Xəbəraz

Müharibənin son məqsədi Şuşanı işğaldan azad etmək idi

Müharibənin son məqsədi Şuşanı işğaldan azad etmək idi

Şuşa və ətrafındakı dağlıq ərazi Qarabağ bölgəsindəki ən strateji əhəmiyyətli yerlərdən biridir, ümumiyyətlə bölgənin “döyünən ürəyi” adlandırılır. Şəhər XIX əsrin ortalarına qədər regionda yaşayan azərbaycanlı əhalinin mədəni və siyasi mərkəzi sayılırdı. Həmçinin, şəhər Qarabağda müdafiə onurğası rolunu oynayır, separatçılar tərəfindən paytaxt elan edilmiş,  Xankəndi şəhərini strateji Laçın dəhlizi vasitəsilə Ermənistanın Gorus şəhərinə bağlayır. Şuşa şəhəri 1992-ci ildə, Birinci Qarabağ müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş və şəhər əhalisi məcburi köçkün olmuşdur. Azərbaycan xalqı üçün müstəsna tarixi, mədəni, mənəvi və rəmzi əhəmiyyətə malik olan, “Azərbaycan musiqisinin beşiyi” adlandırılan Şuşa şəhərinin işğalı ilə Azərbaycan xalqının maddi-mədəni və mənəvi irsinə ağır zərbə vurub. Azərbaycan xalqı bu məğlubiyyətlə razlaşmırdı və ermənilər çox yaxşı bilirdilər ki, Azərbaycan xalqı hər hansı yol bir gün öz ata–baba torpaqlarına qayıdacaqdır.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab  İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə etmişdir. Cəbrayıl şəhərindən irəliləyən Azərbaycan qüvvələri oktyabrın ortalarında Hadrut qəsəbəsini ələ keçirmişdir. daha sonra şimala doğru irəliləyərək meşələri və dağ keçidlərini aşıb, Şuşa rayonuna daxil olmuşdur. Şuşa müharibənin başlanğıcından bəri bombardman altında olmasına baxmayaraq, yalnız 29 oktyabrdan şəhər yaxınlığında lokal döyüşlər başlamışdır.  Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri 7 noyabrda şəhərin qayalıqlarını dırmaşaraq yüngül silah-sursat ilə Şuşaya daxil olmuşdur. Onlar tezliklə erməni qoşunlarını şəhərdən qovmuş və 8 noyabrda Azərbaycan Prezidenti cənab İlham Əliyev Azərbaycan qüvvələrinin Şuşanı işğaldan azad etdiyini bəyan etmişdir, lakin Ermənistan rəhbərliyi bunu təkzib etmişdir. Buna baxmayaraq, ertəsi gün Azərbaycan Müdafiə Nazirliyi şəhərdən video yayımlamış və Şuşanın tamamilə Azərbaycanın nəzarətində olduğunu təsdiqləmişdir. Elə həmin gün Qondarma Dağlıq Qarabağ Respublikasının Prezident Aparatı separatçı qüvvələrin Şuşanın nəzarətini itirdirdiklərini təsdiqləmiş, fəqət sonradan Ermənistan Baş naziri Nikol Paşinyan və Ermənistan Müdafiə Nazirliyi buna zidd olan bəyanatlar yaymışdır. Atəşkəs razılaşmasının imzalanmasından sonra Qondarma Dağlıq Qarabağ Respublikası Prezidenti Arayik Harutyunyan, eləcə də Paşinyan, separatçı qüvvələrin 7 noyabrda şəhərə nəzarəti itirdiyini etiraf etmişdir. Şuşanın işğaldan azad edilməsi müharibənin həlledici anı olmuş və Azərbaycana strateji üstünlük vermişdir. Döyüşdən bir neçə gün sonra Ermənistan məğlubiyyəti qəbul etmiş və Azərbaycan müharibədə qələbə çalmışdır.

 

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Vüsal Rəhimov