Xəbəraz

AR Konstitusiya Məhkəməsi gənclər arasında hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsinə və təbliğinə hər zaman diqqət yetirir

AR Konstitusiya Məhkəməsi gənclər arasında hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsinə və təbliğinə hər zaman diqqət yetirir

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi gənclər arasında hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsinə və təbliğinə hər zaman diqqət yetirir

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi fəaliyyətə başladığı vaxtdan beynəlxalq əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət verərək, xarici ölkələrin konstitusiya nəzarəti orqanları və beynəlxalq təşkilatlar ilə sıx əməkdaşlıq edir. Hazırda Məhkəməmiz Konstitusiya Ədalət Mühakiməsi üzrə Dünya Konfransı, Avropa Konstitusiya Məhkəmələri Konfransı, Asiya Konstitusiya Məhkəmələri və Ekvivalent İnstitutlar Assosiasiyası, Avrasiya Konstitusiya Nəzarəti Orqanları Assosiasiyası və Türk Dövlətləri Təşkilatının Konstitusiya Yurisdiksiyaları Konfransının tamhüquqlu üzvüdür.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi beynəlxalq məhkəmə-hüquq əməkdaşlığı çərçivəsində ayrı-ayrı dövlətlərin konstitusiya nəzarəti orqanları, həmçinin beynəlxalq təşkilatlar tərəfindən təşkil olunan mötəbər tədbirlərdə iştirak edir. Sonuncu belə tədbirlərdən biri Konstitusiya Ədalət Mühakiməsi üzrə Dünya Konfransı Təşkilatı tərəfindən cari il oktyabrın 4-7-də təşkil edilmiş 5-ci Dünya Konqresi oldu. Geniş formatda keçirilən bu tədbirdə bir sıra aktual mövzular ətrafında müzakirələr aparılıb, məruzələr dinlənilib. Təşkil olunan bu cür beynəlxalq konfranslar, tədbirlər konstitusiya ədalət mühakiməsi sahəsində qarşılıqlı təcrübə mübadiləsinin aparılması üçün geniş imkanlar yaradaraq, eyni zamanda, yeni əməkdaşlıq münasibətlərinin qurulması üçün olduqca əlverişli platforma qismində çıxış edir.

Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi gənclər arasında hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsinə və təbliğinə hər zaman diqqət yetirir. Gənclərin hüquqi biliklərinin artırılması, Konstitusiyanın əsasları və mahiyyətinin daha dərindən öyrənilməsi məqsədilə ənənəvi olaraq, hər il ölkəmizin müxtəlif bölgələrində 12 Noyabr – Konstitusiya Günü münasibətilə ali təhsil müəssisələrinin tələbələri və orta məktəb şagirdləri arasında hüquq olimpiadası keçirilir. Cari ilin oktyabrında respublikanın bir sıra rayonlarında orta təhsil müəssisələrinin yuxarı sinif şagirdləri arasında keçirilib. Gələn ilin fevralında isə Bakıda təşkil ediləcək hüquq olimpiadası Əsas Qanunun müəllifi olan ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.

Ümumilikdə ölkəmizdə aparılan gənclər siyasətinə uyğun olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətində də gənclərin iştirakı müasir dövrün tələblərinə uyğun həyata keçirilir. Belə ki, ali təhsil müəssisələrinin tələbələri mütəmadi olaraq Məhkəmədə təcrübə keçərək, konstitusiya nəzarəti orqanının fəaliyyəti ilə əyani surətdə yaxından tanış olmaq imkanı əldə edirlər.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi ilə gənclər arasında işbirliyindən bəhs edərkən Məhkəmədə keçirilən Könüllü Proqramını xüsusi olaraq qeyd etmək lazımdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində 2019-cu ildən keçirilən bu Proqrama gənclərin marağı kifayət qədər böyükdür. Könüllülər Məhkəmənin Aparatının müxtəlif şöbə və sektorlarında təcrübə keçir, Məhkəmənin Plenum iclaslarının təşkil edilməsi, eyni zamanda, vətəndaşların qəbulu prosesində bilavasitə iştirak edir, sorğu, müraciət və şikayətlərin öyrənilməsi vasitəsilə əsas insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi mexanizmi ilə yaxından tanış olurlar.

Bu gün müasir müstəqil Azərbaycan dövlətinin memarı ulu öndər Heydər Əliyevin ideyaları əsasında sabitlik, inkişaf və tərəqqi yolu ilə inamla addımlayan dövlətimiz inkişafının tarixi dönüş mərhələsindədir. Əminliklə deyə bilərik ki, ölkəmiz ildən-ilə güclənərək müstəqillik tarixinin ən qüdrətli dövrünü yaşayır.

 

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı