Xəbəraz

Azərbaycan ədalətli sülh istəyir

Azərbaycan ədalətli sülh istəyir

Ermənistanın 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlaması sonda onun kapitulyasiyası ilə nəticələndi. Yəni, Ermənistan anlamalıdır ki, Azərbaycan hər nə qədər sülh tərəfdarı olsa da, müharibəyə də, təxribatların qarşısını almağa da hazırdır.

Azərbaycan sülh istəyir. Sülhə gedən yol isə Zəngəzur dəhlizindən, silahsızlaşdırılmış və Azərbaycan cəmiyyətinə inteqrasiya olmağa hazır olan, hansısa missiyanın himayəsində yox, Azərbaycan dövlətinin və qanunlarının himayəsində yaşayan erməni icmasından və Ermənistan tərəfindən tanınan Azərbaycan sərhədlərindən keçir. Mərkəzi Asiya dövlətləri də bu dəhliz vasitəsilə Türkiyə və Avropaya qısa yolla quru əlaqələri yarada bilər. Beləliklə, beynəlxalq iqtisadi əlaqələrin qurulmasına böyük töhfə olar: Yolların açılması, Zəngəzur dəhlizinin yaradılması, bütün ticarət əlaqələrinin bərpası, yəni Cənubi Qafqazda uzun fasilədən sonra sülhün təmin edilməsi tək Azərbaycanın deyil, Ermənistanın da maraqlarına cavab verəcək. Bu gün regionun aparıcı güclərinə çevrilən Türkiyə və Azərbaycan gerçəkliyi unudulmamalıdır. Türkiyə-Azərbaycan  münasibətləri illərin sınağından keçib. Hər zaman ağır günlərdə Türkiyə ilə Azərbaycan bir-birilərinin yanında olublar və olacaqlar da. Türkiyə Azərbaycanın haqq işinə  siyasi və mənəvi dəstək verir.

 

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Aişə Hacizadə