Xəbəraz

Daxili sabitlik, milli birlik, milli həmrəylik, xalq-iqtidar birliyi

Daxili sabitlik, milli birlik, milli həmrəylik, xalq-iqtidar birliyi

Daxili sabitlik, milli birlik, milli həmrəylik, xalq-iqtidar birliyi.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun otuz ilə yaxın Ermənistanın işğalı altında olan torpaqları azad etməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması müstəqil dövlətçilik tariximizin ən şərəfli səhifəsidir. Xalqımız heç zaman işğalla barışmamış, itirilmiş ərazilərin  gec və ya tez, sülh və ya hərb yolu ilə qaytarılacağına inamla yaşamış, Zəfər gününü böyük ümidlə gözləmişdir.

Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev xalqın və Ulu Öndərin müqəddəs arzusunu qətiyyətlə, ardıcıllıqla həyata keçirdiyi hərtərəfli tərəqqi və sürətli inkişaf strategiyası, mükəmməl sosial-iqtisadi islahatlar və müasir ordu quruculuğu sayəsində gerçəkləşdirdi, möhtəşəm Zəfərin, misilsiz Qələbənin memarı və müəllifi kimi adını əbədi olaraq Azərbaycanın indiki və gələcək nəsillərinin yaddaşına, Vətən tarixinə yazdırdı. İndi biz Şuşaya, Ağdama, Laçına, Kəlbəcərə, Füzuliyə, Cəbrayıla, Zəngilana və Qubadlıya da gedə bilirik.

Bu Qələbənin kökündə Azərbaycanın sosial-iqtisadi yüksəlişi hesabına güclü iqtisadi potensialın yaradılması dayanır. Çünki ölkəmizin müstəqilliyi dövründə, xüsusən, cənab İlham Əliyevin hakimiyyəti illərində həmin potensial məqsədyönlü şəkildə daha da gücləndirilmiş, sonralar Azərbaycanın böyük iqtisadi uğurları üçün baza rolunu oynamışdır. Müharibədə Qələbə çalmaq, otuz ilə yaxın davam edən işğala son qoymaq üçün ordunun döyüş qabiliyyəti ilə yanaşı, dövlətin iqtisadi potensialının da mühüm rol oynadığı heç kimə sirr deyil.

Başdan-başa minalanmış ərazisi təmizlənərək, fantastik sürətlə, cəmi 8 ay ərzində inşası başa çatdırılmış, Türkiyə və Azərbaycan prezidentlərinin iştirakı ilə açılışı keçirilmiş “Qarabağın hava qapısı” – Füzuli və Zəngilan Beynəlxalq Hava Limanları, hazırda inşası aparılan Laçın beynəlxalq hava limanı, hələ döyüşlər qurtarmadan Suqovuşan və Talış kəndlərinə çəkilişinə başlanan avtomobil yolları da daxil olmaqla, o cümlədən “Zəfər yolu” adlandırılan Əhmədbəyli-Füzuli-Şuşa yolu, mürəkkəb relyefli ərazilərdə yüksək sürət və texnologiyalarla inşa edilən digər avtomobil yolları, tunellər, yol ötürücüləri bölgənin inkişafına əhəmiyyətli təkan verməklə yanaşı, müasir tələblərə uyğun hərbi, siyasi və strateji əhəmiyyətli yol-nəqliyyat infrastrukturunun yaradılmasına xidmət edir və dövlətimizin gücünü bütün dünyaya göstərir.

Müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə əbədi yazılan, dövlət başçımızın rəhbərliyi, qətiyyəti, sərkərdəlik məharəti, xalqın Prezidentinə olan birmənalı dəstəyi və onun ətrafında sıx birləşməsi, Azərbaycan Ordusunun rəşadəti və yüksək döyüş qabiliyyəti sayəsində təmin edilən bu şanlı Zəfər hər bir azərbaycanlıda böyük qürur və iftixar hissi doğurur.

Xalqa və xalq-dövlət birliyinə arxalanaraq həyata keçirdiyi irimiqyaslı layihələr, möhtəşəm qələbələr, Müzəffər Ali Baş Komandan kimi rəşadətli ordumuzla əldə etdiyi tarixi Zəfərlə Prezident cənab İlham Əliyev bu gün Azərbaycanı yeni zirvələrə doğru inamla apararaq əzəli torpaqlarımıza Böyük Qayıdışımızı gerçəyə çevirir.

 

 

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Tavad Qurbanova