Xəbəraz

Qəbul olunmuş hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət edib

Qəbul olunmuş hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət edib

Ötən illər ərzində atılmış hər bir addım və qəbul olunmuş hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət edib.

44 günlük Vətən müharibəsində qazanılmış Şanlı Qələbəmiz Azərbaycanın malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynadı. Reallıq budur ki, Ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən cənab İlham Əliyevin 19 illik Prezidentlik dövrünün 17 ili torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq işlərinə yönəldildi. Ərazi bütövlüyümüzün bərpa olunması bütün dövrlərdə Prezident İlham Əliyevin  siyasətinin əsasını təşkil etdi. Məhz ulu öndər Heydər Əliyev 2003-cü ildə xalqa müraciətində bu əminliyi ifadə etmişdir ki, axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları xalqın dəstəyi ilə cənab İlham Əliyev axıra çatdıracaq. Ona Özüm qədər inanıram.

Belə bir inamın ifadə edildiyi müraciətdən 17 il sonra Azərbaycan tarixi Zəfərə imza atdı. Qələbəyə qədər gedən yola qısa nəzər salaq.  Ötən illər ərzində atılmış hər bir addım və qəbul olunmuş hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət edib. Torpaqlarımız 30 il işğal altında olsa da  bir gün də belə unudulmadı. Ulu öndər Heydər Əliyevin  xarici ölkələrə elə bir səfəri olmurdu ki, Qarabağ münaqişəsindən bəhs etməsin. Ümummilli Liderin gərgin fəaliyyəti nəticəsində Azərbaycanın ətrafında yaradılan informasiya blokadası yarıldı, dünya həqiqətləri öyrənməyə başladı. Münaqişənin həlli üçün möhkəm hüquqi baza yaradıldı. Ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident cənab İlham Əliyev artıq tarixə qovuşan Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini  daha da artırdı və ən yüksək tribunalardan Azərbaycanın dəyişməz mövqeyini bəyan etdi. Qarabağ münaqişəsinin həllində Azərbaycanın diplomatik uğurlarının rolu daim önə çəkildi.Prezident cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi gərgin əməyinin nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanındı. Bütün istiqamətlərdə qazanılan uğurların bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması ilə bu hədəfə yüksək səviyyədə nail olduq.

Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal