Xəbəraz

Prezident İlham Əliyev qalib və qüdrətli Azərbaycan dövlətinin rəhbəri kimi Ərəb Dövlətləri Liqasının Zirvə sammitində iştirak etdi

Prezident İlham Əliyev qalib və qüdrətli Azərbaycan dövlətinin rəhbəri kimi Ərəb Dövlətləri Liqasının Zirvə sammitində iştirak etdi

Ərəb Dövlətləri Liqası Azərbaycan üçün milli maraqların müdafiəsi və həqiqətlərin çatdırılması baxımdan mühüm beynəlxalq platformadır. Sirr deyil ki, Azərbaycan 2006-cı ildən bu təşkilatın müşahidəçi statusunda üzvüdür. Məhz, ötən günlərdə təşkilatın sammitində respublikamızın iştirakı təmsil olunan dövlətlər ilə ölkəmiz arasındakı birliyi nümayiş etdirirdi. Eyni zamanda, bu, dostluq və qardaşlıq əlaməti idi. Bu mənada, Ərəb Dövlətləri Liqası ilə Azərbaycan arasındakı münasibətlərin xüsusi xarakteri var və təşkilatın Zirvə toplantısında təmsil olunmaq Azərbaycan üçün əlamətdar hadisə idi.

Ərəb Dövlətləri Liqasına 22 dövlət daxildir və bu da coğrafi baxımdan əsasən Şimali Afrika və Ərəbistan yarımadası ölkələrini əhatə edir. Ümumilikdə 334 milyonluq əhali potensialı və 14 milyon kvadrat kilometrə qədər ərazini əhatə edən Ərəb Dövlətləri Liqası üzvləri hazırda dünyanın karbohidrogen ehtiyatlarının böyük hissəsinə sahibdirlər. Liqa üzvləri eyni zamanda başqa beynəlxalq təşkilatlarda da təmsil olunmaqla müxtəlif mövzularda bir-birinə dəstək olurlar. Bu mənada, Azərbaycanın Liqa və onun üzvləri ilə əməkdaşlıq etməsi qarşılıqlı siyasi, geosiyasi və iqtisadi maraqlar baxımından olduqca əhəmiyyətlidir. Heç şübhəsiz ki, Prezident İlham Əliyev qalib və qüdrətli Azərbaycan dövlətinin rəhbəri kimi Ərəb Dövlətləri Liqasının Zirvə sammitində iştirak etdi və çıxış edərək dünyada terror, soyqırımı siyasəti yürüdən Fransa, Ermənistan kimi dövlətləri ifşa etdi. Azərbaycanın Ərəb Dövlətləri Liqasının Zirvə sammitində iştirakı həm də cənub sərhədlərimizdən təhdid dolu əsən “gilavarın” da təsirini neytrallaşdıran bir faktora çevrildi. Eyni zamanda, Azərbaycanın Zirvə sammitində iştirakı ərəb dövlətlərinin işğaldan azad olunmuş və hazırda bərpa olunan Qarabağa, Şərqi Zəngəzura sərmayə yatırmaq üçün bir çağırış imkanı oldu. Bir sözlə, Azərbaycanın Ərəb Dövlətləri Liqasının Zirvə sammitində iştirakı qarşılıqlı maraqların müdafiəsi və münasibətlərin dinamik inkişafı prizmasından xüsusi önəm kəsb edir.

Elyurə Məmmədova-Zərdab Rayon mədəniyyət mərkəzinin direktoru