhlizi layihəsi rəsmi Moskva tərəfindən ciddi şəkildə dəstəklənir.

Soçidəki üçtərəfli görüşün nəticələri Azərbaycan üçün müsbət və əhəmiyyətlidir. Yeni Bəyanatda da məhz Prezidentimiz cənab  İlham Əliyevin mövqeyi və irəli sürdüyü, Rusiya Prezidentinin də dəstəklədiyi məsələlər öz əksini tapdı. Soçidə imzalanan Bəyanatda yer alan məsələlərdə Azərbaycanın mövqeyi ifadə olundu. O cümlədən Rusiya bir çox məsələlərdə ölkəmizin mövqeyini dəstəklədiyini büruzə verdi. Bütövlükdə Soçidəki üçtərəfli görüşün nəticələri Azərbaycanın növbəti siyasi-diplomatik qələbəsi oldu. Bütün bunlar göstərir ki, rəsmi Bakı Soçi görüşündə qarşısına qoyduğu bəzi məqsədlərə nail oldu.

 

Zərdab rayon Qaravəlli kənd tam orta məktəbin müəllimi Abdulxalıqova Xəyalə