Xəbəraz

Türk dünyası böyük bir ailədir

Türk dünyası böyük bir ailədir

Türk dünyası böyük bir ailədir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 11 Noyabr tarixində Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxışı zamanı bir çox vacib məqamlara toxunmuşdur. Qeyd olunmuşdur ki, Türk Dövlətləri Təçkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi və inkişaf erdirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq. Bildirilmişdir ki, 2009-cu ildə Naxçıvanda keçirilən Zirvə görüşündən başlayaraq Türk Dövlətləri Təşkilatı böyük inkişaf yolu keçmişdir. Nəzərə çatdırılmışdır ki, Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir.
Cənab Prezident Türk dünyasının böyük bir ailə olduğunu bildirərək, bura daxil olan dövlətlərin qarşılıqlı surətdə bir-birinin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməyin xüsusi əhəmiyyət daşıdığını qeyd etmişdir. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığın fəallaşdırmasının vacibliyini vurğulamışdır.
Qeyd olunmuşdur ki, Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır. Xüsusi qeyd olunmuşdur ki,Türk dünyasında gənc nəslin yaşadıqları digər ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur. Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır. Azərbaycan dövləti xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlığının, təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirir. Azərbaycan acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrin heç vaxt kəsilməməsi üçün səylərini davam etdirəcək.
Onu da qeyd etmək lazımdır ki, Türk dövlətləri arasında əlaqələrin möhkəmlənməsində cənab Prezident İlham Əliyevin simasında Azərbaycanın böyük xidmətləri var. Azərbaycan hər zaman türk dövlətləri ilə əlaqələrin möhkəmlənməsi üçün çalışıb, eyni zamanda digər ölkələrlə də mehriban qonşuluq siyasəti yürüdüb.Türkdilli dövlətlərin əlaqələrinin inkişaf etdirilməsi yalnız və yalnız regionun rifahına xidmət edir. Türk dövlətləri arasında mədəni, siyasi, iqtisadi əlaqələr hər zaman yüksək səviyyədə olub və bundan sonra daha da möhkəmlənəcək və Azərbaycan bu əlaqələrin daha da dərinləşməsinə öz töhfəsini verib və bundan sonra da verəcək.

 

Samir Məmmədov
Saatlı rayonu Məzrəli kənd tam orta məktəbin direktoru