Xəbəraz

Türk dünyası böyük bir ailədir

Türk dünyası böyük bir ailədir

Türk dünyası böyük bir ailədir

2022-ci il Noyabrın 11-də Özbəkistan Respublikasının paytaxtı Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşü keçirilmişdir. Görüşdə digər türk dövlətlərinin rəhbərləri  ilə birlikdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də iştirak etmişdir. Dövlət başçılarının iştirakı ilə mühüm qərarlar və məsələlər ətrafında fikir mübadiləri aparılmışdır. Sammitdə çıxış edən dövlət başçımız öz çıxışında dünya türklərinin istək və arzularını dilə gətirərək onların hüquqlarının qorunması istiqamətində bu görüşün faydalarından bəhs etmişdir. Eyni zamanda öz tarixi nitqində İkinci Qarabağ müharibəsindəki böyük zəfərimizdən və bu müharibənin nəticələrinin bölgə üçü n yeni imkanlar yaradacağını vurğulamışdır. Bu zirvə görüşü gələcəkdə türk dövlətləri arasında iqtisadı və siyasi əlaqələrin güclənməsinə və inkişafına öz töhfələrini verəcək, iqtisadi və ticarət sahəsində yüksəlişi təmkin edəcəkdir.

Tarix boyu türk xaqanları böyük bir coğrafi arealda yaşayan türk xalqlarını birləşdirmək istiqamətində böyük işlər görmüşlər. Ötən əsrin sonlarında müstəqil dövlətçiliyini bərpa etmiş Azərbaycan Respublikası eyni tarixi kökə, dinə, dil qrupuna, oxşar mental dəyərlərə malik xalqlarla münasibətlərini tamamilə yeni müstəvidə qurmaq imkanı əldə etmişdir. Respublikamız bu gün bütövlükdə türkdilli xalqlara məxsus ortaq dəyərlərin, müsbət ənənələrin daşıyıcısı olaraq, onların vahid məqsəd və ideyalar ətrafında konsolidasiyasını gerçəkləşdirmək əzmi nümayiş etdirir. Bütün həyatı boyu türkdilli xalqların qədim tarixi keçmişinin, milli-mənəvi dəyərlər sisteminin müdafiəsində dayanmış ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı – Azərbaycan Prezidenti cənab İlham Əliyevin fəaliyyəti bu baxımdan diqqəti xüsusi cəlb edir. Azərbaycan Prezidenti cənab İlham Əliyev ümumtürk birliyinin möhkəmləndirilməsi xəttini xarici siyasətdə mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirərək, təkcə Türkiyə ilə deyil, Orta Asiyanın türkdilli dövlətləri ilə münasibətləri gücləndirmək xəttinə üstünlük verir. Dövlət başçısı türkdilli xalqların oxşar milli irsinə, ülvi və pak dəyərlərinə, mental xüsusiyyətlərinə həm də ümumi müqaviməti və səfərbərliyi təmin edən güclü ideoloji-siyasi təsir vasitəsi kimi yanaşır. Prezident cənab İlham Əliyevin fəaliyyətini yaxından izləyən hər kəs təsdiqləyə bilər ki, bu gün Azərbaycan türk dövlətlərinin inteqrasiyası prosesinin sadəcə iştirakçısı deyil, həm də ən fəal təşəbbüskarlarındandır.

Zərdab rayon Dəkkəoba kənd tam orta məktəbin direktor müavini Mayisə Xəlilova

 

Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri aparır

Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində genişmiqyaslı fəaliyyətə başlayıb. Artıq bir sıra istiqamətlərdə, xüsusən regionun enerji ilə təminatı, yol infrastrukturunun qurulması, dəmir yolu xətlərinin və hava limanlarının tikintisi sahəsində ciddi addımlar atılmaqdadır. Təbii ki, Prezident cənab İlham Əliyevin həmin ərazilərə səfərləri zamanı yeni-yeni obyektlərin təməlinin qoyulması da işlərin ardıcıllıqla davam etdiyini göstərir. Dövlət başçısının, demək olar ki, bütün çıxışlarında, xarici ölkələrin nümayəndələri ilə təmaslarında da Qa­rabağın bərpası əsas müzakirə mövzusu olur. Prezident cənab İlham Əliyev bu mövzu­da danışarkən işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən infrast­ruktur layihələri, investisiyaların cəlb olunması barədə məlumat verir. Bildirir ki, həmin ərazilərdə yenidənqurma pro­sesi gedir, qarşıda nəhəng işlər durur və böyük bir ərazi tamamilə yenidən quru­lacaq. Ermənilər tərəfindən vəhşicəsinə dağıdılmış ərazilərin yenidən qurulması ölkədə iqtisadiyyatın qeyri-enerji sektoru­nun, xüsusilə tikinti sahəsinin inkişafına təkan verəcək.

Prezident cənab İlham Əliyev  “ağıllı kənd” konsepsiyası ilə yenidən qurulacaq kəndlərin təməlinin qoyulduğunu, işğaldan azad edilmiş əraziləri “yaşıl zona” elan etdiyini, həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyasından istifadə olunacağını, şəhərlər üçün baş planların hazırlandığı­nı, enerji istehsalı, elektrik enerjisi, avto­magistrallar, dəmir yolları, hava limanları ilə bağlı infrastruktur layihələrinin həyata keçirildiyini qeyd edib. Azərbaycan lideri keçirdiyi görüşlərdə ərazilərin tamamilə bərpa olunacağını bildirib. Onun sözlərinə görə, Vətən müharibəsi dövründə Azərbaycan–İran sərhədi tam bərpa edilib, işğal altında olmuş 132 kilometr sərhəd azad edilib. Müharibədən dərhal sonra sərhəd bo­yunca bütün lazımi istehkam, mühafizə işləri görülüb. Hazırda həm Azərbaycan-İran, həm Azərbaycan–Ermənistan sərhədləri boyunca lazımi işlər aparılır.

30 ilə yaxın müddət ərzində işğalçı qüvvələrin əlində olmuş bu sərhədin uzunluğu 500 kilometrə yaxındır.

Azərbaycan Prezidenti cənab İlham Əliyev Ermənistanda baş qaldıran revanşist qüvvələrə də dəfələrlə xəbərdarlıq edib ki, bizə qarşı ərazi iddialarından, təxribatlardan əl çəksinlər: “Əgər bir daha buna cəhd göstərilərsə, düşmən yerindəcə məhv ediləcək. Biz öz sərhədimizi qoruyuruq və bundan sonra da qoruyacağıq. Hər bir ölkənin sərhədi onun dövlət rəmzlərindən biridir. Azərbaycan öz sərhədlərini, ərazi bütövlüyünü tam bərpa edib”.

Prezident cənab İlham Əliyev müxtəlif beynəlxalq təşkilatların tribunalarından da istifadə edərək, həm Ermənistanın vandallığını ifşa edib, həm də deyib ki, hazırda ölkəmizin qarşısında işğaldan azad olunmuş ərazilərdə tamamilə dağı­dılmış şəhər və kəndlərin, bütün mədəni və dini abidələrin bərpası kimi nəhəng vəzifə dayanır.

Hazırda bərpa-quruculuq işləri uğurla davam edir. Təbii ki, bu işləri Azərbaycan öz gücü, öz vəsaiti hesabına həyata ke­çirir. Məqsəd isə işləri mümkün qədər tez başa çatdıraraq, köçkün vətəndaşlarımızı ləyaqətli şəkildə doğma yurdlarına qaytarmaqdır. İnanırıq ki, Prezidentimizin dönməz iradəsi bu prosesi də uğurla başa çatdırmağa imkan verəcək.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova

 

 Xarici siyasətin prioriteti

Dövlətin maraqlarını məharətlə müdafiə etmək üçün xarici siyasətin qarşısında duran vəzifələr düzgün müəyyənləşdirilməlidir. Eyni zamanda, məqsədə çatmaq üçün səmərəli və müasir diplomatik mexanizmlərdən yararlanmaq lazımdır. Xarici siyasət kursunun prioritetləri bu prosesdə istiqamətverici rol oynayır. Azərbaycanın xarici siyasət kursunun prioritetləri dövlətin maraqları ilə müasir geosiyasi vəziyyətin xüsusiyyətlərini maksimum dərəcədə nəzərə almağa əsaslanır. Ulu Öndər Heydər Əliyev ölkənin xarici siyasətinin prioritetlərini ən incə məqamları belə nəzərə alaraq müəyyənləşdirib. Ötən illərin təcrübəsi göstərdi ki, Ümummilli Liderin formalaşdırdığı siyasət kursu zamanın bütün tələblərinə cavab verir və çox perspektivlidir. Hazırda Azərbaycanın daxili və xarici siyasət kursu region dövlətləri üçün nümunədir. Ölkə bütün sahələr üzrə davamlı inkişaf edir, beynəlxalq aləmdə onun nüfuzu durmadan artır. Xarici siyasətin prioritet istiqamətlərində əldə edilən uğurlar ümumiyyətlə, daha dinamik diplomatik fəaliyyət göstərməyə imkan verir. Burada ikitərəfli əlaqələrə böyük diqqət yetirilir. Bunlarla bərabər, beynəlxalq təşkilatlarda diplomatik fəaliyyəti gücləndirməyə çox əhəmiyyət verilir. Bu kontekstdə hər şeydən əvvəl Azərbaycanın BMT TŞ-yə üzv seçilməsini göstərmək lazımdır. Ölkə bu nailiyyəti güclü siyasi-diplomatik fəaliyyət nəticəsində əldə edib. Azərbaycan yeni beynəlxalq enerji layihələri hazırlamaqla Avropa ilə Asiya arasında sülh və əməkdaşlıq körpüsü rolunu oynamağa qadir olduğunu nümayiş etdirir. Bu, ölkənin xarici siyasətinin regional inteqrasiyaya böyük töhfələr verdiyini təsdiqləyir. Yeni enerji layihələrinin reallaşması Azərbaycanın regional təşkilatlarda aktiv diplomatik fəaliyyəti fonunda baş verir. Azərbaycan bütün dövlətlərlə bərabərhüquqlu əsasda əməkdaşlıq edir. Diqqətçəkən haldır ki, güclü dövlətlər Azərbaycanın ədalətli mövqeyi ilə hesablaşmalı olublar. Bu, xarici siyasətdə əhəmiyyətli bir məqamı ifadə edir.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Nicat Əhmədzadə

 

Azərbaycan-Özbəkistan ikitərəfli münasibətlərinin intensivliyi

Azərbaycanın xarici siyasətində Türk dövlətləri ilə əlaqələrin möhkəmləndirilməsi hər zaman prioritet istiqamət olub. Ölkə Prezidenti cənab İlham Əliyev istər Türk Dövlətləri Təşkilatı çərçivəsində, istərsə də təşkilata üzv ölkələrlə ikitərəfli formatda dostluq və əməkdaşlıq əlaqələrinin genişləndirlməsini və inkişafını daim diqqət mərkəzində saxlayır. O cümlədən bu gün Azərbaycan-Özbəkistan ikitərəfli münasibətlərinin intensivliyi diqqəti cəlb edir. Cənab Prezident İlham Əliyev son 7 ayda artıq üç dəfə Özbəkistana səfər etmişdir və bu səfərlər zamanı aparılan müzakirələr onu göstərir ki, Azərbaycan-Özbəkistan əlaqələri daha da yüksək səviyyəyə qalxmışdır.

Ortaq tarixə, mədəni mirasa, eyni etnik kökə, dinə sahib Azərbaycan və Özbəkistan arasında münasibətlər son illər yüksələn xətlə inkişaf edir.

Azərbaycan və Özbəkistan arasında diplomatik münasibətlər 1995-ci il oktyabrın 2-də qurulub. Ölkələrimiz müstəqilliklərini bərpa etdikdən sonra – 1996-cı ilin ortalarında Azərbaycanın Özbəkistanda, 1998-ci ilin mayında isə Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb.

Özbək və Azərbaycan xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. İkitərəfli  münasibətlərin inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir. Bu baxımdan Prezident cənab İlham Əliyevin Özbəkistana dövlət səfərləri iki dost ölkə arasında əməkdaşlığın inkişafına mühüm töhfə verir. Həmin səfərlər zamanı iki ölkə arasında 20-yə qədər mühüm sənəd imzalandı. Bu sənədlərin hər biri özü- özlüyündə mühüm əhəmiyyətə malikdir və iki ölkə arasında münasibətlərin geniş spektrini əhatə edir. Özbək xalqı hər zaman Azərbaycanın yanında olmuş, ölkəmizin ərazi bütövlüyünü dəstəkləmiş, öz dost köməyini əsirgəməmişdir. Sevindirici haldır ki, işğaldan azad edilən ərazilərin bərpası işlərində dost Özbəkistan dövləti də yaxından iştirak edir. Füzuli şəhərində Özbəkistan hökuməti tərəfindən hədiyyə olaraq orta məktəb inşa olunacaqdır.  İşlərə artıq başlanıb və növbəti tədris ilinə qədər məktəbin istifadəyə verilməsi nəzərdə tutulub. Azərbaycan bunu çox yüksək qiymətləndirir. Qardaşlıq münasibəti bizim üçün çox qiymətlidir.

Zərdab rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Şahnaz Mustafayeva

 

Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq

Türk dövlətlərini bir-birinə əsrlər boyu mövcud olan tarixi, etnik və dini bağlar bağlayır. Dünyada 200 milyona yaxın türk mənşəli insan yaşayır. Dünya sivilizasiyasına böyük töhfələr vermiş, çoxlu dövlətlər, imperiyalar yaratmış türk xalqları bəşəriyyətə dahi alimlər, mütəfəkkirlər də bəxş edib. Dünyada gedən qloballaşma fonunda türk xalqlarının öz mədəniyyətini qoruması və etnik köklərini unutmaması çox vacibdir.

Ölkəmiz Türk Dövlətləri Təşkilatının təsisçi dövlətlərindən biri kimi daim təşkilat çərçivəsində əməkdaşlığın daha da inkişafı məqsədilə mühüm təşəbbüslərlə çıxış edib. Məsələn, Prezident cənab İlham Əliyev 2014-cü ildə Bodrumda keçirilən Dördüncü Zirvə Görüşü zamanı Türk İnvestisiya Fondunun yaradılması təşəbbüsü ilə çıxış edib.

“Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridi” , bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən IX Zirvə Görüşündə çıxışı zamanı bildirib.

Dövlətimizin başçısı deyib ki, Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq.

“2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayaraq təşkilatımız böyük inkişaf yolu keçmişdir. Türk dünyası 200 milyona yaxın insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat

yollarına və müasir hərbi imkanlara malikdir”, – deyə Prezident İlham Əliyev bildirib.

Türk dünyasının böyük bir ailə olduğunu deyən Azərbaycan Prezidenti qeyd edib: “Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq”.

Türk dünyası bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməlidir. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq.

Zərdab Gənclər evi sosial xidmət müəssisəsinin direktoru Jalə Kərimli

 

Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri aparır

Vətən müharibəsində Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi və rəşadətli Ordumuzun gücü ilə işğaldan azad edilən ərazilərə Böyük Qayıdışın təmin edilməsi hazırda Azərbaycanın gündəliyində duran əsas məsələlər sırasında yer alır. İşğaldan azad olunmuş ərazilər Azərbaycan dövləti və cəmiyyəti üçün müstəsna önəm daşıyır. Bir milyondan artıq qaçqın və məcburi köçkün soydaşımız üç onilliyi əhatə edən bir dövrdə öz doğma yurd yerlərinə qayıtmağın həsrəti ilə yaşayıblar. Artıq işğal dövrü arxada qalıb. Şanlı Zəfərə imza atan Azərbaycan dövləti müharibə bitəndən dərhal sonra işğaldan azad edilmiş ərazilərin bərpasına, burada Böyük Qayıdış üçün zəruri olan infrastrukturun yaradılmasına başladı. Hazırda işğaldan azad edilmiş ərazilər böyük tikinti meydanını xatırladır. Burada paralel şəkildə yollar, tunellər inşa olunur, elektrik, su təchizatı xətləri çəkilir, şəhər və kəndlər bərpa edilir. Eyni zamanda, işğal dövründə erməni vandallarının dağıtdıqları mədəni-dini abidələrimizə ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə ikinci həyat verilir.  Dövlət başçımız  işğaldan azad edilən ərazilərin dünyanın nümunəvi bir məkanına çevriləcəyini bəyan edib. Azərbaycan dövlətinin qarşısında işğaldan azad olunmuş ərazilərin bərpası və oraya Böyük Qayıdışın təmin olunması kimi mühüm vəzifə durur. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün “Böyük Qayıdış” proqramının icrasına başlanıb. Bir neçə ay bundan əvvəl işğaldan azad olunmuş ərazilərdə – Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” konsepti ilə tikilən ilk yaşayış məntəqəsində inşaat işləri tamamlandı və ora ilk sakinlər köçürüldü. Qeyd etmək lazımdır ki, erməni barbarlığı nəticəsində 30 ilə yaxın müddətdə Azərbaycanın işğal olunmuş torpaqları ekoloji terrora məruz qalıb, zəngin yeraltı və yerüstü sərvətləri vəhşicəsinə istismar olunub.

Azərbaycanın Qələbəsi nəticəsində regionda yaranan yeni şərait ölkəmiz və bölgə üçün yaxşı perspektivlər vəd edir. Prezident cənab İlham Əliyevin vurğuladığı kimi, biz tezliklə doğma Qarabağımızı cənnətə çevirəcəyik. İşğaldan azad edilmiş ərazilərdə görülən işlərin, həyata keçirilən tədbirlərin sürətlə aparılması bu qənaətə gəlməyə əsas verir.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova

                                                     

Qarabağ münaqişəsi tarixdə qaldı

Bu gün biz qürurla söyləyirik ki, Ali Baş komandanın rəhbərliyi ilə şanlı ordumuz ermənilər üzərinə qələbəyə nail olub. Qarabağ münaqişəsi tarixdə qalıb. Prezidentimiz  Ali Baş Komandan cənab İlham Əliyevin  də dediyi kimi bu, müharibə dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi. Biz öz torpaqlarımıza qayıdırıq.
İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Biz həmişə bilirdik ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq.  Nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq.  Düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik. Düşməni torpaqlarımızdan qovuldu  və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik.

İki il bundan əvvəl imzalanmış üçtərəfli Bəyannamə çoxillik Qarabağ münaqişəsinə son qoydu. İndi Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində mərhələli addımların atılması dövrüdür. Ölkəmiz tarixi ədaləti, beynəlxalq hüququ və ərazi bütövlüyünü öz gücü ilə təmin etdi. Soçidə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşünün nəticələri respublikamızın növbəti siyasi-diplomatik uğuru oldu.

Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva

 

Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq

Azərbaycanın xarici siyasətində Türk dövlətləri ilə əlaqələrin möhkəmləndirilməsi hər zaman prioritet istiqamət olub. Ölkə Prezidenti cənab İlham Əliyev istər Türk Dövlətləri Təşkilatı çərçivəsində, istərsə də təşkilata üzv ölkələrlə ikitərəfli formatda dostluq və əməkdaşlıq əlaqələrinin genişləndirlməsini və inkişafını daim diqqət mərkəzində saxlayır. O cümlədən bu gün Azərbaycan-Özbəkistan ikitərəfli münasibətlərinin intensivliyi diqqəti cəlb edir. Cənab Prezident İlham Əliyev son 7 ayda artıq üç dəfə Özbəkistana səfər etmişdir və bu səfərlər zamanı aparılan müzakirələr onu göstərir ki, Azərbaycan-Özbəkistan əlaqələri daha da yüksək səviyyəyə qalxmışdır.

Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq. 2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayaraq Türk Dövlətləri Təşkilatı böyük inkişaf yolu keçmişdir. Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Əlbəttə ki, bütün bu potensialınTürk dünyasının birlikdə daha da güclənməsinə yönəldilməsi bu günümüzün ən vacib məsələlərindəndir.

 Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Tavad Qurbanova

 

 Türk dünyası böyük bir ailədir

Türklər, dünyada birdən çox dövlət qurmuş və bu günümüzdə dünyanın da gözünün olduğu coğrafi ərazilərdə hökm sürmüş nadir millətlərdən biridir. Türk xalqları Uzaq Şərqdən Qara dəniz sahillərinədək geniş ərazidə yayılıblar. Mərkəzi, Kiçik Asiya və Qafqazda onlar əhalinin əksər hissəsini təşkil edirlər. Onlar Altay dil ailəsinin türk dil qrupuna mənsubdurlar.

Türklərin ümumi sayı müstəqil türk dövlətlərində 170 milyondan çoxdur. 50 milyon nəfərə yaxını isə Rusiya və Çin ərazisində yaşayır. 80 milyondan çox türk isə dünyanın müxtəlif ölkələrində məskunlaşmışdır. Türk dünyasında təbii artımın orta göstəricisi 2%-ə yaxındır və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir.

Dünyanın fərqli yerlərində böyük sıxıntılar içərisində yaşasalar belə var oluşlarını davam etdirən Türklər bir – birləri ilə heç bir zaman əlaqələrini qoparmayıb və buna görə də mədəniyyət, ənənə olaraq birlikdə, bəzi xoşagəlməz vəziyyətlərlə qarşılaşmalarına baxmayaraq birlik olaraq davam etmişdirlər.

Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri də Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsidir. Dövlətimiz  həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyinə sadiq qalacaqdır.

Gəncliyə Dəstək İctimai Birliyin sədri Vəfa Xəlilli

 

Qarabağ münaqişəsi tarixdə qaldı

 XX yüzilliyin ən faciəli münaqişələrdən biri Azərbaycan – Ermənistan Qarabağ münaqişəsi olmuş və milyonlarla insanın acınacaqlı taleyi ilə nəticələnmişdir.

2019 – cu ildən etibarən Azərbaycanın bütün sülhsevər səylərinə baxmayaraq, Ermənistan destruktiv siyasəti ilə problemin həllini hər nə yolla olursa olsun əngəlləyir, siyasi və hərbi təxribatlar edərək danışıq proseslərini pozmağa çalışır və Azərbaycan ərazilərinin işğalına əsaslanan mövcud status-kvonu davam etdirməklə, müharibə məqsədlərinə nail olmağı düşünür.

2020-ci il iyulun 12-də Ermənistan–Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində təxribat törətməsi, həmçinin, qoşunların təmas xəttində gərginliyi artırması, cəbhə xəttinə yaxın ərazilərdə qoşunlarını cəmləşdirməsi, böyük həcmdə silah-sursat toplaması Ermənistanın genişmiqyaslı hücuma hazırlaşdığını göstərirdi.

2020 – ci il sentyabrın 27-də ermənilər hüquq normalarını yenidən kobud surətdə pozaraq Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutmuşdur. Əhalinin və ərazinin müdafiəsi üçün Prezidentimiz 27 sentyabr 2020-ci il tarixli Fərmanı ilə 2020-ci il 28 sentyabr saat 00:00-dan Respublikanın bütün ərazisində hərbi vəziyyət elan edilmiş, 28 sentyabr 2020-ci il tarixli Sərəncam ilə Azərbaycan Respublikasında qismən səfərbərlik elan olunmuş, hərbi əməliyyatlara hazırlıq və onların keçirilməsinə dair qərarlar qəbul edilmişdir.

Vətən torpaqlarını işğaldan azad edən rəşadətli və müzəffər Ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Ermənistanın silahlı qüvvələri darmadağın edilərək, canlı qüvvə və texnika sarıdan böyük itkilər verərək geri çəkilməyə məcbur olmuşdur. Rəşadətli Azərbaycan Ordusu addım – addım irəliləyərək, Ermənistanın uzun illərlə qurduğu sistemləri yarıb keçmişlər. Torpaqlarımız qəhrəman zabit və əsgərlərimizin, şəhidlərimizin qanı və canı bahasına alınmışdır.

Noyabrın 8 – də Şuşanın azad olunması müharibənin taleyində həlledici rol oynamışdır. Çünki, bunun sayəsində Ermənistan məğlubiyyətini qəbul etmişdir. 2020-ci il noyabrın 10-da imzalanan Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin bəyanatı ilə müharibə Azərbaycanın qələbəsi ilə nəticələnmişdir. Ermənistan kapitulyasiya olunaraq Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur olmuşdur.

Zərdab şəhər sakini fəal gənc Kəmalə Xəlilli

 

Ermənistan işğal zamanı bizim ərazilərimizdə bir milyondan çox mina basdırıb

 Ermənistan 30 ilə yaxın müddətdə işğalda saxladığı Azərbaycan torpaqlarının geniş miqyasını, hətta hərbi təyinatı olmayan torpaqları da minalamışdır. Həmin minaların yerləşdirilməsi nəticəsində Tərtər, Füzuli və Xocavənddə mülki şəxslərin faciəli şəkildə həlak olmasına gətirib çıxarır.

10 Noyabr 2020-ci il tarixli Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası arasında Üçtərəfli Bəyanatda razılığın əldə olunmasına baxmayaraq, Ermənistan minalanmış xəritə və sxemləri təhvil verməkdən imtina edirdi. Sonradan verilən xəritənin isə 75 faizi yanlış idi.

Minalı bölgələr insanların həyatı üçün təhlükə yaratmaqla yanaşı, torpaqlardan səmərəli istifadə işinə də mane olur. Uzun müddətdir ki, ərazilərin minalardan təmizlənməsinə baxmayaraq, davamlı olaraq baş verən mina partlamaları nəticəsində mülki vətəndaşların xəsarət almaları və həlak olma faktları artır. Xatırladaq ki, Füzuli rayonunun işğaldan azad edilmiş Yuxarı Dilağarda kəndində təmizlənməmiş ərazidə tank-əleyhinə minanın partlaması nəticəsində 2 nəfər həlak olub, 1 nəfər yaralanıb. Oktyabrın 1-də Tərtər rayonunda piyada əleyhinə minanın partlaması nəticəsində 2 nəfər ağır yaralanıb. Oktyabrın 2-də Xocavənd rayonunun Tağaverd kəndi ərazisində piyada əleyhinə minanın partlaması nəticəsində daha 1 nəfər xəsarət alıb.

Əlbəttə ki, Ordumuzun mühəndis-istehkam bölmələri azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi istiqamətində fəaliyyətlərini davam etdirir və davamlı olaraq minaların təhlükəsizliyi üçün əllərindən gələni edirlər. Bu yaxınlarda da ermənilər tərəfindən Xocalı rayonunda basdırılmış Ermənistanda istehsal edilmiş piyada əleyhinə minalardan ibarət beş ədəd mina aşkar edilib.

Minatəmizləmə fəaliyyəti nəticəsində sentyabrın 24-ü və 25-i tarixlərində Kəlbəcər rayonu ərazisində və digər istiqamətlərdə 370 ədəd piyada əleyhinə və 9 ədəd tank əleyhinə mina aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

Gəncliyə Dəstək İctimai Birliyin sədri Vəfa Xəlilli